Ermənistanda antisemitizm Dünya

Ermənistanda antisemitizm

Bu məqsəddən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur

Cavid

Erməni diasporasının birinci dünya müharibəsində özlərinə qarşı olan qeyri-insani münasibətin beynəlxalq səviyyədə tanınmasını təkidlə istəmələrinin altında bir sirr yatır: antisemitizm və İsrailə qarşı dərin nifrət. Bu riyakarlıq Ermənistan cəmiyyətində dərin kök salıb.
Dəhşətlidir ki, ermənilərin bir çoxu nasistlərin ölüm düşərgələrinin qurbanlarının cəsədlərindən sabun, pul kisəsi və digər "lazımlı" şeylər düzəltmələrinə gizli eyham vuraraq yəhudiləri "ocar", erməni dilindən tərcümədə sabun adlandırırlar. Belə görünür ki, Konqresin müəyyən üzvləri Ermənistan və onun diasporasının fəaliyyətini dəstəkləyir.
"Thehill.com" yazır ki, bu gün Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında bir məlumat ifşa etdi. 2008-ci ilin may ayının ortalarından başlayaraq, hökumətyönlü qəzetlər və dövlət televiziyası siyasi müxalifət liderlərinə qarşı qəribə antisemit və antimason ittihamlar irəli sürdü. Hətta həyat yoldaşının yəhudi olduğu uydurulan, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilmədi.
"WikiLeaks" tərəfindən verilən materialda rus dilində çıxan "Qolos Armenii" ("Ermənistanın səsi") və erməni dilində nəşr olunan "Hayots Ashkhar" ("Ermənistan dünyası") qəzetlərində bir neçə təndiqi məqalənin çıxdığı və həmin məqalələrdə Ter-Petrosyanın Ermənistana xəyanət etdiyi, onun İsrail və "Azad masonlar"la əlbir olduğu yazılır. Eyni zamanda, bu qəzetlərin hər ikisində "Levon Hakib Ter-Petrosyan, yoxsa Levon Frayim Pliskovski – Ermənistan Milli Konqresi, yoxsa Yəhudi Konqresi?" başlıqlı məqalə dərc edilib və həmin məqalənin müəllifi Ter-Petrosyanın Ermənistan dövlətinə sadiqliyini sorğulayır, keçmiş prezidenti seçki kampaniyası üçün varlı bir rus-yəhudi biznesmenindən 100-200 milyon dollar məbləğində pul almaqda ittiham edilir. Məqalədə yəhudi-mason lobbisinin eyni kampaniya üçün 65-70 milyon dollar xərclədiyi ilə bağlı iddialar da öz əksini tapır.
Ermənistanın 1991-ci ildə müstəqillik qazanmasından sonra ölkəyə xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalıblar. İddialara görə, Amerikanın Yəhudi Komitəsinin nümayəndələri 27-28 may, 2011-ci il tarixində Ermənistana ona görə səfər ediblər ki, Ter-Petrosyana əlavə göstərişlər verə bilsinlər: "Ter-Petrosyandan soruşmaq lazımdır ki, ABŞ və Avropada ən effektiv və ən nüfuzlu yəhudi təşkilatının nümayəndələri nəyə görə Ermənistana gəlirlər? Qeyd etmək lazımdır ki, Ermənistana səfər edən nümayəndələr təşkilatın sıradan üzvləri yox, liderləridir. Əldə edilən məlumatlara görə, onlar keçmiş prezidenti bu üç istiqamət – 1. Ermənistanın daxili problemləri; 2. ABŞ-Ermənistan əlaqələri; 3. Türkiyə-Ermənistan əlaqələri üzrə atılacaq növbəti addımlar haqqında məlumatlandırmaq üçün bura səfər edirlər."
Medianın dövlət tərəfindən idarə olunduğu bir ölkədə hökumətin antisemit kampaniyasına qarşı tənqid tapmaq qeyri-mümkündür, yalnız Ermənistanın yəhudi cəmiyyətinin başçısı Rimma Varjapetyan ittiham dolu məqalələrlə bağlı narahatlığını ifadə edərək bütün bunların provokasiya olduğunu bildirib. O, əlavə edib ki, əsas problem bütün bunları hakimiyyətdə olan insanların dəstəkləməsidir.
Ermənistan ən qədim dövrdən bəri yəhudiləri heç vaxt qəbul etməyib, onun Cənubi Qafqazdakı qonşuları Gürcüstan və Azərbaycan isə yəhudilərə qarşı həmişə tolerantlıq nümayiş etdiriblər. Hər il amerikalı vergi ödəyicilərinin pulları Konqres vasitəsilə Ermənistana ötürülür. Bəlkə də, Konqresin öz siyasətini yenidən nəzərdən keçirməsinin vaxtı gəlib çatmışdır.