Yürüş Mehrəlibəyli sərbəst buraxılıb Güney Azərbaycan

Yürüş Mehrəlibəyli sərbəst buraxılıb

İranda Azərbaycan milli kimliyi uğrunda apradığı dinc mübarizəyə görə azadlıqdan məhrum edilmiş Ayət (Yürüş) Mehrəlibəyli Culfa şəhərinin həbsxanasından sərbəst buraxılıb.
AZOH--ın məlumatına görə, İran qanunlarına əsasən azərbaycanlı fəala 5 gün müddətinə məzuniyyət verilib.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) Y.Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edib. O, Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Y.Mehrəlibəyli Tehranın Evin həbsxanası və Kərəcin Rəcayişəhr zindanı da daxil olmaqla indiyədək əsasən Təbriz Mərkəzi Həbsxanasında saxlanılıb.
Azərbaycanlı fəal İran təhlükəsizlik orqanlarının ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq bu il aprelin 15-dən etibarən 35 günlük aclıq aksiyası keçirib. Azərbaycanlı siyasi məhbus İran rəsmilərinin onun Culfa şəhər həbsxanasına köçürülməsini qəbul etmələrindən sonra aclığı dayandırmağa razılaşıb.