Vətən uğrunda canından keçən ölməz! Güney Azərbaycan

Vətən uğrunda canından keçən ölməz!

1950-1980-ci illər Güney Azərbaycan şairlərinin yaradıcılığında ümid mövzusu bilavasitə yer alıb və bu sənətkarların arasında eləsini tapmaq mümkün deyil ki, o əsərlərini ümid işığı ilə mənzərələməsin. Ustad Şəhriyardan, Səhənddən, Savalandan, Sönməzdən tutmuş 1970-ci illərdə yaradıcılığa başlayan gənc şairlərə qədər hamı ümid anlayışının insana yalnız xeyir gətirdiyini vurğulayır.
Abbas Bariz "Bəzi ağlı gözündə olan qızların dilindən" şei¬rində də cahil insanların avam adamların beyninə yeritdikləri pis vərdişlərdən və onların həmin adamların gələcək həyatını hansı uçurumlara sürükləyə biləcəyindən söhbət açır. Söz yox ki, dahi Sabirin "Oğlumuz ay Xansənəm bir yekə pəlvan imiş" şeiri hər kəsə tanışdır. Qəflət yuxusunda yatan cahil valideynlərin oğlan övladları günahsız, fəqir, zəif adamları əzib-tökərkən mane ol¬maq əvəzinə ləzzət almasından, elm oxumaq əvəzinə xoşagəlməz işlərlə məşğul olmasından zövq almasını tənqid edən şair eyni zamanda bu cür axmaq vərdişlərin bir sıra insanların şüurunda, düşüncəsində yer almasını da gözəl bir şəkildə təsvir edib. Abbas Bariz də "Bəzi ağlı gözündə olan qızların dilindən" şeirində isə indiki zamanda ağlı gözündə olan qızların məhz; "oğlan gərək qadın yosunlu, laləsifət olsun ki, mən ona ərə gedim",- düşünən qızları tənqid edir və bu cür vərdişlərin də xalqın həyatına soxulmasını, nə qədər ağır olsa da kövrək, eyni zamanda poetik lövhələrlə etiraf etməyə məcbur olur:

Anacan, qoy məni öz sevdiyim oğlana gedim,
Döndərən bağrımı bir laləsifət qana gedim.
Neçə ildir o, mənim bağrımı büryan eləyib,
Gecə-gündüz işimi naləvü əfğan eləyib,
Ay inamsız, görürsən eşqi nə divan eləyib?
Az qalır mən də düşüm kühü-biyabana gedim,
Anacan, qoy məni öz sevdiyim oğlana gedim.
Getmərəm özgəyə, çəksəz də əgər darə məni,
Özgənin haqqı nədir eyləyə avarə məni?
Ya kəsin başımı, yainki verin yarə məni,
Ya qoyun baş götürüm bir yerə, bir yana gedim,
Anacan, qoy məni öz sevdiyim oğlana gedim.
Ucaboy bir cavan oğlandı məni dərdə salan,
Gəzəsən dünyanı olmaz elə bir duzlu cavan,
Bənzəyir qılmana, insan demək olmaz, anacan,
Sən də görsən, deyəcəksən ki, o qılmana gedim,
Anacan, qoy məni sevdiyim oğlana gedim.
Sən mənim sevgilimi kefli olanda görəsən,
Keflənib sübhə kimi çöldə qalanda görəsən,
Mən görən halda, əyər o zamanda görəsən,
Sözün olmaz, desəm ol sərvi-xuramana gedim,
Anacan, qoy məni sevdiyim oğlana gedim.

Abbas Bariz bu şeirdə ağlı gö¬zündə olan qızlara bu müstəvidən yanaşıb, onları satira atəşinə tutub. Bir qisim insanların hələ indinin özündə də kor-koranə inandıqları bir sıra mövhumi vərdişləri; yuxarıda qeyd olunduğu kimi caduya, pitiyə inanmaq, falçıya, ekstrasensin yanına getmək, bir yerə gedərkən qarşısına qara pişik çıxarkən geriyə qayıtmaq və yaxud "filan adamın ayağı ağırdır, mənə düşmür", - deyə başına gələn nəsə xoşagəlməz əhvalatın səbəbini onunla bağla¬maq, 13 rəqəmini nəhs hesab eləmək, bazar ertəsinə ağır bir gün kimi baxmaq, bir yeri ağrıyanda və yaxud işi düz gətirməyəndə "mənim üçün əməl eləyiblər",- fikirləşmək, birinin başına bir xoşagəlməz hadisə gələrsə, "filan günahı ucbatından oldu",- demək və ilaxır mövhumi vərdişləri çıxmaq şərtilə xalq adət-ənənələrimiz bəlkə də başqa xalqların adət-ənənələrini yüksək mənəviyyat göstəricilərinə görə kölgədə qoya bilər. Məsələn: Azərbaycan xalqında olan qonaqpərvərlik başqa heç bir xalqda yoxdur. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Güney Azərbaycanın hər guşəsində bir evə qonaq gələrkən bütün kənd onun pişvazına çıxır və onlarca ailə başçısı "Bu gecə də qonağı mən evimdə müsafir eləməliyəm"-deyir.
Yuxarıda qeyd olunduğu kimi, qonaqpərvərlik Güney Azər¬baycanda daha parlaq bir adətdir və şübhəsiz ki, güneyli şairlər, o cümlədən 1950-1980-ci illərdə yazıb-yaradan şairlər xalqın mənəviyyatının ən billur göstərici olan qonaqpərvərliyi əsərlərin¬də yeri gəldikcə tərənnüm ediblər. Xalqın adət-ənənələrinə, təbiətinə, xarakterinə, düşüncə tərzinə, milli-mənəvi dəyərlərinə dərindən bələd olan dahi şair Şəhriyar şübhəsiz ki, bu nəcib adətə biganə qala bilməzdi.
Şəhriyarşünas alim Esmira Fuad "Söz sərrafı Şəhriyar" kita¬bının "Şəhriyar poeziyasında xalq həyatı" bölməsində yazır: "Şair öz kəndinin timsalında göstərir ki, Xoşginablıların bir günü də qonaqsız keçmir. Burda hər kəsin süfrəsi qonağın üzünə açıq¬dır. Heç bir əyər-əskiyi qonağa sezdirməyən ev sahibləri qapısını açan hər kəsə bacardıqca öz hörmət və diqqətini göstərər. Atasının da bu nəcib xüsusiyyəti daşıdığını "Heydərbaba"dakı bir beytdə məharətlə ifadə edib:

Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi.

Şəhriyar, Lomidzenin də dediyi kimi eldə, obada hər ev sahibinin – "özünəməxsus tərzdə", öz ənənə və vərdişlərinə, milli mərasimlərinə uyğun büruzə verdiyi bu nəcib keyfiyyətlə öyünür:

Xoşginab seyyidinin ömrü qonaqsız keçməz,
Qonağın burda gərək qarnı yeməkdən dəlinə.

Xalq adət-ənənələrinin içində özünə toxunulmaz məqam tutmuş adətlərdən biri də ağsaqqala, ağbirçəyə, böyüyə hörmətdir. Xalqımız daima ağsaqqala, ağbirçəyə, yaşlı adama ölçüyəgəlməz bir ehtiramla yanaşıb, böyük görərkən ayağa durub, böyük sözünü qanun hesab edib, böyük sözündən çıxanı, böyüyə qulaq asmayanı səfeh hesab edib. Təsadüfi deyil ki, bu barədə kifayət qədər atalar sözləri, zərb misallar, el məsəlləri var. "Böyüksüz yer məzardır", "Böyüyün sözünə qulaq asmayan ulaya-ulaya qalar" və sair kimi məsəllər xalqımızın böyüyə olan intəhaqsız rəğbətini bəyan edir. Eldə-obada əgər bir qızı, ona elçi düşən oğlana vermirlərmişsə, daha doğrusu, qızın atası elçilərə rədd cavabı verirmişsə, el ağsaqqalının bircə kəlmə sözüylə bu nigaha razılaşırmış. Xalqımız ağbirçəklərə də ağsaqallar qədər hüsnü-rəğbət göstərib, bəzi hallarda ağbirçəyə ağsaqallardan da artıq, ölçüyəgəlməz bir şəkildə itaət göstəriblər.
"Xalqımızın həyatından bəhs edən bir çox əsərlərdən görün¬düyü kimi, Azərbaycan türkünün evində həmişə böyüyün, ağ¬saqqalın sözü qanun olub, süfrənin ən mötəbər yeri onun üçün ayrılıb. Ağsaqqal, ağbirçək - kəndin yolgöstərəni əziz tu¬tulub, elin başçısı sayılıb, yığıncaq və məclisləri idarə edib. Şəhriyar bu qəbil insanlardan olan ata-anasına, Səid Fəxriyyəyə, Həsən Təqvimiyə, Nənəqıza (əmisi qızı) ithafən yazdığı əsərlərdə bu xüsusiyyətlərə toxunur: "Bizi başsız qoyub getdin deyirlər yaru yoldaşlar".
Nənəqız əmqızını nəsil karvanına yol göstərən hesab edən şair, bu abirçək qadının öz söy¬kökünə mənsub gendaşıyıcıları üçün nə dərəcə əziz, önəmli olduğuna diqqəti cəlb edir:

O bizim karvana dan ulduzu hökmündə imiş,
O da batdı ki, dayanma, daha karvan köçdü.

Şəhriyarşünas alim Esmira xanım Fuadın "Söz sərrafı" əsə¬rində təhlil edib göstərdiyi kimi xalqın elə bir adət-ənənəsi, elə bir milli dəyəri, elə bir mənəviyyat göstəricisi yoxdur ki, ustad Şəhriyar ona toxunmasın.
Azərbaycan xalqı, qeyd olunduğu kimi milli dəyərlərə olduqca bağlı bir xalqdır. Milli dəyərlər də deyildiyi kimi, xalqın genetik yaddaşına həkk olunmuş, eyni zamanda xalq adət-ənənələrinə hopmuş keyfiyyətlərdir. Böyüyə hörmət, kiçiyə qayğı, qonşunun qeydinə qalmaq, yüksək dərəcədə qonaqpərvərlik, qeyrət, yetim başına sığal çəkmək, ehtiyacı olana yardım göstər¬mək, dosta olan sədaqət, eyni zamanda vətənpərvərlik, torpaq, yurd sevgisi. Genində həqiqətən azərbaycanlı qanı axan hər bir kəsdə torpaq, yurd sevgisi o qədər güclüdür ki, o əgər doğulduğu torpağı məcburiyyət qarşısında qalaraq tərk etməyibsə, yəni öz torpağına qayıtmağı mümkünsə, hökmən ölərkən həmin torpaqda ölmək istəyir, vəsiyyət edir ki, onu mütləq doğulduğu, boya-başa çatdığı torpaqda basdırsınlar. Təsadüfi deyil ki, istər Quzey, istərsə də Güney Azərbaycan şairlərinin yaradıcılığından ilk növbədə ümumi vətən, sonra torpaq, yurd sevgisi olduqca mühüm yer tutur:

Ömrün günü bir güldü ki, axır solacaqdır,
Ancaq əməlin bəhrəsi daim qalacaqdır.
Ayrılma elindən, könül, ayrılma bir an da,
Elsiz yaşanmaz bil ki, şərafətli cahanda.
Hər kim ki, ürəkdən vətəni sevdi əzəldən,
Bir nəğməyə çevrildi adı, düşmədi dildən.
Məsləksiz olan kimsə vətənçün də düşünməz.
Şur olmazsa, bülbül o çəmənçün də düşünməz.
Sən söyləmə sərdarı ölüm gücdü, apardı.
Qüdrətli igid qollarını güclə qopardı.
Yox, indi vətən torpağının gül-çiçəyindən,
Hər lalənin həsrət dolu yanmış ürəyindən.
Qeyrətli mücahid qanının ətri saçır bax,
Qoynunda əziz saxlayır öz oğlunu torpaq.
Ölməz! Vətən uğrunda canından keçən ölməz!
Azadlıq üçün bil ki, qanından keçən ölməz!
Çarpış el üçün, qoy sənə qansız deməsinlər,
Atma vətəni, qoy sənə cansız deməsinlər.
Sərdar döşünü xalqı üçün eylədi səngər,
Odlar elinə arxalanıb oldu müzəffər.
Karvan kimi aylar dolanıb, getsə də illər,
Könlündə yaşatdı yenə də Sərdarı ellər.
Ölməz! Vətən uğrunda canından keçən olməz!
Azadlıq üçün bil ki, qanından keçən ölməz!

İsmayıl Cəfərpurun bu şeiri vətən həsrəti, torpaq sevgisi ilə boyanıb. Şair burda "Sərdar" deyərkən, Sərdari-milli Səttar¬xanı nəzərdə tutur və vətəni, torpağı sevməkdə öz oxucusunu ona oxşamağa çağırır. Yəni vətənpərvər insan hər an Səttarxan kimi vətən, torpaq, xalq yolunda ölməyə, asılmağa, kəsilməyə hazır olmalıdır. Adət-ənənələrinə xor baxan insanlardan şübhəsiz ki, hansısa milli dəyər və yaxud vətən, tor¬paq sevgisi gözləmək olmaz. İsmayıl Cəfərpur haqlı olaraq vətən uğrunda canından, azadlıq yolunda qanından keçənləri ölməzliyə, əbədiyyətə qovuşdurur. Məhz buna görə də xalq adət-ənənələ¬rindən söhbət açarkən hökmən vətən, torpaq, yurd sevgisindən, azadlıq uğrunda mübarizədən danışmaq lazımdır. 1950-1980-ci illərdə yazıb yaradan güneyli şairlərdə isə bu məziyyətlər daha qabarıqdır, onlar sanki öz sələflərindən daha çox, daha iddialı şəkildə azadlığa, milli istiqlala doğru can atırlar və bu onların yaradıcılığında necə deyərlər, hər addımbaşı özünü göstərir.

Vüqar Əhməd
professor