ABŞ-ın “Teylor” hərbi gəmisi Qara dənizdə Dünya

ABŞ-ın “Teylor” hərbi gəmisi Qara dənizdə

Pentaqon Avropaya 600 hərbçi göndərib

ABŞ Hərbi-Dəniz Qüvvələrinə (HDQ) məxsus "Teylor" hərbi gəmisi bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi missiyası ilə Qara dəniz akvatoriyasına daxil olub. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HHQ-nin məlumat xidmətinin açıqlamasında bildirilir.
Xidmətin məlumatına görə, "Teylor"un missiyası ilə Vaşinqton NATO-dakı müttəfiqlərini bir daha əmin etmək istəyir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri bu bölgədə sülhə nail olmaq məqsədilə Alyans qüvvələri ilə əməkdaşlığı gücləndirmək və yaxşılaşdırmaq niyyətindədir.
ABŞ Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda NATO-dakı müttəfiqləri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə Polşa və Baltikyanı ölkələrə 600 hərbçi də yollayıb. Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
"ABŞ-ın İtaliyada yerləşən 173-cü hava-desant briqadasından olan 160 hərbçi Polşaya aprelin 23-də gələcək. Daha 450 hərbçi isə Estoniya, Litva və Latviyaya yollanacaq", deyə Kirbi bildirib.
Kirbinin sözlərinə görə, hərbçilər yaxın bir neçə aya planlaşdırılan hərbi təlimlərdə iştirak edəcəklər.
Qeyd edək ki, aprelin 20-də Polşa XİN rəhbəri Radoslav Sikorski Ukraynadakı böhrana görə ABŞ və NATO-ya ölkədə hərbi kontingenti artırmağı təklif edib.