Azərbaycanlı fəalların kitab paylama tədbiri davam edir Güney Azərbaycan

Azərbaycanlı fəalların kitab paylama tədbiri davam edir

Ərdəbildə təhsil müəssisələrinin açılışı günü başlayan kitab paylama tədbiri davam etdirilir.
Sentyabrın 23-də İran və Güney Azərbaycanda yeni dərs ili başlayıb. Həmin gün Ərdəbilin müxtəlif məntəqələri, xüsusən də məktəblərin önündə Azərbaycan türkcəsində kitablar paylanılıb. Fəallar kitab paylamaqla yanaşı ətrafdakı soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri şərh ediblər. Fəallar soydaşlarımızla danışarkən təhsil sistemi ilə əlaqədar mütərəqqi ölkələrinin sistemini misal çəkiblər.
Tədbir sentyabrın 24-də də davam etdirilib. Məlumata görə, bir neçə fəal məktəblərə gedərək əvvəldən hazırlanmış türk dilində kitabları şagirdlərə hədiyyə edib. Məktəblilər dərs otağında belə bir hədiyyəni qəbul etməkdən sevinc hissi keçiriblər.
Azərbaycanlı fəallar ana dilində təhsillə bağlı Beynəlxalq Ana Dili Günü ərəfəsində də oxşar tədbirlər keçirir. Məqsəd İranda təkdilli təhsil sisteminin fars şovinizminin ideyalarına xidmət etdiyini göstərmək və ana dilində təhsil tələbi irəli sürməkdir.
Ərdəbilli fəallar digər şəhərlərin fəalları kimi, yeni dərs ili ərəfəsində kitab və vərəqələr paylamaq, həmçinin divarlara şüar yazmağa təkid edirlər, prosesin bir həftə davam edəcəyi vurğulanır.
Ölkə əhalisinin təxminən 40 faizini təşkil edən Azərbaycan türkləri İranda ən ibtidai hüquqlarından məhrumdur, onların ana dilində təhsil almasına imkan verilmir. İran rejiminin irqçi siyasəti geniş etirazlara səbəb olsa da, təəssüflə bu zəmində hələlik heç bir nəticə əldə olunmayıb.