ABŞ Suriyada federal zonaları tanımır Dünya

ABŞ Suriyada federal zonaları tanımır

Kürdlərə qarşı ərəblər də ayağa qalxıblar

Cavid

Birləşmiş Ştatlar Suriya daxilində özünüidarəçilik elan etmiş zonaları tanımır. Kürd partiyaları ölkənin şimalında federal sistem yaratdıqlarını elan edəndən sonra Vaşinqtondan belə bir bəyanat gəlib. "Suriya daxilində özünü idarəedən, yarımuxtar zonaları dəstəkləmirik", - Dövlət Departamentinin sözçüsü John Kirby deyib: "Məqsədimiz bütöv, vahid, qeyri-təriqətçi Suriyanın mövcudluğudur".
Suriya kürdlərinin qərarını Dəməşq, Qərbin dəstəklədiyi Milli Koalisiya müxalifət qruplaşması da rədd edib. Türkiyə də belə birtərəfli addıma qarşı xəbərdarlıqla çıxış edib. Suriyanın şimalında federal sistem planı Rmeilan şəhərində kürd, ərəb və türkmən liderlərinin görüşündə elan olunub. Bu federal regiona Türkiyə ilə sərhəddə kürdlərin nəzarətində olan 3 bölgə, İslam Dövləti (İŞİD) silahlı qruplaşmasından alınmış ərəb və türkmən əraziləri daxildir. Suriyanın kürd siyasi qrupları BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən danışıqlara salınmayıb. Onu da qeyd edək ki, Suriyanın şimalında üç kürd kantonu əsasında federasiyanın yaradılması bu ölkədəki ərəb tayfalarını ayağa qaldırıb.
Türkiyənin Şanlıurfa vilayətində keçirilən toplantıda PYD-yə (PKK terror təşkilatının Suriya qolu hesab edilir) qarşı "Ceyş Aşair el Şarkiye" ("Şərq Tayfaları Ordusu") adlı ordunun qurulması barədə razılıq əldə olunub. Hələb, Der ez-Zor, Rakka və Haseke vilayətlərinin nüfuzlu tayfan başçılarının qatıldığı toplantıda 45 tayfa lideri iştirak edib. Azad Suriya Ordusunun (ASO) baş qərargah başçısı, general Əhməd Berrinin də qatıldığı toplantıda "Şimali Suriya Federasiyası"nın Suriya xalqına xəyanət olduğu və qurumun tanınmayacağı bildirilib.
Toplantıda PYD-nin aradan qaldırılana kimi "Ceyş Aşair el Şarkiye"nin saxlanılması qərara alınıb.
Qeyd edək ki, dünən Cəzirə, Kobani və Afrin kantonundan olan nümayəndələr Rmeylan şəhərində keçirilən konfransda federasiyanın yaradılması haqqında bəyannaməyə səs veriblər.
Suriyanın ən böyük kürd partiyasının nümayəndələri ölkənin şimalında kürdlərin nəzarət etdiyi əraziləri federal muxtar region elan edib. Bu addım dərhal Suriya höküməti və müxalifət qrupu tərəfindən rədd edilib. Bu, həmçinin Cenevrədə keçirilən Suriya sülh danışıqlarını çətinləşdirir.
Rmelianda keçirilən kürdlərin konfransında təsdiq olunan bəyannaməyə əsasən, kürdlərin nəzarət etdiyi üç bölgənin birləşməsi ilə Suriya daxilində özünü idarə edəcək region yaranacaq. Lakin Suriyanın xarici işlər naziri Suriya kürdlərinin bu addımını rədd edərək, bunu "konstitusiyaya zidd və yararsız" adlandırıb." Suriyadakı kürd liderlər regionda ərəblər və türkmənlər daxil olmaqla, digər etnik mənsubiyyətə və məzhəblərə aid qrupların da təmsil olunacağını bildirir. Lakin çərşənbə axşamı Birləşmiş Ştatlar Suriyada yarı-muxtar ərazinin özünün idarə olunmasını qəbul etməyəcəyini bəyan edib. "Biz Suriyanın ərazi bütövlüyünü və birliyinə sadiq qalırıq,"- deyə dövlət katibinin müavini Mark Toner bildirib.
Suriyalı kürd yarı-hərbi dəstə üzvləri ölkənin şimalında müxalifət qruplarına qarşı döyüşməkdə davam edir, onların liderləri isə orada federal muxtar region elan etməyə hazırlaşır. Kürdlərin nəzarət etdiyi Kobani şəhərinin yüksək səviyyəli kürd xarici işlər nümayəndəsi İdris Nəssən Al Jazeera televiziyasına - "Şimali Suriyada federalizmin elan olunmasına hazırlıqların tez bir zamanda başlayacağını" və kürd nümayəndələrinin bu məsələni müzakirə etmək məqsədilə görüş keçirəcəyini"- deyib.
Bağdadda çıxış edən İslam Dövləti qrupuna qarşı aparılan əməliyyatın sözçüsü, polkovnik Stin Uarren muxtariyyət bəyanının "siyasi məsələ" olduğunu və İŞİD terroçularına qarşı əməliyyatlara təsir göstərməyəcəyini deyib. Suriyanın BMT-dəki səfiri Bəşər Əl-Cəfəri isə Cenevrədə müxbirlərə Suriya xalqını bölmək cəhdlərinin bir nəticə verməyəcəyini deyib. "Suriya kürdləri Suriya xalqının mühum bir parçasıdır. Biz onlarla, onlar isə bizlə qürur duyur. Biz əsrlər boyu birlikdə bir dövlət yaratmışıq. Ona görə də suriyalılar arasında bölgülər yaratmaq cəhdləri uğursuzla nəticələnəcək,"- deyə o bildirib. Türkiyə höküməti və Türkiyənin kürd vətəndaşları arasında aşağı səviyyədə münaqişə davam etdiyini və son zamanlar kürd qruplarının Türkiyədə bomba hücumları həyata keçirməsi səbəbilə Türkiyənin bu muxtariyyət elanını müsbət qarşılayacağı gözlənilmir.