Ukraynanın şərq vilayətlərində qan tökülür Dünya

Ukraynanın şərq vilayətlərində qan tökülür

Hakimiyyət hərbi əməliyyatlara başlarsa, bu, Rusiya ilə müharibə demək olacaq

Cavid

Artıq bir neçə gündür Ukraynanın şərq vilayətlərində Rusiyaya meylli qüvvələrin etirazları davam edir. Ölkənin şərqindək Xarkov, Luqansk və Donetsk şəhərlərində dövlət administrasiyası binalarına etirazçılar nəzarət edir.
Bu arada Ukrayna Baş Prokurorluğu ölkənin şərqindəki hadisələrin əsas təşkilatçılarının Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) iki zabiti ölkənin Donetsk vilayətində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Ukrayna mediasının verdiyi məlumata görə, hadisə vilayətin Slavyansk şəhərində baş verib.
UTX-nin əməkdaşları şəhərin girişində qurulmuş blok-postda güllələnib, mülki şəxslərin olduğu avtomobil isə küçənin ortasında gülləbaran edilib. Hadisə nəticəsində ümumilikdə 4 nəfəri öldürülüb. Məlumatda o da qeyd olunub ki, Slavyansk milis şöbəsini azad edilməsi istiqamətində başlanan antiterror əməliyyatı zamanı separatçılardan 3 nəfər öldürülüb. Ələ keçirilən meyitlərin üzərindən çıxan sənəddən bəlli olub ki, öldürülən silahlılardan 2-i Rusiya vətəndaşıdır. Əməliyyatda yaralılananlar haqqında isə məlumat verilmir.
Şəhərdə durum gərgin olaraq qalmaqdadır, sakinlər evlərindən çıxmağa qorxurlar. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar.
Qeyd edək ki, ötən şənbə Rusiyameylli silahlı şəxslər Slavyanskda milis şöbəsini ələ keçiriblər.
Onu da bildirək ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində yerli hakimiyyət orqanlarının binalarını tutan Rusiyayönümlü separatçılar Kiyevdən verilən ultimatumu rədd ediblər.
Separatçıların nümayəndəsi Aleksey Çmulenko Kiyevin şərtlərini qəbul etməyəcəklərini və öz mövqelərini tərk etməyəcəklərini bildirib.
"Hamı yüksək patriotik əhvaldadır. Biz dayanmışıq, öz mövqelərimizi saxlayırıq. İnsanlar nəinki geri çəkilir, onların sayı durmadan artır. Heç kim təslim olmağa hazırlaşmır. Ərzağımız və sursatımız kifayət qədərdir. Yeganə problem psixoloji təzyiqdir, ona da davam gətiririk və heç kim təslim olmur" - deyə rus separatçısı əlavə edib.
A.Çmulenko deyib ki, "özünümüdafiə qüvvələri" Luqansk və Donetsk vilayətlərini birləşdirən yolda "yaşıl dəhliz" açıblar və köməyə gələn əlavə qüvvələrə şərait yaradırlar. Onun sözlərinə görə, hər iki vilayətə "özünümüdafiə qüvvələri" nəzarət edir.
Xatırladaq ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində hakimiyyət orqanlarının binalarını tutan separatçılara ultimatum verərək onları silahları təhvil verərək təslim olmağa çağırmışdı. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bildirib ki, təhlükəsizlik qüvvələrinə atəş açmayanlar məsuliyyətdən azad olunacaqlar.
Belə görünür ki, Ukrayna hakimiyyəti separatçılara qarşı antiterror əməliyyatına başlayaraq Rusiyanın əlinə hərbi müdaxilə üçün bəhanə verməyə tələsmir.
Rəsmi Moskva xəbərdar edib ki, Ukrayna hakimiyyəti ölkənin şərqində "dinc etirazçılara" qarşı silah işlətsə, bütün danışıqları donduracaq.
Xəbərlərə görə, Rusiya Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr cəmləşdirir. Hazırda Donetsk vilayətinin Mariopul, Kramatorsk, Slavyansk şəhərləri, o cümlədən Donetsk şəhərinin özü separatçıların əlindədir. Qorlovka şəhərində də separatçıların yerli milis idarəsinə basqını barədə xəbər yayılıb.
Separatçılara verilən ultimatumun başa çatmasından sonra Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun yeni müraciəti yayılıb. O, bəyan edir ki, Donetsk vilayətinin bir neçə şəhəri Rusiyadan koordinasiya edilən terrorçu dəstələrin nəzarətindədir.
A.Turçinov Slavyansk şəhərində rus xüsusi təyinatlılarının formasında olan yaxşı silahlanmış dəstələrin artıq bir neçə nəfəri qətlə yetirdiyini bildirib. O, Kiyevin qan tökülməsinə yol verməmək üçün mümkün olanı etdiyini, ancaq bütün terrorçulara, müdaxilə cəhdlərinə qarşı sərt cavab veriləcəyini də bildirib.
"Qoy Allah Ukraynanı və bizim hər birimizi qorusun" - deyə o, müraciətini yekunlaşdırıb.
Lakin bu müraciətdən Ukrayna hakimiyyətinin ölkənin şərqində separatçılara qarşı güc əməliyyatına başlayıb-başlamayacağı da bəlli deyil.
"Ukraynanın şərq vilayətlərində baş verənlər keçmiş prezident Viktor Yanukoviç tərəfindən idarə olunur".
Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu iddia ilə Ukraynanın sabiq daxili işlər naziri Yuriy Luçenko çıxış edib.
O açıqlamasında bildirib ki, vəzifəsindən kənarlaşdırılan sabiq prezidentin Ukraynanın şərq vilayətlərinə təsir imkanları hələ tükənməyib: "Bu gün də gərginlik yaşanan vilayətlərdəki milis bölmələri Yanukoviç tərəfindən idarə olunur".
Sabiq nazir deyib ki, V.Yanukoviç tərəfindən əmr alan milis nəfərləri bölgədə gərginliyin yaranmasında maraqlı tərəf kimi çıxış edirdilər: "Rusiya xüsusi xidmət orqanları da bu məqamdan lazımıca istifadə edirlər. Artıq bu sirr deyil. Luqanskda və Donetsk vilayətinin şimal rayonlarında baş verənlər bunun bariz nümunəsidir".
Y.Luçenko qeyd edib ki, bu proseslərdə milis rəislərinin satın alınması prosesi V.Yanukoviçin böyük oğlu tərəfindən həyata keçirilir: "Yanukoviçin vasitəsilə milis rəislərinə rüşvət verilir və onlardan rəsmi Kiyevin mövqeyini dəstəkləməmək tələb olunur. Bu gün separatçıların keçiridiyi bütün aksiyalarda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edir və yönəldir. Aksiyaların keçirilməsi üçün isə maliyyə dəstəyi Yanukoviçdən gəlir. Bu işdə Yanukoviçə Donbas vilayət milis idarəsinin keçmiş rəisi Romanov və daxili işlər nazirinin sabiq müavini Dubovik kömək edir. Məhz, bu 3 şəxs Ukraynanın şərqində baş qaldıran separatçıların fəaliyyətini idarə edir".
Viktor Yanukoviç isə Rostov-Don şəhərində Ukrayna xalqına müraciətlə çıxış edib. Yanukoviç Ukraynanın hərbi qulluqçularından xahiş edir ki, Ukrayna xalqına atəş açmasınlar. Onun sözlərinə görə, yeni Ukrayna hakimiyyəti cinayət məsuliyyəti daşıyacaq.
"Ölkə bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub və müflisləşməyə doğru gedir", - Viktor Yanukoviç bildirib.
Ukrayna üçün bu gündə təcili seçkilər yox, dialoq vacibdir, o, hesab edir.
BMT Təhlükəsizlik Şurası isə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etmək üçün toplaşacaq.
Rusiya XİN-i bundan öncə bildirib ki, "Rusiya tərəfi Ukraynanın cənub-şərqindəki böhranlı vəziyyəti təcili baxılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qarşısına çıxarır ".
Ukraynalı politoloq Aleksey Bluminov deyib ki, üsyançıların üzərinə ordu göndərmək Ukraynanın Rusiyaya müharibəyə elan etməsi deməkdir. O, Ukrayna hakimiyyətinin hələ də Maydanın yalnız Kiyevi qazandığına inanmaq istəmədiyini deyib: "Qarşılıqlı aqressiyanın həddi böyüyür. Əgər Kiyev ordunu şərqə etirazları yatırmağa göndərsə, bu, vətəndaş müharibəsini qaynar fazaya keçirəcək. Ukraynanın ərazisində olan problemli regionlar öz-özünə yaranmayıb. Onun yanındakı böyük qonşu və bu regionlarla ittifaq həmin problemin törəməsinə şərait yaradır".
Politoloq Ukraynanın şərqinə ordu yeritməklə ölkənin avtomatik olaraq Rusiyaya müharibə elan edəcəyini qeyd edib:
"Ölkə iqtisadiyyatının və maliyyəsinin bərbad vəziyyətini nəzərə alsaq, görərik ki, Kiyevin bu regionların loyallığını geri almaq üçün heç bir resursu yoxdur. Müvafiq olaraq yeganə variant kimi güzəştlərə getmək qalır. Məhz bu zaman hakimiyyət müəyyən vaxt udur ki, onu regionlar arasındakı ziddiyətləri azaltmağa xərcləyə bilər. Amma mərkəzi hakimiyyət hələ də hərbi variantı daha çox üstün tutur ki, bu da heç bir resursla dəstəklənmir. Başa düşmək lazımdır ki, üsyançıları müharibəyə çəkməklə Kiyevin özü də Rusiya ilə müharibəyə daxil olur".
Rusiya prezidenti Vladimir Putin isə borc səbəbindən Ukraynaya ixrac etdikləri qazın nəqlini dayandıracaqlarını bəyan edib. Bu açıqlamadan sonra ABŞ prezidenti Barak Obama V.Putinin dediklərinə reaksiya verərək bəyan edib ki, Rusiya enerji mənbələrini Ukraynaya təzyiq göstərmək məqsədilə istifadə edir.
Bu arada V.Putin 18 Avropa ölkəsinin liderinə məktub göndərərək bildirib ki, Ukrayna iqtisadiyyatını böhrandan çıxarmaq üçün təcili görüşlərin keçirilməsinə ehtiyac var. Rusiya lideri məktubda həmçinin bildirib ki, Kiyevin 2,2 milyardlıq borcu ilə bağlı səbri daşmaqdadır. ABŞ Dövlət Katibliyinin sözçüsü Jan Psaki isə Rusiyanı Ukraynanı çətin vəziyyətə salmaq üçün enerji mənbələrindən istifadə etməyini pisləyib. Obama isə Almaniya kansleri Angela Merkellə telefon danışığında sözegedən məsələni müzakirə edib.
Qeyd edək ki, Rusiya dünəndən etibarən Ukraynaya qaz nəzlini dayandırıb.
Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov isə bildirib ki, Rusiyadan maliyyə yardımı alması üçün Ukrayna Krımın Rusiya ərazisi olduğunu tanınmalıdır. Onun sözlərinə görə, Ukraynada konstitusiya islahatları keçirilməli, seçkilər keçirilməli, ruslar diskriminasiyaya məruz qalmamalıdırlar.
"Konstitusiya islahatları keçirilməli, prezident seçkiləri keçirilməli və danışılması mümkün olan legitim hakimiyyət formalaşdırılmalıdır. Krım ətrafındakı vəziyyətin legitimləşməsi, Ukraynanın şərqindəki gərginlik rus əhali diskriminasiyaya məruz qalmadan, Ukrayna qanunları əsasında və qan tökülmədən nizama salınmalıdır. Bu tip məsələləri biz Rusiyanın Ukraynaya əlavə maliyyə yardımı üçün şərt kimi qoyuruq", - Anton Siluanov əlavə edib.