I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti İdman

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Bakida I Avropa Oyunlarının keçirilməsinə qısa bir zaman qalıb. Əvvəlcə qeyd edək ki, bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkili, bunun üçün zəruri şəraitin təmin olunması və öz müasir sosial, iqtisadi və idman infrastrukturu ilə dünyanın aparıcı ölkələri ilə müqayisə oluna biləcək səviyyədədir. Ekspertlərin rəylərinə əsasən, Azərbaycanda mövcud imkanlar istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir.
Xatırladaq ki, I Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Paytaxtımız 6 mindən artıq idmançını qəbul edəcək. Yarışda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Tədbirdə 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib.
Qeyd edək ki, bu tədbirlə bağlı həm ölkə daxili, həm də ölkə xaricində qarayaxma kampaniyası aparılır. Tədbiri Azərbaycana heç bir xeyir verməyən əhəmiyyətsiz addım kimi dəyərləndirənlər də var. Amma müxtəlif eksperlər I Avropa Oyunlarının Azərbaycana istənilən istiqamətdə yazlnız xeyir verəcəyini deyirlər. Onu da nəzərinizə çatdıraq ki, I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti kənardan daha yaxşı müşahidə oluna bilər. Bunu nəzərə alaraq müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla söhbətləşdik. Onların yaşadıqları ölkələrdə bu barədə hansı məlumatların yayıldığını, məsələyə necə yanaşıldığı ilə maraqlandıq. Xaricdə yaşayan soydaşlarımız I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti barədə nə düşünürlər?
Niderlandda yaşayan soydaşımız, Azərbaycan, Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov bildirdi ki, bu cür tədbirlərin Azərbaycanda keçrilməsi ölkəmizin adının dünya mediasında vaxtaşırı hallanması deməkdir. Onun fikrincə, bu isə öz növbəsində Azərbaycanın tanıdılması baxımından çox önəmlidir: "Bu, həm də idmana maraq göstərən hər kəsin diqqəti bütövlükdə ölkəmizə yönəlməsi deməkdir. Oyunlar ərəfəsində ölkəmizə çoxsaylı turistlər gələcəyinə də şübhə yoxdur. Qeyd etdiyim kimi, bu ərəfədə dünya, xüsusən Avropa mətbuatında ölkəmizlə bağlı çoxsaylı xəbərlərə, yazılara, veriliş və süjetlərə rast gəlmək olur. Niderland mətbuatı da bundan kənar deyil. Təbii ki, bunların içərisində həm də tənqidi fikirlərə də rast gəlmək mümkündür ki, bunda da qeyri-adi bir şey olmadığını düşünürəm. Hesab edirəm ki, bu cür tədbiri Azərbaycanda keçrilməsini öhdəsinə götürən rəsmi Bakı bütün bunların olacağını da hesablamamış deyildi. Xüsusən Avropa oyunlarının ilk dəfə keçrildiyini nəzərə alsaq, marağın daha artıq olacağını da bilmək o qədər çətin deyildi. Əlbətdə arzu olunandır ki, bu oyunlardan bizim gözləntilərimiz reallaşsın, Azərbaycanın tanıdılması baxmından".
İsveç Kista bələdiyyəsinin sosial şöbəsinin rəisi, Yaşıllar Partiyası nəzdində Dilna Məhkəməsinin hakim köməkçisi, Avropa Azərbaycanlıları Konqresinin üzvü Leyla Kiani bildirdi ki, adətən hər hansı beynəlxalq tədbirin reklamı İsveçdə tədbirə təqribən 2 həftə qalmış aparılır: "Hətta bu ay keçiriləcək "Avrovizia" mahnı yarışmasının təbliği başlayıb. I Avropa Oyunlarına hələ müəyyən qədər vaxt var. Adətən İsveç idmançıları dəvət aldıqları bütün beynəlxalq yarışlara qatılırlar. Mən lobbi fəaliyyəti ilə məşğul olduğuma görə iş yerimdə, üzvü olduğum Yaşıllar Partiyasında, isveçli dostlarım arasında təbliğat aparıram və bu barədə məlumat verməyə davam edirəm. Avropa Oyunları ilə maraqlananlar çoxdur, gəlmək üçün bilet tapmağa çalışırlar. Üstəlik dəvətnaməni də əldə etmək o qədər də asan deyil. Düşünürəm ki, bu, böyük bir yenilikdir".
Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi dedi ki, "Bakı-2015" yarışları Avropa üçün bir yenilikdir: "Ümidvaram ki, I Avropa Oyunları gözəl bir nəticə verəcək və davamlı olacaq". O bildirdi ki, Azərbaycanın təbliğində 2012-ci ildə Bakıda keçirilən "Eurovizon" musiqi yarışması böyük rol oynadı: "İnanıram ki, ilk Avropa Oyunları da Azərbaycanın təbliğində mühüm rol oynayacaq. Torpaqlarımızın işğal olunmasına baxmayaraq bu problemin sülh yolu ilə həll edilməsinə çalışmağımız və sülhsevər xalq olduğumuz bir daha avropalılara çatdırılacaq. Eyni zamanda, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olmasını dünya xalqları əyani şəkildə görəcəklər". Səfər Sadiqi əlavə etdi ki, "Birinci Avropa Oyunlarına gələcək idmançılar və turistlər Azərbaycanın inkişafını, güclü iqtisadiyyata malik olmasını, Bakımızın gün-gündən gözəlləşməsini öz gözləri ilə görəcəklər". Səfər Sadiqi rəhbərlik etdiyi qurumun Birinci Avropa Oyunları ilə bağlı Danimarkada təbliğat işləri həyata keçirdiyini də diqqətə çatdırdı: "Cəmiyyətimiz tərəfindən Avropa Oyunları geniş təbliğ olunur. Bu oyunlara danimarkalıların maraqları böyükdür. Onlar ilk Avropa Oyunlarını yüksək qiymətləndirir və bu məqsədlə Bakıya gəlmək arzusunda olduqlarını bildirirlər. Danimarkalılarla Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları barədə danışanda onların cavabı belə olur: "Hazırda bu Oyunlar üçün bilet əldə etməyə çalışıram. Həm Oyunlara baxmaq, həm də Bakını görmək istəyirəm". Cəmiyyət sədri qeyd etdi ki, adətən belə yarışmalar, tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və bir körpü rolunu oynayır: "Avropa Oyunları da belə yarışmalardan olacaq".
Simferopolda yaşayan soydaşımız Arifə Muxtarova bildirdi ki, Bakıda keçiriləcək I Avropa Oyunları öz müsbət təsirini göstərəcək: "Bəlkə də bu, bütün Avropa üçün yaddaqalan hadisə olacaq və böyük dönüş etmiş olacaq. I Avropa Oyunları Azərbaycanı dünyaya tanıdacaq".
Digər soydaşımız, Xarkov şəhərində yaşayan Kifayət Cəfərova isə dedi ki, Xarkovdan Avropa Oyunlarına gəlmək istəyənlərin sayı çoxdur: "Bu istəklər reallaşsa, çox məmnun qalarlar. Azərbaycana paxıllıq edənlərin sayı artacaq. Ziddiyyət olmasa inkişaf olmaz, dialektikanın qanunudur. İnanıram ki, I Avropa Oyunları da Azərbaycanın tarixində silinməz izlər buraxacaq".
İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmet Elpin fikrincə, I Avropa Oyunları adımızın dünyaya çatdırılması baxımından da müsbət və düşünülmüş bir addımdır:"Millət və mədəniyyət olaraq tanınmaq, özünü tanıtmaq lazımdır".
Rusiyanın paytaxtı Moskvada yaşayan soydaşımız, Yenises.ru saytının baş redaktoru Tünzalə Vəliqızı diqqətə çatdırdı ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, yarışmanın ilk məşəlinin Odlar ölkəsində yandırılması şansının bizə verilməsi özü bir tarixi başlanğıcdır: "Hər bir başlanğıclar isə özündən sonrakı sıralanmalara yol açır. Fikrinmcə, bu böyük əhəmiyyətli hadisədir. 2012-ci ildə "Avroviziya" yarışmasına ev sahibliyi edərək bu tipli yüksək yarışmaları keçirmək mədəniyyətinə qalib olduğumuzu göstərməklə, Avropanın etimadını qazanmış olduq. 2012-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının qəbul edilməsi məhz bu etimaddan doğandır. Digər tərəfdən hər bir yarışmaya hazırlıq zamanı Bakı yenilənir. Yeni saraylar, idman kompleksləri tikilir. Azərbaycan neft ölkəsi olmaqla bərabər turizm üçün cəlbedici bir diyardır. İlk baxışda Dağlıq Qarabağ problemi ilə tanınan və sərhədlərindən güllə səsi gələn ölkədə qeyri-sabitliyin hökm sürdüyü təəssüratı yaranır. Bu da ölkəmizə gəlmək istəyən yadellini təbii ki, əndişələndirər. Lakin belə tədbirlər tam tərsini sübut etməklə ölkəmizə turist axınına şərait yarada bilər. Bundan isə büdcəmiz qazanar".
O, dedi ki, hər bir beynəlxalq tədbirin - bu siyasətdən uzaq deyilən, mahnı, idman yarışması olsa belə - özündə siyasi çalar daşıdığı danılmazdır: "Qarabağ problemi ilə üz-üzə qalan və artıq üçüncü onilliyi haqlayan bir müddətdə haqq səsimizin hələ də tanınmadığı bir zamanda belə yarışmalar bir növ "gəlin-görünə" şəarit yaradır. Təhlükəsizliyinə, stabilliyinə zəmanət verilməyən bir ölkədə belə bir böyük tədbirlər keçirilməsi, insanların gəlib bizim yerləri görüb, tanıması təsəvvürlərdəki yanlış düçüncələri alt-üst etməyə qadir olacaq, qonşu düşmənlərimiz tərəfindən tanıdıldığımız (onlar məzlum, biz qəddar kimi) yanlış streotipləri qıracaq gücünə malik olmasından önəmli nə ola bilər ki?! Əvvəlki sualda da dediyiniz kimi, "bunun ölkəmizə nə verə bilər və nə verəcəyi" prizmasından baxsaq, təbii ki, mən bu tədbiri Azərbaycan adının tanınması və tandılmasına verilən ən əlverişli fürsət kimi dəyərləndirirəm. 2012-ci ildə "Avrovoziya" yarışması keçiriləndə də "Lazımmı, deyilmi" kimi ikibaşlı suallar meydana çıxmışdı. Siyasi yöndən baxsaq, dünyanın 50-yə yaxın ölkəsinin idmançılarının bu yarışmada iştirakı və 20 dövlət başçısının ölkəmizə edəcəyi səfər bizi dünyanın gündəminə gətirəcək... "Avroviziya"dan sonra yaşadığımız Rusiya və paytaxt Moskvadan ölkəmizə səfər edənlərin sayı nə qədər artıb. Bakını görüb gələnlər təkrar bizim yerləri görmək, bizim insanın qonaqpərvərliyindən, milli adət-ənələrimizdən tutmuş, milli mətbəximizin təamlarından dadmaq üçün yenidən geri dönürlər".
Tünzalə Vəliqızı vurğuladı ki, Rusiyada I Avropa Oyunları Bakı-2015 haqqında müəyyən yazılar və reportajlar gedir: "Rusiyanın "Rossiyskaya qazeta" dövlət qəzeti, Vesti. ru saytı, Rossiya 24 televiziyasında Bakı yarışmaları haqqında geniş reportajlar verilib... 12 iyun tarixinə yaxınlaşdıqca Rusiya mətbuatı Azərbaycanın I Avropa Oyunları yarışmasına daha geniş yer ayıracaq...".

Əli Zülfüqaroğlu

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.