Rusiya Suriyada hava əməliyyatlarına başladı Dünya

Rusiya Suriyada hava əməliyyatlarına başladı

Suriyanın müxalifət qüvvələri isə Moskvaya "yeni Əfqanıstan" söz veriblər

Cavid

Rusiya pilotsuz təyyarələrdən istifadə etməklə Suriya ərazisində hava əməliyyatlarına başlayıb.
Bu barədə "Reuters" agentliyinə Amerikanın hərbi rəhbərliyindəki mənbə bildirib.
"Reuters"in həmsöhbətləri qeyd ediblər ki, bu, Suriyanın Latakiya şəhərindən cənubda yerləşən təyyarə bazasında Rusiya qırıcılarının aşkarlanmasından sonra ilk hava əməliyyatıdır.
"Reuters"in mənbələri neçə pilotsuz təyyarənin əməliyyata cəlb olunduğunu dəqiqləşdirməyib. Agentliyin həmsöhbətləri əlavə məlumat verməkdən imtina ediblər.
Qeyd edək ki, Suriyada hərbi mövcudluğunun uzadılması və Latakiya ərazisində yeni hərbi təyyarə bazasının yaradılması üzrə Rusiyanın planları haqqında informasiyalar Qərbdə böyük rezonans doğurub. Xarici mətbuat hesab edir ki, Rusiya prezidenti Putin Ukraynadan sonra "ikinci cəbhə"ni Suriyada açmağa qərar verib.
Bu arada yayılan məlumata görə, Suriyanın müxalifət qüvvələri Moskvaya "yeni Əfqanıstan" söz veriblər.
"Reuters" xəbər verir ki, bu barədə rejim qüvvələrinə qarşı mübarizə aparan silahlı qruplardan birinin nümayəndələri bildiriblər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya artıq Suriyaya göndərdiyi əsgərlərini tabutlarla geri almaq təhlükəsi ilə üz-üzədir. "Reuters" müxalifət güclərinin sıralarında vuruşan suriyalıların arasında sorğu keçirib. Onların sözlərinə görə, son vaxtlar hökumət qoşunlarının gücləndiyini müşahidə edirlər. Müxalifət gücləri aviazərbələrin daha dəqiq olduğunu və döyüş meydanlarında yeni zirehli texnikaların çıxdığını bildirirlər.
"Bizim hesablamalarımıza görə, rusların iştirakı ilə əlaqədar döyüşlər daha bir neçə il davam edəcək", - silahlı qruplaşmalardan birinin iştirakçısı deyib.
Suriya müxalifəti Əsədin devrilməsində maraqlı olan Türkiyə və Səudiyyə Ərəbistanın prosesdə daha aktiv iştirakını gözləyirlər. "Rusiya münaqişənin həllində maraqlı deyil. Rusiya yalnız Əsədin saxlanılmasını istəyir. Bizi dəstəkləyən dövlətlərə gəlincə, düşünürəm ki, onlar bizə maddi və siyasi cəhətdən kömək edəcəklər", - Azad Suriya Ordusunun nümayəndəsi söyləyib.