19:18
854
“Euronews” gələn ay Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü iclası (WUF13) barədə reportaj hazırlayıb.
APA xəbər verir ki, reportajda dünyada bir milyarddan çox insanın qeyri-adekvat bölgələrdə yaşadığı və WUF13-ün bu problemin həlli istiqamətində mühüm platforma olduğu diqqətə çatdırılıb.
Reportajda qeyd olunur ki, WUF13 ölkələr üçün təcrübə mübadiləsi və şəhər inkişafı sahəsində ideyaların müzakirə edilməsi üçün mühüm platformadır.
“Azərbaycan ev sahibi kimi məskunlaşma sahəsində, xüsusilə postmünaqişə dövründə yenidənqurma məsələləri ilə bağlı öz təcrübələrini bölüşəcək”,- reportajda deyilir.
Eyni zamanda, Azərbaycanda məskunlaşma sahəsinin yenidənqurma ilə sıx bağlı olduğu bildirilib.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Euronews”a müsahibəsində məqsədin sadəcə ev tikmək yox, həm də əhali üçün doğmalıq atmosferinin yaradılması olduğunu deyib.
“Doğmalıq hissi insanları yaşamağa, ictimaiyyətə bağlayır”, - o qeyd edib.
Emin Hüseynov məskunlaşma prosesində evlərin tikilməsi ilə yanaşı, iş yerlərinin açılması, sosial həyatın və iqtisadi rifahın təmin olunmasının əhəmiyyətindən danışıb.
Reportajda işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların da fikirlərinə yer verilib.
Belə ki, onlar azad edilmiş ərazilərə ilk dəfə gəldiklərində evlərlə yanaşı, marketlərin, ictimai-iaşə obyektlərinin və digər həyati əhəmiyyət daşıyan infrastrukturun əlçatan olduğunu deyiblər.
Sakinlər məhv olmuş yaşıllıqların yerində yeni ağacların əkildiyini, yeni parkların salındığını və abadlıq işlərinin aparıldığını qeyd ediblər.
Reportajda Azərbaycanın Böyük Qayıdış proqramının uğurlu icrasının müxtəlif cəhətləri də vurğulanıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov hazırda Şuşada 1400 nəfərin - 377 ailənin yaşadığını deyib.
Reportajda dünyada mənzil təminatının qlobal problem olaraq qaldığı və WUF13-də müzakirələrin inklüziv siyasətlər, əlçatanlıq və davamlı şəhər inkişafına yönələcəyi diqqətə çatdırılıb.