Azərbaycanlı fəallar türkcə kitab alma kampaniyasına başlayıb Güney Azərbaycan

Azərbaycanlı fəallar türkcə kitab alma kampaniyasına başlayıb

Güney Azərbaycanda yeni dərs ili ərəfəsində türkcə kitab alma kampaniyasına başlanıb.
Bu barədə azərbaycanlı öyrənci və milli fəallar Azərbaycanın "Traxtur" futbol komandasının milyonlarla tərəfdarı ilə birlikdə çağırış mətni yayaraq kampaniyaya başlayıblar.
Fəallar Güney Azərbaycan türkləri və İranda şovinist rejimin zülmü altında yaşayan bütün türk ellərini yeni dərs ili ərəfəsində türkcə yazılmış müxtəlif kitablar almağa çağırıb. Məqsəd türk dili və kimliyimizi qorumaq, həmçinin türk yazıçılar, nəşriyyat və kitab mağazalarına dəstək verməkdən ibarətdir.
Güney Azərbaycan Öyrənci Hərəkatının saytında yayılan məlumata görə, dəyərli Azərbaycan türk milləti və milyonlarla "Traxtur" tərəfdarına xitabən yazılan çağırış bəyanatında bir çox önəmli məqama toxunulub.
Bəyanatının başlanğıcında qeyd olunub ki, YUNESKO Təşkilatına görə ana dilində yazıb-oxumağı bilməyən bir şəxs savadsız hesab olunur.
"Qacar hökuməti çökdükdən və antitürk Pəhləvi rejimi oturuşduqdan sonra, təxminən bir əsrdir ki, İranda türk dilində təhsil almaq və onun tədrisi qadağan edilib. Hazırkı dövrdə isə bu məsələ İran Konstitusiyasının 15-ci maddəsinə ziddir və İranda 40 milyonluq türk cəmiyyətinin narazılığına səbəb olub.
Məktəblərdə türk dilinin tədris olunması İrandakı türk milləti, xüsusi ilə də milyonlarla "Traxtur" tərəfdarının əsas tələblərindən biridir. Ona görə də bu komandanın səhənd stadionu, Tehran və digər şəhərlərdə keçirdiyi görüşlərdə oyunun 15-ci dəqiqəsində "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə" şüarı səsləndirilir və konstitusiyanın 15-ci maddəsinin icrası tələb olunur.
İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması barədə vəd verib, lakin verilən vədin üstündən 5 il keçməsinə baxmayaraq bu istiqamətdə hər hansı addım atılmayıb.
Azərbaycanlı öyrənci və milli fəallar İran coğrafiyasında başlayacaq yeni dərs ili ərəfəsində türk milləti və "Traxtur" tərəfdarlarının tələblərini nəzərə alaraq "türkcə kitab alma kampaniyası"na başlandığını elan edir.
İranda yaşayan bütün türk milləti, mədəni "Traxtur" tərəfdarları, sosial şəbəkə istifadəçiləri və bütün fəallardan kampaniyaya qoşularaq "Traxtur" oyununun 15-ci dəqiqəsində səsləndirilən şüarın reallaşmağına yardım etmələri xahiş olunur"- deyə bəyanatın bir hissəsində qeyd olunub.