Əhməd Obalıdan İqbal Ağazadəyə sərt ittihamlar Güney Azərbaycan

Əhməd Obalıdan İqbal Ağazadəyə sərt ittihamlar

"Onun narazılığına səbəb odur ki, dedikləri olmur"

"Sürgündə Güney Azərbaycan Parlamentinin yaradılması ilə bağlı müraciətin yayılmasından bir neçə saat sonra Bakıdan partiya liderlərindən biri məni təhqir etməyə çalışdı. Bu müraciətin səbəbkarının mən olduğunu düşünən partiya lideri olduqca təhqiramiz ifadələr işlətdi və məni məhv edəcəyinə söz verdi".
Bunu GünAz.TV-nin rəhbəri Əhməd Obalı Teleqraf.com-a açıqlamasında bildirmişdi.
Bu açıqlamadan sonra Teleqraf.com-un əməkdaşı Əhməd Obalını kimin təhqir etməyini öyrənməyə çalışdı və bir sıra millət vəkillərinin məsələ ilə bağlı mövqeyini öyrəndi.
Məsələyə münasibət bildirərkən, millət vəkili İqbal Ağazadə Əhbəd Obalının ünvanına sərt ifadələr işlədib: "Əhməd Obalı DAK-ı parçaladığı kimi, Mühacir Güney Azərbaycan Parlamentini də parçalamaq istəyir. Onun bu fəaliyyəti Güney Azərbaycanla bağlı milli mücadiləyə zərbədir. Sürgündə Güney Azərbaycan Parlamenti yaradılması ideyası bu ilin mart ayında Danimarkada yaradılıb. Əhməd Obalının məlum müraciətinə Mahmudəli Çohrəqanlıdan başqa məşhurlardan heç kəs imza atmayıb".
Bu ittihamlara reaksiya verən Əhməd Obalı Teleqraf.com-a bildirib ki, bu il Danimarkadakı toplantıda 15 nəfər Güneylidən ibarət olan tərkiblə razılaşıb və Güney Azərbaycan Parlamentinin yaranmasını qərara alıblar: "Parlamentinin yaranması üçün ümumi bir çağırış olmalı və hər kəs ora dəvət olunmalıdır. Ən əsas vəzifəmiz o idi ki, yer və tarix bəlli olsun. Daha sonra İqbal Ağazadənin göstərişi ilə bəzi dostlar yaradılacaq Parlamentə sədr təyin etdilər, Parlament yaranmadan ona nizamnamə hazırladılar. Biz etiraz etdik ki, bunun adını Partiya qoymaq olar, amma Parlament qoymaq olmaz".
Əhməd Obalı qeyd etdi ki, bu məsələnin arxasında deputat İqbal Ağazadə dayanır: "Onların bu məsələdən əl çəkmədiklərini gördükdə biz bildirdik ki, artıq bu məsələdə onlarla davam etmirik. Daha sonra bəlli oldu ki, bu məsələnin arxasında İqbal Ağazadə dayanır. Halbuki Parlament məsələsi olan zaman mən Danimarkada hər kəsin önündə İqbal Ağazadəyə dedim ki, siz bu məsələyə qarışmayın. İcazə verin biz Güneylilər öz Parlamentimizi yaradaq və fəaliyyət göstərək. İqbal Ağazadə razılaşdı. Lakin 2 həftə sonra İqbal Ağazadə bildirdi ki, mən Güney Azərbaycan Parlamentində olmalıyam".
GünAz.TV-nin rəhbərinin sözlərinə görə, DAK-ın başına gələn bəlalardan bir çoxları dərs almayıb: "Bakıdan bir neçə nəfər gəldi və orada iqtidar-müxalifət davası düşdü, nəhayət, DAK parçalandı. Hakim partiyanın və yaxud müxalifətin deputatı bu işə qarışmamalıdır. Əgər bir Parlament yaranmayıbsa, onun parçalanmasından danışmağın mənası nədir? Parlamentin mənası var. Orada iqtidar, müxalifət və qruplar olmalıdır. İqbal Ağazadə bunu qəbul etmir. Onun bu hərəkəti ümumimilli mənafeyimizin ziyanınadır. İqbal Ağazadə 5 nəfəri alıb yanına və deyir ki, yox hamını dəvət edə bilmərik. Biz təyin edəcəyik ki, kim gəlir, ya yox".
Əhməd Obalı bildirdi ki, 6 bənddən ibarət bəyanamə hazırlayıblar: "Bəyanaməni 70 nəfər imzalayıb. Bizim məqsədimiz odur ki, Parlament azad, demokratik olsun. İqbal Ağazadə Parlamentin demokratik olmasına mane olur. İstəyir onun dedikləri olsun. İqbal Ağazadə, sən Güney məsələsində bu qədər maraqlısan və yardım etmək istəyirsənsə, səsini çıxarmadan, hay-küy yaratmadan yardımı edə bilərsən".
GünAz.TV-nin rəhbəri vurğuladı ki, deputat İqbal Ağazadə Parlamenti yaratmaq istəyənləri hədələyir: "İqbal Ağazadə mənə zəng edib, təhqir etdi. Bildirdi ki, həm siyasi, həm də fiziki baxımdan məni yerlə-yeksan edəcək. Hər kəsin qarşısında bu məsələyə qarışmayacağını bildirdiyi halda, nəyə görə toyxanadan mənə zəng edib təhqiramiz sözlər deyir? Nədir İqbal Ağazadəni təşviq edən ki, Güneylilərin işinə mane olur? Bəyanaməyə 70 nəfər imza atıb. Onlardan biri mənəm. Mən geri çəkilsəm, İqbal Ağazadə qalan 69 nəfərin hamısınamı təzyiq edəcək?"
Əhməd Obalının sözlərinə görə, Güney məsələsini heç kim oyuncağa çevirə bilməz: "Bu tipli danışıqlarla belə insanlar Milli Məclisdə necə deputat olur? O, hədələməklə mən geri çəkilən deyiləm. İranın deputatı 10 ildir məni hədələyir. Əgər qorxsaydım, ondan qorxardım. İqbal Ağazadə özü bu işə qarışıbsa, birdəfəlik başa düşməlidir ki, Günüy məsələsi oyuncaq deyil. Yox, hər kimsə İqbal Ağazadəni bu işlərə qarışdırıbsa, onlar da başa düşməlidir ki, biz oyuncaq deyilik. Özlərinə ayrı oyuncaq tapsınlar. İqbal Ağazadə siyasətlə irəliyə addımlamaq istəyirdisə, o zaman bizim yazımızı oxuyardı və fikirlərini bildirə bilərdi. Yazıya iradı yoxdur. Onun narazılığına səbəb odur ki, dedikləri olmur. Bəyannaməyə heç bir irad yoxdursa, mən niyə hədələnməliyəm?".