3 azərbaycanlı fəalın ittihamları elan edilib Güney Azərbaycan

3 azərbaycanlı fəalın ittihamları elan edilib

Dünya Ana Dili Günü ilə əlaqədar saxlanılıb və sonra vəsiqə qarşılığında sərbəst buraxılan 3 azərbaycanlı milli-mədəni fəal məhkəməyə çağırılıb.
Əmin Hacilu, Araz Xasse Təraş və İslam ƏliƏkbərli aprelin 13-də (fərvərdinin 24-də) Xoy şəhərinin İnqilab Məhkəməsinə çağırılıb və ittihamları elan olunub.
Azərbaycanlı fəallar hakim (qazı) Nicatinin qarşısında özlərini müdafiə edib və Dünya Ana Dili Günü mərasimi ilə bağlı fəaliyyətlərinin mədəni xarakter daşıdığını diqqətə çatdırıblar. Fəallar bu məsələyə təhlükəsizlik məsələsi kimi baxılmasının yalnış olduğunu vurğulayıb. Hakim Nicati isə Dünya Ana Dili Günü ilə bağlı hərhansı bir icazəsiz mərasimin keçirilməsini qanunsuz adlandırıb və fəalları sistemin əleyhinə təbliğdə günahlandırıb. Hakim bildirib ki, mərasim keçirmək üçün qanuna müraciət etmək lazımdır.
Bu zəmində xatırlatmaq lazımdır ki, Dünya Ana Dili Günü mərasimi ilə bağlı qanuna müraciət edən soydaşlarımız heç nəyə nail olmayıb və onlardan bir neçəsi təzyiqə məruz qalıb. Tehranda mərasim keçirmək üçün icazə almağa xüsusi cəhd göstərən Əlirza Fərşi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və hələ də Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Gələcək günlərdə fəalların məhkəmə prosesinin davam etdiriləcəyi bildirilir.
Xatırladaq ki, Əmin Hacilu, Araz Xasse Təraş və İslam ƏliƏkbərli fevralın 28-də (1393-cü il isfəndin 9-da) hər biri 10 milyon tümənlik mülki vəsiqə qarşılığında Xoy şəhərinin zindanından sərbəst buraxılıb.
Fəallar fevralın 17-də (1393-cü il bəhmənin 28-də) təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdur.