ABŞ Rusiyaya qarşı DSQ yaratdı Dünya

ABŞ Rusiyaya qarşı DSQ yaratdı

PKK-nın isə gizli silah anbarları aşkarlanıb

Böyük qismi PKK-nın Suriya qolu YPG-dən meydana gələn silahlı birliklər Demokratik Suriya Qüvvələri yaradıldığını rəsmən elan ediblər. PKK-nın YPG və YPJ xətti, Süryani Hərbi Şurası, Burkan Fərat, Suvar Reqa, Şəms Şemal, Liva Səlcuqi və Əlcəzirə briqadaları kimi silahlı qruplaşmalar təşkilata daxil olub. Bu barədə Sənadid qüvvələrinin rəsmisi Şeyx Bəndər Himedi Deham məlumat verib. O, Haseke şəhəri yaxınlığında 2 saat davam edən toplantıdan sonra belə bir qərarın verildiyini deyib: Demokratik Suriya Qüvvələrinə qatılan bütün qruplaşmalar yeni Suriyanın yaradıcılarıdır. Yığıncaq ərəb, kürd, süryani, assur və türkman nümayəndələrinin iştirakı ilə keçirilib. Əsas məqsədimiz Suriyada yaşayan xalqlara qarşı döyüşən qüvvələrə, ən başlıcası isə İŞİD-lə döyüşməkdir. Beynəlxalq koalisiyaya bizə verdiyi dəstəyə görə təşəkkür edirik". Xatırladaq ki, ABŞ hökuməti bir müddət öncə PYD nəzarətində olan Hasekeyə 50 ton silah-sursat göndərdiyini açıqlamışdı. Lakin rəsmi Vaşinqton silahların suriyalı ərəb qruplaşmalarına verildiyini iddia edib. PYD həmsədri Saleh Müslim isə silahların kürd qüvvələrinə verildiyini etiraf edib. "Bizə və müttəfiq olduğumuz qruplara 50 ton silah göndərilib. Bu başlanğıcdır və silahların davamı da gələcək", - deyə o bildirib. Xatırladaq ki, məsələyə Türkiyənin reaksiyası gecikməyib. Baş nazir Əhməd Davudoğlu silahların olduğu yeri məhv edəcəklərini deyib: "PYD-yə verilən silahın PKK-ya ötürülməyəcəyinə bizi heç kim inandıra bilməz. PYD-PKK ayrı-seçkiliyinin artıq mənası qalmayıb. Əgər bu silahların Şimali İraqda, Türkiyədə istifadə edildiyini müəyyən etsək, silahların olduğu yeri məhv edəcəyik. Bunu həm ABŞ-a, həm də Rusiyaya bildirmişik". Rusiya və ABŞ-ın İŞİD-lə mübarizə adı ilə PKK-nın Suriya qolu PYD-yə etdiyi silah yardımına Türkiyənin ciddi reaksiya göstərməsinin səbəbləri ortaya çıxıb. Türkiyənin 24 iyuldan sonra Qəndildə keçirdiyi hava əməliyyatlarında PKK-nın gizli silah anbarları vurulmuşdu. Vurulan anbarlarda ABŞ-ın PYD-yə verdiyi, ancaq PKK-nın əlinə keçən silahlar olduğu müəyyən edilmişdi. Qəndildə tank əleyhinə mina, minaatan, avtomatik tüfəng və zenit raketlərinin olduğu gizli anbarlar pilotsuz təyyarələrindən çəkilən görüntülər, kəşfiyyat məlumatları ilə aşkarlanmışdı. Türkiyə F-16-ları xüsusi qüvvələrin verdiyi məlumat sayəsində gizli sursat anbarlarının yerlərini havadan vuraraq məhv etmişdi. Gizli silah anbarının vurulmasının ardından ortaya çıxan mənzərə isə Ankaranı şok edib. Gizli anbarının ətrafında üç ayrı partlayış baş verib. Bu partlayışlardan sonra, gizli anbara tunellərlə bağlanmış 3 ayrı digər gizli anbar olduğu müəyyən edilib və həmin anbarların külü göyə sovrulub. Məlum olub ki, ABŞ-ın PYD-yə verdiyi silahlar bu anbarlarda saxlanılırmış. ABŞ-ın Suriyanın şimalındakı kürd qruplara silah verəcəyi açıqlanmasından sonra ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı. Burada keçirilən görüşdə səfirə PYD-yə veriləcək silahların PKK-nın əlinə keçəcəyi dəqiq bir şəkildə izah edilib. Bu arada PYD-nin PKK-ya F-16 qırıcılarına qarşı istifadə etmək üçün zenit "Stinger" raketi istədiyi haqda məlumat əldə edilib. Bu silah PYD-yə məhz ABŞ tərəfindən verilib.