“Rusiya-Türkiyə münasibətlərinin qurulmasında Azərbaycanın rolu danılmazdır” Dünya

“Rusiya-Türkiyə münasibətlərinin qurulmasında Azərbaycanın rolu danılmazdır”

Mustafa Kabaqçı: " Əslində, Rusiya-Türkiyə münasibətlərini regiondan kənar olan dövlətlər böhran vəziyyətinə gətirdi"

"Türkiyə Yaxın Şərqdəki xaosun aradan qaldırılması üçün Rusiya və İsraillə birgə yeni strategiya başladıb. Türkiyənin bu təşəbbüsü bölgə ilə yanaşı, İsrail və Rusiyaya da böyük faydalar gətirəcək".
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı bildirib.
AKP-çi deputat deyib ki, Türkiyənin bundan sonrakı əsas hədəfi bölgədə sabitliyin təmin edilməsidir. M.Kabaqçı bunun üçün Türkiyənin Rusiya və İsraillə əməkdaşlıq edəcəyini söyləyib. Türkiyəli deputat rəsmi Ankaranın bu təşəbbüsünə Qərbin müdaxiləsini də istisna etməyib: "Təbii ki, Qərbin buna müdaxiləsi gözləniləndir. Ancaq bizim üçün əsas olan onların müdaxiləsi deyil. Türkiyə üçün əhəmiyyətli olan bölgə dövlətlərinin bu təşəbbüsə necə münasibət göstərməsidir. Misal üçün, Türkiyə ilə Rusiya arasında yaranan böhranın qarşısını zamanında almaq mümkün idi. Əslində, Rusiya-Türkiyə münasibətlərini regiondan kənar olan dövlətlər böhran vəziyyətinə gətirdi. Ancaq çox şükür ki, artıq bu böhran aradan qalxır".
M.Kabaqçı Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşması üçün Azərbaycan Prezidentinin göstərdiyi mövqeyin əhəmiyyətinə də toxunub: "Biz qardaş Azərbaycan dövlətinin bu addımını çox müsbət qiymətləndiririk. Bu gün regionun söz sahibi olan dövlətləri var. Azərbaycanın bu təşəbbüsü bir daha göstərdi ki, qardaşlar hər zaman bir-birinin yanında olmalıdır. Qardaş ölkə olan Azərbaycanın da əsas istəyi bölgədə sülhün və sabitliyin güclənməsidir. Ona görə də Rusiya-Türkiyə münasibətlərinin qurulmasında Azərbaycanın rolu danılmazdır. Yerləşdiyimiz coğrafiyada Rusiya ən əhəmiyyətli "güc dövlət"lərdən biridir. Rusiya ilə Türkiyə arasında yaranmış böhranın aradan qaldırılması prosesində qardaş Azərbaycanın və Qazaxıstanın verdiyi töhfələr danılmazdır. Biz bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi təşəbbüsü yüksək qiymətləndiririk. Düşünürəm ki, bu töhfələr davam etdirilməlidir. Ümumiyyətlə, bəzi dövlətləri çıxmaqla, Türkiyənin nə əbədi dostları, nə də düşmənləri yoxdur. Misal üçün, Türkiyə ilə qardaş Azərbaycan və Pakistan arasındakı dostluq münasibətləri əbədi olaraq olacaq".
Qarabağ münaqişəsinə də toxunan M.Kabaqçı deyib ki, hazırda bölgədə Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı haqsızlıq mövcuddur: "Türkiyə də bu haqsızlığı zaman-zaman dünyaya çatdırır. Türkiyənin bu məsələ ilə bağlı mövqeyi odur ki, Allahın yaratdığı bütün insanlar ədalətli və sülh şəraitində yaşasın. Bunun üçün də Türkiyə hər zaman haqsızlara, işğalçıya qarşı olub".
AKP-çi deputat vurğulayıb ki, həm Rusiya, həm də İsrail Türkiyə üçün əhəmiyyətli dövlətlərdir: "Bu dövlətlər tezliklə bir araya gəlib əməkdaşlıq etməlidir və bölgə xaosdan xilas olmalıdır. İndi Türkiyənin qonşu olduğu Suriya, İraq bölgəsində xaos mövcuddur. Bu xaos bölgənin bütün dövlətlərinə zərər verir. Bu xaosu söndürmək əvəzinə, onun üzərinə benzin səpən regiondan kənar dövlətlər də var. Həmin dövlətlər Türkiyənin yerləşdiyi bölgədən çox uzaqda yerləşsələr də, ancaq hərbçi və silah-sursatlarla bölgənin sabitliyinə müdaxilə edirlər. Bunu da artıq bütün dünya bilir.
Sual olunur ki, Liviyada Fransanın, İtaliyanın, ABŞ-ın nə işi var? Adlarını çəkdiyim dövlətlər bu bölgəyə girməklə, Liviyada, Misirdə və digər dövlətlərdə xaos yaradıblar. Bu gün bölgənin demokratik prinsiplərlə idarə olunan Türkiyə, İsrail kimi əsas dövlətləri var. Rusiya da bu bölgədə söz sahibi olan böyük dövlətdir. Ona görə də Türkiyə regionda sülhün və sabitliyin yaradılması üçün təşəbbüs göstərir. Hər kəs belə anlasın ki, indi bölgədə böyük yanğın var və həmin yanğını söndürmək üçün bölgə dövlətləri səfər olmalıdır. Çünki regiondan kənar dövlətlər bu yanğını daha da alışdırır. Bu bölgənin əsas dövlətləri isə Türkiyə, Rusiya, İsrail, Azərbaycan, İrandır. Bu dövlətlərin liderləri bir araya gəlib bölgədəki yanğını söndürmək üçün ciddi addımlar atmalıdır. Çünki bu yanğın təkcə xaos baş verən ölkələrə deyil, region dövlətlərinə də zərər verir.
Bəzən biz bu xaosun Avropa dövlətlərində də böyük yanğınlar çıxarmasını müşahidə edirik. Ona görə də bütövlükdə dünya ölkələri bundan zərər görürlər".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, ötən ilin 24 noyabr tarixində rus hərbi təyyarəsinin vurulmasından və pilotun öldürülməsindən təəssüfləndiyini dilə gətirib. Ərdoğan öz məktubunda rus pilotun ailəsinə başsağlığı verərək, Türkiyənin təzminat ödəməyə hazır olduğunu da qeyd edib.
Eyni zamanda Türkiyə ilə İsrail arasında bir neçə ildir ki, davam edən danışıqlar müsbət nəticələnib. Ötən gün Türkiyə ilə İsrail arasında Romada razılaşma əldə olunub.