Baş nazirin ögey oğlu və “Hollivudda yuyulan” çirkli pullar Dünya

Baş nazirin ögey oğlu və “Hollivudda yuyulan” çirkli pullar

ABŞ-ın Ədliyyə Nazirliyi Malayziya rəsmilərinin Hollivud studiyalarına gedib çıxan korrupsiyasını araşdırır

Cavid

Bloomberg saytının yazdığına görə, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Malayziyanın 1MDB kimi tanınan ictimai fondundan mənimsənmiş 1 milyard dollar dəyərində aktivləri müsadirə etməyə hazırlaşır. Sözü gedən aktivlərə daşınmaz mülkiyyət, sənət əsərləri və "Wall Street Canavarı" filminin qonorar pulları daxildir. Ədliyyə Nazirliyinin məhkəmə üçün hazırladığı sənədlərdə deyilir ki, 1MDB fondundan mənimsənmiş pullardan Malayziya hökuməti rəsmilərinin və onların qohumlarının ABŞ-da daşınmaz mülkiyyət alması, onların Las Veqas kazinolarındakı xərclərinin ödənməsi və 200 milyon dollar dəyərində sənət əsərlərinin əldə olunması üçün istifadə edilib. Nazirlik iddia edir ki, bu yolla mənimsənmiş 3,5 milyard dolların 1 milyardı ABŞ-ın bank sistemindən keçib.

Dövlət vəsaiti hara köcürülüb?

ABŞ-ın baş prokuroru Loretta Lynch Vaşinqtonda keçirilmiş mətbuat konfransında deyib ki, korrupsiyaya uğramış məmurlar "ictimai fonddan şəxsi bank hesabları kimi istifadə ediblər". ABŞ mətbuatı bildirir ki, hazırda rəsmən Malayziya İnkişaf Berhad (Malaysia Development Berhad) adı ilə tanınan Malayziya ictimai fondu ətrafında rəsmi şəxslər tərəfindən həyata keçirildiyi iddia edilən korrupsiya və çirlkli pulların yuyulması ilə bağlı bir neçə beynəlxalq cinayət təhqiqatı aparılır.
Azı dörd ölkədən – Sinqapur, İsveçrə, Lüksemburq və ABŞ-dan olan prokurorlar Malayziyanın milli inkişafı üçün yaradılmış investisiya fondundan vəsait axınlarını araşdırırlar. Beynəlxalq təhqiqat rəsmiləri diqqəti belə bir məqama çəkirlər ki, bu fonda Malayziyanın baş naziri Najib Razak rəhbərlik edib. İstər baş nazir, istərsə də MDB heç bir qanunsuz əmələ yol verilmədiyində israr edirlər.

Baş nazirin ögey oğlu

Bloomberg yazır ki, Najib ailəsinin 1MDB-nin vəsaitləri ilə əlaqəsi iddia olunur. Bu əlaqələrdən biri Malayziyada tam bir il ərzində böyük siyasi qalmaqala səbəb olub. Məqalədə deyilir ki, söhbət 2013-cü il seçkisinin ərəfəsində baş nazirin şəxsi bank hesabında "peyda olmuş" 681 milyon dollarlıq ianədən gedir. Malayziyanın baş prokuroru Najib barədə araşdırmaya xitam vermiş, rəsmilər isə Səudiyyənin kral ailəsindən verilən bu ianənin əksər hissəsinin qaytarıldığını söyləmişdilər.
Məhkəməyə verilmiş şikayət ərizəsində Najib-in ögey oğlu Riza Aziz və Malayziya maliyyəçisi Low Taek Jho-nun adı çəkilir. Bu da əlavə edilir ki, Riza Red Granite Pictures adlı Hollivud kinostudiyalarından birinin şərikli sahibidir. Məşhur "Wall Street Canavarı" filmi məhz bu kinostuiyada çəkilib.

Kleptokratiya aktivləri

Baş prokuror Lynch deyib ki, hazırda Ədliyyə Nazirliyi bu filmdən əldə olunmuş qonorara əl qoymağa çalışır. MDB sözçüsü hələ ötən aprel ayında bəyan etmişdi ki, fond "nə dolayısı ilə, nə də vasitəçilərin kanalları ilə Red Granite Pictures kinostudiyasına vəsait köçürməyib və ya investisiya yatırmayıb".
Xanım Lynch bunu da deyib ki, sözü gedən iş Ədliyyə Nazirliyinin Kleptokratiya Aktivləri Təşəbbüsünün indiyədək apardığı ən böyük müsadirə aktı ola bilər.
Bu təşkilat ABŞ banklarından beynəlxalq çirkli pulların yuyulması üçün istifadə hallarını araşdırır. ABŞ hökumətinin müsadirə etməyə çalışdığı aktivlərə "Wall Street Canavarı" filmindən alınan qonorarlar, Kaliforniyadakı Beverli Hilzdə evlər, Manhattandakı Time Warner binasında penthauz vəVincent van Gogh-a aid tablo daxildir. İsveçrə hüquq-mühafizə orqanlarının təxmininə görə Malayziyanın dövlət şirkətlərindən 4 milyard dollaradək vəsait yayındırıla bilərdi. Malayziya parlamentinin müvafiq komitəsi fond tərəfindən 4, 2 milyard dollarlıq nizamsız köçürmələr edildiyini bildirmişdi.