Ukrayna AB-nin Trumpa dirənməsini istəyir Dünya

Ukrayna AB-nin Trumpa dirənməsini istəyir

Ukrayna "Ləyaqət və Azadlıq günü"nü, "Maydan" hərəkatının 3-cü ildönümünü qeyd edib. Kiyevdə təntənəli mərasimdə prezident Petro Poroşenko xalqı Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb, Ukraynanın bir də heç vaxt Moskvanın tabeçiliyinə dönməyəcəyini söyləyib.
Amma Rusiya liderinə rəğbətini gizlətməyən, həm də Ukraynadakı keçmiş rejimlə bağları olan Donald Trumpın ABŞ-ın prezidenti seçilməsi ukraynalıları xeyli əndişələndirir. "The Financial Times" qəzeti yazır ki, Ukrayna prezidenti bu həftə Brüsselə səfərində diqqəti bu məsələyə yönəltməyə, AB-dən Ukraynaya həm də Birləşmiş Ştatlarla bağlı yardım qoparmağa çalışacaq: "Ukrayna istəyir ki, AB liderləri D.Trumpı ABŞ-ın Rusiyaya sanksiyalarını saxlamağa çağırsınlar".
Əslində, keçən həftə ABŞ prezidenti B.Obamanın Avropa liderləriylə görüşündə Rusiyaya sanksiyaların genişləndirilməsi barədə razılıq əldə olunub. "The Financial Times" yazır ki, bununla Qərb P.Poroşenko administrasiyasına arxa durduğunu göstərib, amma Ukraynayla bağlı mövqeyi bəlli olmayan D.Trumpın hakimiyyətə gəlişi sanksiyalar məsələsini də sual altında qoyub.
Poroşenkonun Brüssel səfərinin gündəliyindəki məsələlər Ukraynaya 600 milyon avroluq yardım və Avropayla viza rejiminin ləğvidir. Amma P.Poroşenko Avropanın hər şeydən öncə Vaşinqtonun mövqeyini dəyişməsinə qarşı çıxmasına çalışır. Ukraynanın qurumdakı təmsilçisi Mykola Tochytski "The Financial Times"a müsahibəsində Kiyevin avropalılara əsas ismarışının bu olacağını deyib: "Rusiyaya sanksiyalar Moskvanın Krımı ilhaqına və Rusiyanın Donbasdakı əməliyyatlarına görədir. Heç nə dəyişməyib, qanunsuz ilhaq prosesi qalmaqdadır".
AB-nin Ukraynaya dəstəyinə kölgə salan – ölkədə korrupsiyanın baş alıb getməsiylə bağlı ittihamlardır. Ukraynanın siyasətçi və məmurları öz əmlakları barədə onlayn anketləri doldurandan sonra onların var-dövlətinin yüz milyonlarla dolları aşması sakinləri şoka salsa da, Avropa rəsmiləri bu açıqlamaları müsbət addım sayır. AB ukraynalıların Avropaya vizasız gediş-gəlişinə yaşıl işıq yandırmağa şərti olsa da, razılıq verib. Amma viza rejiminin şərtləriylə bağlı tam razılaşma hələ imzalanmayıb. Səfir M.Tochytski Brüsselin Kiyevin qarşısına qoyduğu 140 şərtə artıq əməl edildiyini, indi də Brüsseldən çevik addım gözlədiklərini deyir.
Avropa rəsmilərindən biri isə "The Financial Times"a müsahibəsində bildirib ki, D.Trumpın xarici siyasətinin müzakirə edildiyi vaxtda AB-nin Kiyevə dəstəyini göstərən əlavə addımlara xüsusi ehtiyac var: "Bizdən çox, indi ukraynalıların sümükləri titrəyir, hamı ABŞ siyasətinin hansı səmtə yönələcəyindən narahatdır və yaxşı ismarışlar göndərmək indi, özəlliklə, vacibdir"