“Müharibəyə başlayırıq” Dünya

“Müharibəyə başlayırıq”

Türkiyə ordusu gələn həftə PKK terrorçularına qarşı böyük əməliyyatlara başlayacaq

Cavid

Ankara və Vaşinqton arasında "İncirlik" hərbi bazası haqqında əldə olunan razılıqdan sonra Türkiyə İŞİD və PKK terror qruplaşmalarını bölgədən tamamilə çıxarmağı hədəfləyib. Xüsusilə İŞİD-ə qarşı mübarizə aparmaq üçün ABŞ ilə razılığa gələn Türkiyə eyni zamanda həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən PKK və KCK terrorçularının mövqelərini bombardman edir.
Bölgədəki son hadisələri yaxından izləyən Türkiyə Silahlı Qüvvələri kulislərindən PKK və KCK-ya qarşı keçiriləcək əməliyyatlarla bağlı mühüm məlumatlar əldə edilib.
Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İŞİD və PKK terrorçularını bölgədən tamamilə yox etməyi hədəfə alıb. Ölkə daxilində aparılan əməliyyatlardan sonra Türkiyə ordusu başda Kandil, Hakurk və Avaşin düşərgələri olmaqla Suriyaya qaçan 1500-ə yaxın PKK terrorçularına qarşı gələn həftə böyük əməliyyatlara başlayacaq.
Əməliyyatlara ABŞ qırıcıları, pilotsuz aparatları dəstək verəcək. Bu həftə ABŞ ordusunun 200-dən çox hərbçisi və döyüş təyyarələri Türkiyədəki "İncirlik" hərbi bazasına gələcək. 30 ədəd F-16 və F-15 qırıcısı, 5 nəqliyyat təyyarəsi "İncirlik" bazasına yerləşdiriləcək. Bütün bunlar Türkiyəyə gəldikdən sonra İŞİD-ə qarşı böyük hərbi əməliyyatlara start veriləcək. Başda Böyük Britaniya və Fransa olmaqla koalisiya ölkələri də Türkiyəyə dəstək verəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, çox yaxın zamanda İŞİD-ə qarşı genişmiqyaslı müharibə başladılacaq. Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oqtay hazırki durumu şərh edib. H.Oktay hesab edir ki, İŞİD və PKK ilə aparılan mübarizə müstəvisində Suriyada daxili müharibə davam edərsə, orada baş verənlərin Türkiyədə təkrarlanma ehtimalı artmış olar. Ekspert, vaxtilə Suriyada meydana gələn və qısa zaman ərzində Bəşər Əsədin və Liviyada Muammər Qəddafinin yaşadığı taleyin Türkiyəyə sirayət etməsinin mümkün olduğunu da bildirib. "Türkiyə hökuməti Suriyada qərbli müttəfiqlərinə güvənərək böyük bir "qumar oynadı" və itirdi. Türkiyə, Əsədin rejiminin devriləcəyi halda, onun yerinə qurulacaq hökumətə nəzarət olunması ilə bağlı verilən vədlərlə aldadıldı. Suriyada Əsədə qarşı mübarizə aparan müxalif qüvvələr ardıcıl olaraq Türkiyədən yüksək dəstək əldə etmələri barədə xəbərləri dünya gündəminə sızdırdı. Türkiyə qərbli müttəfiqlərin diqtəsi ilə Suriyada müxalif güclərə yardım etdi. Müxalifət bölgədə uğursuzluqla üzləşəndən sonra, onların yerini İŞİD aldı. Bu zaman Qərb gücləri, İŞİD-ə qarşı PKK, PYD, HDP güclərini meydana çıxardılar.
Türkiyə bu prseslərin fonunda dünən dəstəklədiyi İŞİD ilə qarşı-qarşıya dayandı və 40 ildir Türkiyəyə qarşı müqavimət göstərən PKK ilə barışığa gəlmək üçün küncə sıxışdırıldı. AKP hökuməti PKK ilə barışa imza atdı, amma PKK bu barış ərəfəsində silahları yerə qoymaq əvəzinə, Suriyadan Türkiyəyə mütəmadi silah-sursat göndərdi. Beləcə, PKK Türkiyədə böyük bir müqavimət gücü eldə etdi". H.Oktay bildrib ki, "Suriyanın şimalında gedən İŞİD, PKK, PYD müharibəsində insan qüvvəsi Türkiyədən gedən könüllülərdən ibarət olduğu üçün və bir-birilərinə güzəgtə getmədiklərinə görə müharibə istər-istəməz Türkiyə torpaqlarına nüfuz etmiş oldu. Əsəd devriləndən sonra Suriyada qurulacaq hökumətin "ekskizlərinin" çəkildiyi bir vaxtda Türkiyə Suriyaya çevrilirdi. Beləcə, Türkiyə özü qazdığı quyuya düşə biləcək qədər təhlükənin kənarına qədər gəlib çıxdı".
Bundan başqa H.Oktay hesab edir ki, Suruçta törədilən hadisənin kimin və niyə etdiyi bilinmir. (Şanlıurfanın Suruç şəhərində Kobaniyə yardım etmək üçün toplanan Sosialist Gənclik Dərnəkləri Federasiyası rəhbərlərinin mətbuata açıqlama verdiyi zaman silahlı basqın baş vermişdi. IŞİD-in əli olduğu bildirilən bu basqında 31 nəfər ölüb, 104 nəfər yaralanıb) "Amma bu, nəticə etibarilə, Türkiyə üçün bölgədə böyük əməliyyatların həyata keçirilməsinə fürsət vermiş oldu. Eyni zamanda, hökumət Suriyadakı olayların PKK, PYD - İŞİD savaşının Türkiyə torpaqlarına sıçramasının qarşısını almaq üçün iki qrupla eyni zamanda mübarizə aparmaq məcburiyyətində qaldı və əməliyyatlar hələ də davam edir. "PKK Türkiyə mətbuatına sızdırdığı kimi yenə də yolları kəsəcəyini, maşınları yandıracağını, əsgər və polisləri öldürəcəyini bəyan edir. Nəticədə, Türkiyə həm İŞİD-ə, həm PKK-ya qarşı əməliyyatlar aparmaqla hələ ki, Suriya durumunun Türkiyəyə keçməsinin qarşısını alıb".