Tramp təlatümü davam edir Dünya

Tramp təlatümü davam edir

Donald Trampın bir tviti Boeng şirkətinə 1 milyard dollarlıq "problem yaratdı"

"The İndependent" yazır ki, Donald Trampın sözləri heç də təkcə sosial mediada fırtına yaratmayıb, həm də maliyyə bazarlarını lərzəyə gətirib. Məqalədə deyilir ki, Trampın "təzə davası" ABŞ-ın əsas təyyarə istehsalçısı Boeing-lədir. O Tvitterdən yazdığı postda bildirib ki, şirkətin yeni prezident təyyarəsi - Air Force One layihəsi nəzarətdən çıxıb və xərclər artıq 4 milyard dollara çatıb. Donald Tramp öz postunda bunu da bildirib ki, Boeinglə hökumət arasında olan müqavilə ləğv edilməlidir.
"The İndependent" yazır ki, sözü gedən tvit "The Chicago Tribune" qəzeti Boeing şirkətinin icraçı direktoru Muilenburgun Trampın beynəlxalq ticarət planlarına şübhə etdiyini bildirən məqaləni çap etdikdən dərhal sonra yazılıb. Xəbər verilir ki, Donald Trampın tvitindən əvvəl şirkətin hər səhmi 152.16 dollara satılırdısa, sözü gedən postdan sonra səhm qiymətləri 149, 75 dollara düşüb.
Təlatüm çox qısa müddətdə davam edib və sonradan səhm qiymətləri qalxıb və ötən ilin müvafiq dövründə olduğundan yenə də 5 faiz artıqdır, lakin həmin o qısa müddətdə Boeing öz dəyərindən 1 milyard dollar itirib. Şirkətin sözüçüsü Todd Blecer deyib ki, Boeing hələlik Air Force One təyyarələrinin ilkin layihələndirilməsinə görə cəmi 170 milyon dollar alıb və ABŞ silahlı qüvvələrinə Amerika vergiödəyənlərinin puluna cavab verən təkmil təyyarə hazırlmağa can atır.
Boeing şirkəti ABŞ hökumətinin yeni təyyarə donanmasının tikintisi üçün tenderi bu ilin yanvarında qazanıb. Lakin sözü gedən tvit barədə özünün Tramp Tower iqamətgahında jurnalistlərin sualına cavab verən Tramp belə baha qiymətə təyyarə almağın axmaqlıq olduğunu deyib. "The İndependent" yazır ki, cənab Muilenburg qəzetdə cənab Trampın beynəlxalq ticarət planlarına ölçülüb-biçilmiş mötədil bir qiymət vermişdi. Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, Trampın sözü gedən tviti "The Chicago Tribune" qəzetindəki şərh işıq üzü görəndən az sonra yazılıb.
Məqalədə deyilir ki, prezident seçilmiş Donald Tramp artıq bizneslərin işinə müdaxilə etməyə başlayıb. O İndianapolisdə kondisioner istehsal edən Karrier şirkətinə zəng edərək öz iş yerlərinin yarısını Meksikaya köçürməməyə çağırıb. Tramp həmçinin iddia edir ki, o Ford şirkətini öz zavodunu Meksikaya keçirmək planlarından daşındırıb. Halbuki Ford şirkəti az sonra bu iddianı rədd edərək bildirib ki, şirkət yalnız bir istehsalat xəttini Meksikaya aparmağı düşünür.