Səid Mətinpurun həyat yoldaşı da aclıq aksiyasına başlayıb Güney Azərbaycan

Səid Mətinpurun həyat yoldaşı da aclıq aksiyasına başlayıb

Ətiyyə Tahiri: "Evin zindanının 350-ci korpusuna hücum xəbərini eşidəndən şokdayam"

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 7 ilə yaxındır Tehranın Evin zindanında saxlanan tanınmış fəal Səid Mətinpurun xanımı Ətiyyə Tahiri yoldaşına göstərilən təzyiqə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Ətiyyə Tahiri aclığa aprelin 19-da həyat yoldaşının həbsxanada döyülməsi və təkadamlıq kameraya köçürülməsi xəbərini eşidəndən sonra başlayıb. Ətiyyə Tahiri "Facebook" səhifəsində yaydığı yazıda həyat yoldaşına və digər siyasi məhbuslara göstərilən zorakılıqdan şoka düşdüyünü bildirib: "Mən bu xəbəri eşidəndən şokdayam. Tehranın Evin zindanının 350-ci korpusuna hücum edilib. Həmin korpusda saxlanan həyat yoldaşıma və digər siyasi məhbuslara zorakılıq tətbiq edəndən sonra onları təkadamlıq kameraya köçürüblər. Mən Səidin durumundan və səhhətindən çox nigaranam".
Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında toqquşma baş verib. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) və "Sepah"ın kəşfiyyat orqanının əməkdaşlarının əsasən siyasi məhbusların saxlanıldığı Tehranın Evin həbsxanasının 350-ci bəndində axtarış aparmaq istəsələr də, məhbuslar buna mane olmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Yüzdən çox məmurun məhbuslara hücum edərək onları döydükləri və müxtəlif bədən xəsarətləri yetirdikləri bildirilir. Eyni zamanda məmurların 32 siyasi məhbusu əlləri qandallı və yaralı vəziyyətdə sürüyərək Tehranın Evin həbsxanasının 240-cı bölümünün təkadamlıq kameralarına saldıqları qeyd olunur. Ad və soyadları bəlli olan məhbuslardan bir çoxunun vəziyyətinin ağır olduğu vurğulanır. Onların arasında üç azərbaycanlı siyasi məhbusun da adı çəkilir. Belə ki, doktor Əsədullah Əsədinin ağır yaralandığı, musiqiçi İsmayıl Bərzigərinin qabırğalarının qırıldığı, jurnalist Səid Mətinpurun isə rezin dəyənəklə döyüldüyü bildirilir. Artıq İ.Bərzigəri Tehranın Evin həbsxanasının 350-ci bəndinə geri qaytarılıb.
Xatırladaq ki, S.Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. S.Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.
Ə.Əsədi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2010-cu il iyulun 12-də həbsə alınıb və Təbriz İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən düşmən ölkələrlə əlaqədə günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. Ə.Əsədi həbsdə saxlanıldığı müddətdə ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb.
Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ.Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.