Kılıçdaroğlunu yumruqlayan şəxs AKP üzvü imiş Dünya

Kılıçdaroğlunu yumruqlayan şəxs AKP üzvü imiş

Ərdoğanın partiyası biabırçı olayla bağlı açıqlama yayıb

Aprelin 8-də Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücum edən şəxsin siyasi mənsubiyyəti bəlli olub.
APA-nın xəbərinə görə, K. Kılıçdaroğlunu yumruqlayan Orxan Övet adlı şəxsin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu ortaya çıxıb. Bunu AKP liderinin müavini Hüseyn Çelik açıqlayıb.
H.Çelik O.Övetin 2012-ci ildə Ankaranın Almadağ rayonunda partiyaya üzv yazıldığını bildirib: "9 milyondan çox üzvümüz var. Çoxlu sayda cinayət törətmiş bir adamın partiyaya qəbulunu ciddi diqqətsizlik kimi qiymətləndiririk. O, artıq partiyadan qovulub. Hörmətli Kılıçdaroğluna bir daha keçmiş olsun diləklərimizi çatdırırıq".
CHP-nin başqan müavini Gürsəl Tekin isə O.Övetin AKP üzvü olduğunu hadisə baş verən axşamdan bildiklərini söyləyib: "İstintaqa mane olmamaq üçün bunu açıqlamadıq və hökumətdən açıqlama gözlədik".
G.Tekin O. Övetin bəzi siyasətçilər və millət vəkilləri ilə əlaqəsi olduğuna işarə vurub: "Bu şəxsin siyasətçilərlə, millət vəkilləri ilə əlaqəsi olub-olmadığını önümüzdəki günlərdə görəcəyik. Biz hələlik sübutu olmayan hər hansı iddianı paylaşmağı doğru saymırıq".
CHP Orxan Övetin parlamentin binasına kimin dəvəti ilə daxil olduğu və içəridə kimlərlə görüşdüyünün araşdırılmasını tələb edir.