Azərbaycanlı fəallardan 4-nün məhkəmə iclası keçirilib Güney Azərbaycan

Azərbaycanlı fəallardan 4-nün məhkəmə iclası keçirilib

Təbrizin inqilab məhkəməsində 4 nəfər azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib.
Avqustun 5-də (mordadın 14-də) Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsində azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xətibi mühakimə olunub.
Milli-mədəni fəal sosial şəbəkələr vasitəsi ilə sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub.
Adını çəkdiyimiz fəal bundan öncə dəfələrlə təzyiqlərə məruz qalıb və yaxalanıb. O Urmu gölü etirazları və həmçinin Təbrizdə "Traxtur" futbol takımının birinci Asiya oyunları ərəfəsində "Yanar" kafesində tutulan fəallar arasında olub.
Həmçinin iyunun 10-da (xordadın 20-də) Təbrizdə tutulan fəallardan bir neçəsinin birinci məhkəmə iclası keçirilib. Avqustun 4-də (mordadın 13-də) Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsində Mir Yasin Seyid Hüseyni, Nima Abbaspur və Əkbər Əbulzadənin ittihamlarına baxılıb. Məlumata görə, müttəhimlərin ikisi məhkəmə iclasında hazır olmayıb. Növbəti məhkəmə iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, adını çəkdiyimiz fəallar daha bir neçə fəalla birlikdə iyunun 10-da (xordadın 20-də) Təbrizin Abrəsan meydanında tutuqlanıblar. Onlar dövlətin Urmu gölü böhranına diqqət yetirmədiyi səbəbi ilə etiraz aksiyası keçirərkən yaxalanıb və bir neçə gün sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıblar.