Şahin Mustafayev: “Şimal–Cənub” dəhlizi üzrə tranzit daşımaların həcmi 23 faiz artıb İqtisadiyyat

Şahin Mustafayev: “Şimal–Cənub” dəhlizi üzrə tranzit daşımaların həcmi 23 faiz artıb

2026-cı ilin ilk iki ayı ərzində “Şimal–Cənub” dəhlizi üzrə tranzit daşımaların həcmi 23 faiz artıb.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

"Xüsusilə dəmir yolu daşımalarında 61 faiz, avtomobil daşımalarında isə 13 faiz artım qeydə alınıb ki, bu da dəhlizin artan rolunu və ona olan tələbatı təsdiqləyir", - o bildirib.

O qeyd edib ki, Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi prioritet istiqamətlərdən biridir. Bildirilib ki, koridorun rəqəmsallaşdırılması istiqamətində birgə səylər göstərilir və bu, bütün marşrut boyunca logistika proseslərinin əhəmiyyətli dərəcədə sürətlənməsinə imkan verəcək.

Vurğulanıb ki, Azərbaycan 2024-cü il tarixli Hökumətlərarası Saziş çərçivəsində nəzərdə tutulan bütün işləri tam şəkildə icra edir.

"Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsi başa çatdıqdan sonra 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi ən azı 5 milyon ton olacaq, sonrakı mərhələdə isə bu göstərici mərhələli şəkildə 15 milyon tona çatdırılacaq".