Urmulu siyasi dustağın 14 il həbs cəzası İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib Güney Azərbaycan

Urmulu siyasi dustağın 14 il həbs cəzası İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib

İranın Ali Məhkəməsi Tehranın Şəhid Beheşti Universitetinin tələbəsi Hamid Qaraoğlaninin 14 il bir ay həbs cəzasını qüvvədə saxlayıb.

Siyasi məhbus ötən ilin dekabrında Urmu İnqilab Məhkəməsinin iki hakimi tərəfindən 14 il bir ay həbs cəzasına, üçüncü hakim tərəfindən isə edam cəzasına məhkum edilmışdı.

Ali Məhkəmə, ilk iki hakimin həbs qərarını qüvvədə saxlayıb və beləliklə, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, Həmid Qaraoğlani ən çox 14 il həbs cəzasına məhkum edilib.

27 iyun 2020-ci ildə Urmuda tutuqlanan hamid qaraoğlani bu ilin yanvar ayında işinə yenidən baxılması üçün müraciət etmişdi.

Hamid Qaraoğlani ağır epilepsiya xəstəliyindən əziyyət çəkir və həkimlərin ona yazdığı dərmanlar ailəsi tərəfindən zindana çatdırılsada, zindan məsulları dərmanların siyasi məhbusa verilməsinə əngəl törədirlər.

Bununla yanaşı məhbusun hər 6 aydan bir beyin və sinir mütəxəssisi tərəfindən müayinə və müalicə olunmalı olduğuna baxmayaraq, zindan məsulları onun zindandan qıraqda müalicəsinə icazə verməyiblər.

Siyasi məhbusun bacısı haniyə qaraoğlani iki gün öncə (17 fevral) Amerikanın Səsi radiosunun fars bölümünə verdiyi müsahibədə Urmu(Urmiya) həbsxanasının həkiminin məhkumun xəstəliyi ilə bağlı biliyi olmadığına görə Hamidlə görüşməkdən imtina etdiyini söyləyib. Hamidlə bir seans keçirən başqa bir psixiatr isə onun emosional vəziyyətini qiymətləndirmək əvəzinə ona siyasi baxışları barədə suallar verib.

Xatırladaq ki, Urmu şəhərinin İnqilab Məhkəməsi H.Qaraoğlaniyə qarşı "ali dini lideri təhqir etmək", "sistemə qarşı təbliğat aparmaq" və "İslam Respublikası sisteminə qarşı silahlı üsyançı qrupa üzv olmaq" ittihamları irəli sürüblər.

Amnesty International Hamidin hazırda mühacirətdə olan iki qohumunun “Xalq Mücahidləri Təşkilatı” ilə əlaqəsi olduğuna görə uzunmüddətli həbs cəzasına məhkum edilməsindən narahatlığını ifadə edib.

Azərbaycanlı məhbus ötən ay İran məhkəmə sisteminin başçısı İbrahim Rəisiyə yazdığı açıq məktubda özünə qarşı irəli sürülən ittihamları rədd edib. O, təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən irəli sürülən ittihamlarla bağlı qondarma etiraflar vermək üçün zorakılıq və işkəncələrə məruz qaldığını söyləyib.

Beynəlxalq Əfv Təşkilatının buildirdiyinə görə, Hamid Qaraoğlaninin məhkəməsi ədalətsiz aparılıb və o vəkillə təmin olunmayıb. Bir neçə gün bundan öncə təşkilat yayınladığı bəyanatda “Hamid Qaraoğlani müalicə olunmasa sağlamlığında daha ciddi və təhlükəli fəsadlar baş verə bilər” deyə, siyasi məhbusun durumundan narahatlığını ifadə edib.

Gunaz.tv