Tiflis Moskva ilə razılaşır? Dünya

Tiflis Moskva ilə razılaşır?

Elxan Şahinoğlu: "Bakı bundan nəticə çıxarmalıdır"

Cavid

Tiflis Moskva ilə qaz alışı vasitəsilə həm siyasi dialoq qurmaq istəyir, həm də bu işi şaxələndirməklə çalışır ki, yalnız Azərbaycan qazından asılı olmasın. Bu haqda "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz Feysbuk səhifəsində yazıb. Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz sazişi imzalamaq istəməsinin asan olmayacağını bildirən politoloq bunun Bakı-Tiflis əlaqələrinə təsir edəcəyini deyib: "Gürcüstanın enerji naziri Kaxa Kaladzenin oktyabrın əvvəllərində Rusiyanın "Qazprom" şirkətindən qaz ala biləcəklərinə dair verdiyi açıqlama Azərbaycanda xeyli suallar doğurdu. Çünki Azərbaycan illərdir Gürcüstanı qazla təmin edir və buna qədər enerji əməkdaşlığında problem yaranmamışdı. Azərbaycan qazın qiymətində Gürcüstana güzəşt edir. Bu, rəsmi Bakının Tiflislə əlaqələrə verdiyi əhəmiyyətdən irəli gəlir. Ancaq Kaladzenin "Rusiyadan qaz ala bilərik" açıqlaması Bakı-Tiflis münasibətlərinə yenidən baxmağı diqtə edir. Maraqlıdır, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri olmadığı (Tiflis Moskvanı Gürcüstanı parçalamaqda suçlayır) halda, bu iki dövlət arasında enerji əməkdaşlığının hədəfi nədir? Bu suallar Tiflisi hərəkətə keçirdi. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 12-də Bakıya səfər etdi. Qaribaşvilinin səfərinin məqsədi rəsmi Bakını sakitləşdirmək idi. Gürcüstanın Azərbaycandan qaz alışının həcmini azaltmayacağı bildirildi. Qaribaşvili Tiflisə qayıtdıqdan sonra bir daha vurğuladı ki, Gürcüstan hökuməti Azərbaycandan alınan təbii qazın Rusiya qazı ilə əvəz olunması məsələsini müzakirə etmir və "Qazprom" şirkəti ilə aparılan danışıqlar texniki xarakter daşıyır. Məsələ burasındadır ki, uzun illərdir Rusiya qazı Gürcüstan ərazisindən Ermənistana ötürülür. Bunun müqabilində nəql olunan qazın müəyyən hissəsi Gürcüstana verilir".
Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvilinin Bakıya səfərinə toxunan politoloq bildirib ki, rəsmi Bakı Tiflislə münasibətlərdə problem yaşamaq istəmir: "Georgi Kvirikaşvili Bakıya səfərində əsas məqsədinin Azərbaycan Prezidentinin noyabrın 6-da Tiflisə planlaşdırılan səfərinin müzakirəsi olduğunu bildirdi. Gürcüstanın xarici işlər naziri Bakıda iki ölkə arasındakı sərhədin delimitasiyasını müzakirə etdi. Gürcüstan-Azərbaycan münasibətlərində delimitasiya məsələsi də həllini gözləyir. İki ölkənin ortaq delimitasiya komissiyası var. Komissiyanın illərdir fəaliyyət göstərməsinə baxmayaraq, sərhədlər hələ də tam müəyyənləşməyib.
Gürcüstanın xarici işlər naziri Bakıda belə bir ifadə işlətdi: "Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır". Tiflis sərhəd məsələsinin həllini sürətləndirməyə çalışır. Ancaq Bakı tələsmir. Çünki Gürcüstan sərhədi müəyyənləşdirərkən bəzi tarixi abidələrin onun ərazisinə düşdüyünü iddia edir. Rəsmi Bakı isə həmin tarixi abidələrin Azərbaycan ərazisinə düşdüyünü bildirir. Buna görə də sərhədin müəyyənləşməsi gecikir. Hər halda hər iki dövlət danışıqları davam etdirir və bu məsələni də problemə çevirmirlər".
E.Şahinoğlunun sözlərinə görə, hazırda Azərbaycan və Gürcüstan arasında ön planda olan enerji əməkdaşlığı məsələsidir: "Azərbaycanın neft və qazı dünya bazarına Gürcüstan üzərindən çatdırılır. Buna görə rəsmi Bakı Tiflislə münasibətlərdə problem yaşamaq istəmir və Gürcüstanın daim Azərbaycan qazını da eyni həcmdə almasından yanadır. Gürcüstanın baş və xarici işlər nazirlərinin Bakıya səfərlərinə və Azərbaycanla enerji əməkdaşlığına önəm verdiklərini söyləmələrinə baxmayaraq, enerji naziri Kaxa Kaladze yenidən Rusiyadan qaz ala biləcəklərini vurğuladı və onun əsas arqumenti belədir: "Azərbaycan Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir". Beləliklə, Gürcüstan Rusiya ilə qaz razılaşmasına hazırlaşır. Bəlkə də SOCAR-la danışıqların nəticəsi olaraq Azərbaycan Gürcüstana əlavə qaz sata bilər. Tiflis isə Moskva ilə qaz alışı vasitəsilə həm siyasi dialoq qurmaq istəyir, həm də bu işi şaxələndirməklə çalışır ki, yalnız Azərbaycan qazından asılı olmasın". E.Şahinoğlu qeyd edib ki, Gürcüstan müxalifəti Rusiyadan qaz alışının qəti əleyhinədir: "Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz sazişi imzalaması asan olmayacaq. Çünki müxalifət bunun əleyhinədir və "Qazprom"dan qaz alışının Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcəyini vurğulayır. Müxalifət hətta bu şüarlarla mitinq keçirib. Zənnimcə, haqlıdırlar. Çünki rəsmi Tiflis SOCAR rəhbərliyinin "Gürcüstana əlavə həcmdə qaz sata bilərik" açıqlamasını qulaqardına vurursa, Bakı bundan nəticə çıxarmalıdır".