İranda həbsxanada toqquşma baş verib Güney Azərbaycan

İranda həbsxanada toqquşma baş verib

Üç güneyli siyasi məhbus da daxil olmaqla bir neçə nəfər xəsarət alıb

İranda həbsxanada toqquşma baş verib. APA-nın HRAZ-a istinadən məlumatına görə, hadisə aprelin 17-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və "Sepah"ın kəşfiyyat orqanının əməkdaşlarının əsasən siyasi məhbusların saxlanıldığı Tehranın Evin həbsxanasının 350-ci bəndində keçirməyi planlaşdırdıqları yoxlama zamanı baş verib.
Məhbusların yoxlamaya mane olmağa çalışmaları tərəflər arasında qarşıdurmaya səbəb olub. Yüzdən çox məmurun məhbuslara hücum edərək onları döydükləri və müxtəlif bədən xəsarətləri yetirdikləri bildirilir. Eyni zamanda məmurların 32 siyasi məhbusu əlləri qandallı və yaralı vəziyyətdə sürüyərək həbsxananın 240-cı bölümünün təkadamlıq kameralarına saldıqları qeyd olunur. Ad və soyadları bəlli olan məhbuslardan bir çoxunun vəziyyətinin ağır olduğu vurğulanır. Onların arasında üç azərbaycanlı siyasi məhbusun da adı çəkilir. Doktor Əsədullah Əsədinin ağır yaralandığı, musiqiçi İsmayıl Bərzigərinin qabırğalarının qırıldığı, jurnalist Səid Mətinpurun isə rezin dəyənəklə döyüldüyü bildirilir.