Güney Azərbaycan nağılları Güney Azərbaycan

Güney Azərbaycan nağılları

II yazı

Folklor örnəklərini yaddaşında saxlayan, onu gələcək nəsillərə çatdıran söyləyici bəzən yaddaşındakı örnəkləri unuda da bilər. Folklorşünas Oruc Əliyevin araşdırmasında vurğulanır, bəlkə də bunun əsas səbəbi həmin söyləyicinin boya-başa çatdığı mühitdən uzaq düşməsi ilə bağlıdır. Bu nağılın başqa bir variantı üzərində araşdırma aparan professor Mirəli Seyidov yazır: "Bizcə, xiyar dünya ağacının çevrilmişi, dönmüşüdür. Qız isə dünya ağacının insanlaşmışıdır. Biz yazdıq ki, miflərdə dönmələrə, çevrilmələrə tez-tez tuş gəlmək olur. Diqqət edin, qız nağıl boyu çinarla, bitki ilə ilişgili olur. O, hərdən xiyardan çıxır, hərdən alma ağacı şəklində bitir və s. Göründüyü kimi, qızı qulluqçu çinarın başından vurub salır, qız ölür. Ancaq öldüyü yerdən alma ağacı bitir. (Bəllidir ki, Azərbaycan nağıllarında alma ağacı dünya ağacının bəlgəsi də sayılırmış. Onun bir çox mif suyumu da var). Alma ağacının kiçik bir parçası yenə dönüb həmin qız olur. Deməli, dünya ağacı da insanlaşır. Biz yuxarıda yazdıq ki, dönmələrdə, çevrilmələrdə deyəsən başlıca olaraq şəkil dəyişilir, ruh qalır. Çünki animizmə görə hər nəsnənin ruhu var, ruh qamlığa-şamanlığa görə qutdur, candır. Sözsüz ki, bu görüş qamlığa-şamanlığa animizmdən miras qalıb. Qız alma ağacından özünə dönür, çevrilir. Diqqət yetirin, qız hərdən insan, hərdən ağac, bostan meyvəsi olur. Dünya ağacı alma ağacının insanlaşması onun mif aləmi ilə bağlılığını göstərir"".
Sadə süjetli "Biblican, ha Biblican" nağılı da arxaik elementləri ilə diqqəti çəkir: "Bu nağılı da öz məzmununa görə haqqında danışdığımız nağıllar bölümünə aid etmək olar. Ancaq bəzi epizodları və təhkiyə üslubu ilə fərqlənir:
"Bacı ilə qardaş evlərindən çıxıb gedirlər, yolda susuzlayan qardaş at ayağının, sonra it ayağının yerindən su içmək istəyir. Bacısı onu qoymur. Üçüncü dəfə qardaş dözməyib, ahu ayağının yerindən su içir və dönüb ahu olur. Təsadüfən qızı görən padşah onu alır. Bir gün qarabaş qızın paltarını ələ keçirib, özünü də suya salır. Sonra da qayıdıb gəlir. Padşah arvadının qaralmasına mat qalır, onun qarabaş olduğunu bilmir. Arvadı isə naqqa balığının qarnında doğur. Bir gün qarabaş ahunu kəsdirmək istəyir. Qarabaşı öz arvadı bilən padşah bu işə mat qalır. Ahu dil açıb padşaha deyir ki, gedim dolanım gəlim, sonra məni kəsin. O, hovuza gedib deyir:
- Biblican, ha Biblican
- Biblican qurbanın olsun!
- Asılı qazanlar asılıb,
İtili pıçaqlar itilib,
Qara qarabaş ətimə yerikləyib.
Bu vaxt hovuzdan səs gəlir:
- Biblican qurbanın olsün!
Qara qarabaş atıbdı,
Naqqa balığı udubdu.
Bu hadisə üç dəfə təkrar olunur. Axırda padşah əhvalatdan xəbərdar olur. Padşah arvadını ölümdən qurtarır, kənizi isə əməlinə görə cəzalandırır.
Güney Azərbaycan nağılları arasında "Möcüzəli tapşırıq" süjet tipləri əhəmiyyətli yer tutur. Bu tipli nağıllar sırasında "Qarvəl Qara Məmməd" nağılı da seçilir. Nağılda təsvir olunur ki, keçəl Qaravəl Qara Məmməd bir gün dədəsindən qalma tüfəngi götürüb gecə gözü bir təpə başında bir tərəfində saz çalan, bir tərəfindən işıq gələn canavara rast olur, onu vurub gətirir. Bunu eşidən şah şikarı ondan alır, sonra isə vəzirin tədbiri ilə onu qırx madyan südü gətirməyə, əjdahanın dalınca, daha sonra isə firəng şahının qızını gətirməyə yollayır. Qarvəl Qara Məmməd şahın bütün tapşırıqlarinı yerinə yetirir, axırda təngə gəlib deyir: "Padşah, bilirsən ki, heç bilmirsən, bil və agah ol, biri ki əvvəl elə bir heyvan şikar eliyə ki, bir yanında saz çala, bir yanından işıq gələ, qırx madyanı, əjdahanı tuta gətirə, firəng padşahını bezdirə, qızını ala gətirə, səni də, vəzirini də darmadağın edə bilər. Bu saat mənim şikarımı, qırx madyanımı özümə ver, çıx bu şəhərdən get, ya da gəlib taxtını belinə tabut edəcəm".
Nəzərdən keçirilən nağıllar, eləcə də bir qisim çap olunmuş və ya olunmamış bəzi nağıllar üzərindəki müşahidələr göstərir ki, Güney Azərbaycan nağıllarında da arxaik motiv və elementlər əsas yer tutur: "Bu nağıllar həm də daha çox dil özəllikləri, təhkiyə üslubu, söyləyicilik ənənələri ilə seçilir. Əgər Quzey (Şimali) Azərbaycan nağıllarında "...biri var idi, biri yox idi" formulu işlənirsə, Güney Azərbaycan nağılları üçün "bir gün varidi, bir gün yoxidi" başlanğıc formulu xarakterikdir: "Bir gün varidi, bir gün yoxdu, günlərin bir günündə bir padşah varidi". Bu başlanğıc formulları bəzən daha təmtəraqlı, ahəngdar olur: "Gün o günidi ki, zaman o zaman idi, sərçə pəhlivan idi, yaylıq ağaca dırmaşırdı, kəpənək saz çalırdı, tısbağa darayı toxuyurdu" .
Güney Azərbaycan nağıllarının final formulları da bəzi özəllikləri ilə seçilir. Məsələn: "Padşah bunun nənəsini də öldürər, özünü də. Yeyər-içər mətləbinə yetişər"; "Padşah oğlu ilə Fatmaxanım uzun illər ömür sürdülər, yeddi oğlan, iki qız sahibi oldular... Su içdi, yerə keçdi, sən sağ, mən də salamat"; Onlar illər boyu xoş günlərlə yaşadılar, mən də sizə xəbər gətirdim". Bu fomulların köməyi ilə nağılçı dinləyiciləri nağıl aləmindən real aləmə gətirir, qəhrəmanların sərgüzəştlərini danışıb, dinləyicilərə xəbər gətirdiyini bildirir.
Professor Tofiq Hacıyev "Şəki folklorunun dil özəllikləri haqqında bir-iki söz" adlı məqaləsində yazır: "Nitqdə tipik, regional əlamət deyəndə canlı danışığa məxsus fonetik hadisələr nəzərdə tutulmur. Məsələn, ədəbi dildəki "qızlar" yerinə "qızdar", "narlar" yerinə "narrar", "başla" yerinə "başda", "işləyir" yerinə "işdəyir" kimi tələffüz xüsusiyyətləri bütün folklor zonalarının dilində ucdantutma tətbiq olunmalıdır. Burada seçmə yoxdur. Seçmə deyildiyi kimi, ancaq koloritli dil faktlarından olur. Bu baxımdan şəkililərin şifahi yaradıcılığında koloritli dil xüsusiyyətləri nələri əhatə edir? Şəkililərin dilində diqqəti çəkən birinci kolorit xüsusi ritmi, melodiyası olan qəribə bir intonasiyadır. Bu intonasiyaya görə şəkililərin dili nəinki Azərbaycan türkcəsinin başqa şivələrindən, hətta bütün türk dillərindən fərqlənir. Bu intonasiyanm analoqu yoxdur. Elə bil şəkililər bu intonasiyanı özlərinə məxsus yumorun donu kimi biçiblər, sonra yumor yayıldıqca, kütləviləşdikcə, hər şəkilinin evini, hər bir yaşdan olan şəkilini əhatə etdikcə bu intonasiya onların məişətinin bütün sahələrində ünsiyyətini əhatə edib".
Araşdırmaçı bu qənaətə gəlir ki, Güney Azərbaycan folklorunun, eləcə də nağıllarının dilində də daha çox diqqəti çəkən kolorit xüsusi ritmli intonasiyanın olmasıdır: "Belə ki, Güney Azərbaycan nağılları təhkiyə üsulu, dialoqların, təsvirlərin özünəməxsus ritmi, ahəngi ilə seçilir. Məsələn, "Bu nənə, bu yol durar gələr, az gələr, çox gələr, gələr bu padşahın evini tapar"; "Yenə bir gün arvad gedər devinin yanma, deyər: Nə sən gözəl, nə mən gözəl, illah ki, ağa döv gözəl!"; "Döv deyər: "Nə sən gözəl, nə mən gözəl, illah ki Narxatın gözəl!"
"Deyər: Vay küçük oğlu, Narxatını eşikdə ötürdüm, əl çəkmədin?";
Qarı səsləndi: Adam, nə adamsan?
Dedi:
-Mənəm, aç nənə.
Qarı acıqlandı, dedi:
-Get, köpək oğlu!.. Nə tez qayıtdm? Get özünə çörək qazan. Qapını açmaram.
Qaravəl Qara Məmməd dedi:
-Aç nənə, bir zad şikar eləmişəm ki, bir yanında saz çalır, bir yanında çıraq yanır, daha çıraq yandırmayacaqsan";
"Bacı deyər:
- Qardaş, amandı, içmə! Ahu olarsan.
Qardaş deyər:
- Ölsəm də, qalsam da gərək bundan içəm. Başlar sudan içər. Olar bir dənə ahu. Bu yazıq bacı götürər ahunu da salar yanına, oturar dağ başında"; "...Aya deyər sən çıxma, mən çıxım, Günəşə deyir, sən çıxma mən çıxım, həb yerinə atsan, noğul yerinə atsan, yeddi ildən sonra nəşəsi atanın evini yıxar". Güney Azərbaycan nağıllarının toplanılması və süjet bölümləri üzrə Quzey Azərbaycan nağılları ilə müqayisəli şəkildə nəzərdən keçirilməsi bütövlükdə Azərbaycan nağillarının dərindən və sistemli şəkildə araşdırılmasina yol açmış olur.
Uğur