Əsəd rusiyalı həmkarına etibar edir Dünya

Əsəd rusiyalı həmkarına etibar edir

Amma bu, ABŞ-ın ürəyincə deyil


Cavid

Suriya prezidenti Bəşər Əsədin Rusiyaya səfəri və həmkarı Putinlə danışıqlar aparması xarici mətbuatın gündəmindən düşmür. "Lemonde" yazır ki, Əsədin Rusiyaya gəlişi gizli baş verib. Yalnız 21 oktyabr səhər saatlarında Kremilin sözçüsü bu barədə məlumat verib. "Dünən axşam saatlarında Suriya prezidenti B.Əsədin Rusiyaya işgüzar səfəri başlayıb",- onun V.Putinlə görüşünün baş tutduğunu da əlavə edərək Dimitri Peskov açıqlayıb. Danışıqların əsas mövzusu ekstremist, terrorçu qruplara qarşı mübarizə və bu sahədə Suriya ordusunun fəaliyyəti olub. Artıq çərşənbə günü B.Əsədin səfəri başa çatmalı idi.
Qeyd edək ki, bu Suriya prezidentinin 2011-ci ildə müharibənin başlamasından sonra ölkə xaricinə reallaşan ilk səfəridir və Rusiyanın hərbi müdaxiləsindən üç həftə sonra bu ölkənin prezidentinin xahişi ilə baş tutub. Çərşənbə axşamı Rusiya hakimiyyəti 60 müəyyən hədəfi vurmaq üçün 55 döyüş təyyarəsinin yola düşdüyünü bildirmişdi. Bu "dost ölkə" təmsilçisi ilə görüşdə V. Putini müdafiə naziri Sergey Şoyqu, baş nazir Dimitri Medvedyev, Rusiya gizli xidmətinin keçmiş rəhbəri və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev müşayiət ediblər. Kremilin rəsmi saytında yayımlanan məqaləyə görə "ölkənizdəki dramatik vəziyyətə baxmayaraq dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdarıq,"- deyə Putin bildirib. 2006-cı ildən sonra iki dövlət başçısı Moskvada görüşməmişdi. Çərşənbə günü baş tutan görüş 2000-ci ildən onların hakimiyyətə gəldikləri müddət ərzində 3-cü belə görüşdür.
"Beynəlxalq terrorizm böyük bir ərazini, region ölkələrini ələ keçirmek istəyir. Biz IŞID terrorçuları arasında sayı minimum 4000 olan keçmiş SSRİ vətəndaşlarının olmasından təəssüflənirik. Biz imkan verə bilmərik ki, belə hərbi və ideoloji təbliğat Rusiya ərazisinə yayılsın,"- Vladimir Putin belə deyib.
Bu səfər Rusiyanın Suriya hakimiyyətinə bir dəstık nümayişidirmi? "Uzunmüddətli siyasi reqlament"ə toxunan rus prezident bunun yalnız "bütün siyasi, etnik və dini güclərin iştirakı ilə həyata keçirmək olar,"- deyə əlavə edib. O qeyd edib ki, "son söz yenə də Suriya xalqının olmalıdır".
"Biz təkcə terrora qarşı mübarizədə yox, eyni zamanda, siyasi prosesdə də Suriyaya kömək etməyə hazırıq. Əlbəttə ki, bu, digər dünya gücləri, həmçinin problemin sülh yolu ilə həllində maraqlı olan region ölkələri ilə əməkdaşlıqla mümkündür." B.Əsəd Putinə göstərdiyi köməyə və onunla birlik nümayiş etdirdiyinə görə təşəkkür edib. "Əsas odur ki, bu, beynəlxalq qanunlar çərçivəsində baş verir,"- deyə o vurğulayıb. O qeyd edib ki, "Rusiyanın siyasi təşəbbüsləri daha faciəvi ola biləcək terrorun inkişafına imkan vermir. Hər kəs anlayır ki, hərbi əməliyyatlar siyasi mərhələyə keçir və terror siyasi reqlament yolunda ən böyük maneədir."
Rusiya Müdafiyə nazirliyi və Vaşinqton arasında hava insidentlərinin qarşısını almaq üçün razılıq imzalanıb. Bundan bir neçə saat sonra isə Rusiya Müdafiyə Nazirliyinin saytında Suriya səmasında yeni əməliyyatın baş tutduğu barədə məlumat verilib. Pentaqonun sözçüsü Peter Kuk bildirib ki, "bu razılıq artıq qüvvəyə minib, bu bizim komanda ilə Rusiya komandası arasında ola biləcək hər hansı bir insidenti önləmək üçün təsirli vasitədir." Kuka görə bu razılıq profesionalizmə xidmət edir, bəzi ümumi radio dalğalarından istifadəni və yerlə yeni əlaqə xəttinin yaradılmasını nəzərdə tutur.
Bu razılıq Suriyada Rusiya və ABŞ-ın əməkdaşlığı deyil: informasiya mübadiləsi və hədəflərlə bağlı məlumatlar üzrə əməkdaşlıq da yoxdur. Kuk onu da əlavə edib ki, "Rusiyanın Suriyadakı strategiyası faydalı deyil və B.Əsədə dəstək ölkədəki vətəndaş müharibəsini daha da alovlandıracaq".