Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib Güney Azərbaycan

Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib

Böyük Britaniyanın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiya tətbiq edib.
APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi İranda insan haqlarının pozulması göstərilib.
Xəbərdə Böyük Britaniyanın hazırkı yenilənmiş "qara siyahısı"nda İranın 15 indiki və sabiq rəsmisinin adları öz əksini tapıb. Siyahıda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi, İranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi, Tehranın sabiq prokuroru Səid Mürtəzəvi, Qurbanəli Dəri Nəcəfabadi və digər şəxslərin adları var. Böyük Britaniyanın Maliyyə Nazirliyi öz bəyanatında həmin şəxslərin bu ölkədəki aktivlərinin dondurulmasını və ölkənin maliyyə qurumlarına onlarla hər hansı əməkdaşlığı qadağan edib.
Qeyd edək ki, hazırda Böyük Britaniyanın "qara siyahısı"nda 86 iranlının adı var. Onların arasında Mahmud Abbaszadə Meşkini, Seyid Mürtəza Bəxtiyari, Həmidrza Emadi, Məhəmməd Hüseyni, Məhəmməd Saleh Cokar, Əzizullah Rəcəbzadə, Mahmud Salarkiya və Höccətullah Suri də daxil olmaqla digər tanınmış şəxslərin adları var. Bu siyahı tez-tez yenilənir.