Rasim Musabəyov Avropa oyunları barədə İdman

Rasim Musabəyov Avropa oyunları barədə

"Xərc çəkmədən dividend əldə etmək mümkün deyil"

Bakıda keçiriləcək Avropa Oyunlarında bütün nümayəndə heyətlərinin xərcini Azərbaycanın çəkəcəyi ilə bağlı xəbər məndə də ilkin olaraq neqativ reaksiya yaratsa da, dərindən düşündükdən sonra etiraf etmək lazım gəlir ki, bu çəkiləcək ümumi xərclərin çox az faizini təşkil edir və bu, məqsədəuyğundur.
Bu barədə millət vəkili Rasim Musabəyov özünün Facebook profilində yazıb.
Millət vəkili qeyd edib ki, iştirakçıların sayı və yarışların növlərinə görə Bakıda keçiriləcək oyunlar Soçidə keçirilmiş Qış Olimpiadasına bərabər olsa da, Avropa oyunlarına çəkiləcək xərclər Soçidə çəkilən xərclərdən 10 dəfə azdır.
"Məlum məsələdir ki, Avropa oyunlarının keçirilməsi üçün müraciət neftə olan yüksək qiymət zamanı, gəlirlərin çox olduğu bir vaxtda edilmişdi. Əgər xərclərin çoxu artıq çəkilibsə, işi son mərhələdə yarımçıq qoymaq və ya xərclər smetasının ən az olan hissəsində qənaət etmək lazım deyil. Ən əsası, Avropa Oyunlarının bütün aspektlərdə uğurunu təmin etməkdir", - R.Musabəyov yazıb.
Millət vəkili vurğulayıb ki, olimpiadalar, dünya və Avropa çempionatları, bu tip digər yarışlar təkcə böyük miqyaslı turnir deyil, bu həm də kommersiya və imic layihələridir.
"Təşkilatçı ölkə belə yarışların keçirilməsindən dividentlər əldə etməyə çalışır. İdman qurğuları, infrastruktur, otellər yarışlardan sonra hələ uzun müddət şəhərin və ölkənin xeyrinə işləyəcəklər. Maliyyə uğuru isə televiziya yayım hüququndan əldə edilən gəlirlərin və turistlərin cəlb edilməsindən asılı olur. Bu həmçinin də məsələnin imic tərəfi olur", - R.Musabəyov daha sonra yazıb.
Onun fikrincə, əcnəbi nümayəndə heyətlərinin nəqliyyat və yaşayış xərclərini öz üzərinə götürməklə Bakı həm bütün ölkələrin iştirakını, həm də ən tanınmış idmançıların gəlişini təmin etmək istəyir.
"Axı məhz ən güclü atletlərin iştirakı televiziya auditoriyasını cəlb edə bilər. Bu halda dünyanın nüfuzlu teleşirkətləri yarışın açılış və bağlanış mərasimindən, o cümlədən yarışlardan yayım üçün daha çox pul ödəyərlər. Bizim paytaxtı isə 100 milyonlarla insan görə bilər. Belə olan halda Avropa oyunlarından gələn dividend çəkilən xərcləri kompensasiya etməklə, həm də əlavə gəlir gətirə bilər".