İranda türkləri təhqir edənlər mükafatlandırdı Güney Azərbaycan

İranda türkləri təhqir edənlər mükafatlandırdı

Keçən ilin noyabrında Güney Azərbaycan türklərini təhqir edən jurnalistlər İranın İrşad və Mədəniyyət Nazirliyinin "Firdovsi Dərnəyi" tərəfindən mükafatlandırılıblar.
Bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat "Fitilə" qrupunun "uşaq və yeniyetmələr üçün ən yaxşı proqram hazırlayan" veriliş nominasiyası ilə mükafatlandırıldığını bildirib.
Xatırladaq ki, keçən ilin noyabrında İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə" verilişində Azərbaycan türkləri təhqir olunub. Televiziyada təqdim edilən komediyada diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Bundan cəmi bir neçə gün sonra Güney Azərbaycanın demək olar ki, bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Nəticədə yüzlərlə insan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Əhalinin etirazlarına Güney Azərbaycandan olan bir sıra deputatlar da qoşulub.
"Tərh-i No" qəzeti isə iyulun 20-də dərc etdirdiyi bir məqalə ilə Azərbaycan türklərini təhqir edib.
Belə ki, Əbülqasim Firdovsinin "Şahnamə" poemasının qəhrəmanlarının dili ilə türklər "bədbəxt", "pis irq" kimi təqdim olunublar. Məqalədə müəllif azərbaycanlılara qarşı "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür" - sözlərindən istifadə edib
Sözügedən qəzetin Süleyman Əfşar Tikabi adlı milliyətcə Azərbaycan türkü olan müxbiri Firdovsinin əsərindən bir hekayə nəşr edib. Hekayədə türklərə qarşı təhqiramiz ifadələrə yol verilib. Təhqirə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilib.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Respublikasındakı təmsilçisi Nəbi Soytürk bildirib ki, əgər bu təhqiramiz hərəkət ilk dəfə baş versəydi, buna başqa cür yanaşmaq, başqa cür təhlil etmək olardı: "Amma bu hal İran kütləvi informasiya vasitələrində silsilə şəklində baş verdiyi üçün insanı başqa cür təhlillər aparmağa vadar edir. Bilirsiniz ki, ötən ilin noyabrında televiziyada "Fitilə" proqramı nümayiş olundu. Həmin proqramda türklər başqa bir şəkildə təhqir olundular.
Ondan qabaq dəfələrlə olub. Amma ən kobudu 2006-cı ilin may ayında "İran" qəzetində olub. Bu təhqirlər silsilə şəkildə baş verir və heç kim cəzalandırılmır. Hətta bəzi hallarda təhqir edənlərin işi bir az da yaxşılaşır, mükafatlandırılırlar. Bu da onu göstərir ki, bu təhqirlər adi bir şey deyil. Hardasa müəyyən qüvvələr tərəfindən verilən sifarişləri yerinə yetirirlər".
Nəbi Soytürk qeyd edib ki, budəfəki təhqirə güney azərbaycanlı millət vəkilləri yaxşı reaksiya veriblər: "Təbrizin, Urmiyənın millət vəkilləri, Urmiyənin şəhər şurasının üzvləri nisbətən yaxşı reaksiya verdilər. Ondan sonra Təbrizdə, Urmiyədə etiraz aksiyası keçirildi. Ərdəbildə təhlükəsizlik qüvvələri bir qədər imkan vermədilər, amma Urmiyə və Təbrizdə keçirildi. Bu da sosial şəbəkələr vasitəsilə öncədən təyin olunmuş vaxtda və yerlərdə keçirildi. Məlumatlar var ki, sabah yenə də böyük şəhərlərdə etiraz aksiyaları keçiriləcək".
GAMAC rəsmisi qeyd edib ki, şahidlərin verdiyi məlumata görə, Təbrizdə və Urmiyədə onlarla insan həbs olunub: "Ancaq onlardan hələlik cəmi iki nəfərin kimliyi müəyyənləşib. Bunlar Huşəng Nəqiliduz, Ruqəyya Əlinizadədir. Tutulanlar barədə hələlik heç bir məlumat yoxdur. Hələlik heç saxlanıldıqları yer də bəlli deyil. Naməlum istiqamətə aparıblar".