Ərdoğan müxalifətin qurultay keçirməsinə niyə mane olur? Dünya

Ərdoğan müxalifətin qurultay keçirməsinə niyə mane olur?

Müxalif Milliyyətçi Hərəkət Partiyasının qurultayında lider dəyişikliyi baş verərsə, hazırkı prezidentin təkhakimiyyətliyi baş tutmayacaq

Cavid

Ankarada ötən bazar polis Türkiyənin Milliyyətçi Hərəkət Partiyası (MHP) sıralarındakı "qiyamçıların" qurultay keçirməsinə imkan verməyib. Polis qurultayın keçirilməsi planlaşdırılan oteli barrikadalarla mühasirəyə alaraq bir neçə yüz MHP-çinin binaya daxil olmasına mane olub. Ölkənin dördüncü böyük siyasi partiyası olan MHP daxilindəki fikir ixtilafı bir qrup partiyaçının artıq iyirmi ildir ki, sədr olan Dövlət Bahcelinin istefasına çağırışları ilə bağlı yaranıb.
Türkiyə təhlilçiləri qeyd edirlər ki, hazırkı məqamda MHP-nin fövqəladə qurultayının keçirilməsi və Bahcelinin partiya liderliyindən getməsi prezident Rəcəp Tayyip Ərdoğanın təkhakimiyyətlilik planlarının üstündən birdəfəlik xətt çəkə bilər. Müşahidəçilər bildirirlər ki, Bahceli istefa verərsə, çox güman onun yerini daha gənc siyasətçi xanım Meral Akşener tutacaq.
Hətta hakim AKP üzvləri də etiraf edirlər ki, xanım Akşenerin MHP liderliyinə gəlməsi partiyanın seçki dəstəyini ikiqat artacaq, yox əgər sadrlikdə Bahceli qalarsa, onda partiya seçkilərdə parlamentə daxil olmaq üçün zəruri 10 faizi də aşa bilməyəcək. Bir çox AKP rəsmiləri erkən seçkilərin mütləq keçiriləcəyinə inanırlar. Belə bir seçki artıq oktyabrda keçirilə bilər. "Lakin əgər Akşener MHP liderliyinə gəlsə, 2019-cu ilədək heç bir seçkidən söhbət gedə bilməz" – deyib AKP siyasi şurasının üzvlərindən biri.
Dövlət Bahceli hazırda Ərdoğanın təkhakimiyyətlik perspektivini qəbul etmiş kimi görünür. O öz partiyasının fövqəladə qurultayının keçirilməsi əleyhinədir və bildirir ki, partiya daxilindəki qiyamçılar ABŞ-da yaşayan müsəlman vaizi Fəthullah Gülənin adamlarıdır və Türkiyədə "paralel" dövlət yaratmağa çalışırlar.
Bundan başqa MHP-nin nizamnaməsinə görə onun sədri fövqəladə qurultayda postundan uzaqlaşdırıla bilməz. Lakin Meral Akşener və sədrliyə daha üç namizəd keçiriləcək fövqəladə qurultayda partiya nizamnaməsinin məhz həmin maddəsinin də ləğv ediləcəyinə inanırlar. MHP daxilindəki çəkişməni əsas gətirən Ərdoğan hökuməti bu partiyanın qurultay keçirməsini məhkəmə qərarı ilə qadağan etməyə nail olub.
Reuters yazır ki, hakim AKP Erdoğanın təkhakimiyyətli prezident olması məqsədilə konstitusiyanı dəyişdirməkdə MHP-nin dəstəyinə möhtacdır. Partiya sədrliyinə namizəd Meral Akşener isə Ərdoğanın səlahiyyətlərinin artırılmasına yol verilməyəcəyini bəyan edir. Meral Akşener və tərəfdarları bazar günü Erdoğanı müxalifət partiyasının daxili işlərinə qarışmaqda ittiham edən bəyanat yayıblar.
"İcraçı hakimiyyət məhkəmə hakimiyyətinə qarşı çevriliş edib. Türkiyədə Konstitusiya və qanun ləğv edilib. MHP-də sədrliyin dəyişməsi AKP hökumətinin kabusuna çevrilib" – deyilir bəyanatda. Reuters xəbər verir ki, MHP-nin fövqəladə qurultayının keçiilməsi planlaşdırılan otelin qarşısına yığılan 5 min partiya üzvü polislə üz-üzə "Bahceliyə istefa" şüarları səsləndiriblər. Etiraz aksiyasının əsnasında bəzən yumruqlar da işə düşüb.
MHP son seçkidə parlamentdə 40 yer qazanıb. Ərdoğan Konstitusiyaya dəyişiklik edəcək referendum barədə qərarın qəbulu üçün bu deputatların dəstəyinə möhtacdır. Xanım Akşener bəyan edib ki, Ərdoğanın Türkiyənin parlament sistemini dəyişməsinə yol verməyəcək. AKP MHP-dəki çəkişmələrlə heç bir əlaqəsinin olmadığını bildirir. Bu arada Türkiyənin iki məhkəməsi MHP "qiyamçılarının" fövqəladə qurultayına icazə verən və verməyən iki ziddiyyətli hökm çıxarıb. İndi bu məsələ barədə son hökmü apellyasiya məhkəməsi verməlidir. Akşener və tərəfdarları öz qurultaylarını iyun ayında mütləq keçirəcəklərini bəyan ediblər. MHP fövqəladə qurultayının çağırılması üçün 621 nümayəndənin petisiyaya imza atması kifayətdir. Akşener və yoldaşları artıq petisiyanı 900 nümayəndənin inzaladığını bildiriblər.