İrəvan qiyamçılarının ikisi yaralanıb Dünya

İrəvan qiyamçılarının ikisi yaralanıb

Bu gecə İrəvanda post-patrul polisi alayının binasını nəzarətdə saxlayan silahlı qrupla atışma baş verib.
Atışma zamanı silahlı qrupun üzvləri Aşot Petrosyan və Ovanes Arutyunyan yaralanıblar, onlar xəstəxanaya aparılıb.
Səhərə yaxın isə silahlıları dəstəkləyənlərdən Artur Sərkisyan avtomobilini ərzaqla dolduraraq polkun ərazisinə daxil olmaq istəyib. Lakin polislər hər tərəfdən onun avtomobilinə atəş açıblar. Buna baxmayaraq Artur yaraqlılara yemək çatdıra bilib.
Digər bir məlumata görə İrəvanda post-patrul alayının binasını ələ keçirən silahlı qrupun üzvləri bu gün daha bir polis avtomobilini yandırıblar.
Bu barədə "Sputnik" məlumat yayıb.
Ermənistan Polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan agentliyə "Samand" markalı maşının yandırıldığını bildirib.
Xatırladaq ki, qiyamçılar dünən polisin "Chevrolet" markalı avtobusunu, srağagün isə "Qazel" markalı mikroavtobusunu yandırmışdılar.
Onu da xatırladaq ki, İrəvanda gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.
İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.
"Yeni Ermənistan" və "Təsis Məclisi" hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.