İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq" Güney Azərbaycan

İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq"

İranda yaşayan ermənilər qondarma soyqırımın anım tədbirlərinə hazırlaşır. Tehran bələdiyyəsi şəhərdə, xüsusilə Kərimxan bölgəsində yerləşən Sarkis kilsəsi ətrafında mürtəce məzmunlu plakatlar asıb.

“Tarix təkrar olur, Osmanlı Türkiyəsi tərəfindən erməni soyqırımının 106-cı ildönümü”, “24 aprel ermənilərin Osmanlı Türkiyəsi tərəfindən soyqırıma uğradığı gündür”-rejim məsullarının icazəsi ilə asılan plakat və banerlərdə belə yazılıb.

Baner və plakatların üzərində Şuşanın Qazançı kilsəsinin rəsmi də təsvir olunub.

Görünən odur ki, bu il hakimiyyəti Türkiyə və Azərbaycanın acığına qondarma soyqırımla bağlı anım tədbirlərinin daha geniş şəkildə keçirilməsinə çalışacaq.

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, İran rejiminin bu hərəkəti artıq təəccüb doğurmur: “Bu bir daha göstərir ki, İran adlanan ölkə sözdə müsəlman dövlətidir, əməldə isə ariançılıq siyasətini həyata keçirir.

Faiq Ələkbərli Turan (@FaiqKb) | Twitter

Çünki fars şovinistlərinə görə, ermənilər də Hind-Avropa irqindən olub, onlarla eyni etnosa mənsubdur. Bu baxımdan sözdə müsəlman farslar xristian ermənilərə daha çox dəstək verirlər. Üstəlik, eyni dindən olan Azərbaycan və Türkiyə türklərinə isə özlərinin potensial düşməni kimi baxırlar.

Məhz bu faktordan çıxış edən fars-molla rejiminin başında dayananlar Ermənistan və ermənilərə hər bir zaman dəstək olublar. Bunu, onlar Azərbaycan Ermənistan arasındakı müharibə dövründə rəsmi İrəvana bu və ya digər formada dəstək verməklə, ya da sözdə erməni soyqırımı məsələsinə geniş şərait yaratmaqla ortaya qoyublar”.

Tanınmış alim hesab edir ki, İran rejimini qəzəbləndirən 44 günlük müharibədə Azərbaycanın qalib çıxması və bu müharibədə Türkiyənin rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləməsidir: “Molla rejimi Azərbaycan-Türkiyə birliyini həzm edə bilmədiyi üçün də, birbaşa olmasa da dolayı yollarla Ermənistan və ermənilərə dəstəyini gücləndirir. Bu baxımdan sözdə erməni soyqırımı ərəfəsində bunu, İran adlanan ölkə daxilində Türkiyənin əleyhinə bir kampaniyaya çevirməyə başlayıb.

Hesab edirəm ki, rəsmi Tehranın bu qeyri-islami addımları Güney Azərbaycan türklərinin, ümumiyyətlə bu bölgənin türk xalqlarının geniş etirazına səbəb olacaq. Ümid edirəm ki, molla rejiminin bu çirkin addımları özünün əleyhinə çevriləcək.

Eyni zamanda, sözdə erməni soyqırımı məsələsində həm Güney Azərbaycan və Quzey Azərbaycan türklərinin Türkiyənin yanında daha güclü şəkildə dayanacağına qətiyyən şübhə etmirəm. Artıq oyun kartları açıq şəkildə oynanılır ki, Bütöv Azərbaycan və Türkiyənin həm döyüş cəbhəsində, həm də siyasət meydanında birliyinin güclənməsi qaçılmazdır.

Molla rejiminin əsas narahat edən məsələ, Ermənistanın zəifləməsi və erməni yalanların ifşa olunmasından sonra növbəti hədəfin onların olacağıdır. Ona görə də rəsmi Tehran əlindən gələni edir ki, Ermənistanı ayaq üstə tutsun və erməni yalanlarını da qoruyub saxlaya bilsinlər. Ancaq bütün hallarda erməni yalanları kimi, molla rejiminin də axırına bir şey qalmayıb”.

Ayxan

Gunaz.tv