Türkiyənin internet problemi Dünya

Türkiyənin internet problemi

Ərdoğan hökuməti məhdudlaşdırıcı qanunlarla böhranlı vəziyyətdən çıxmağa çalışır

Cavid

Türkiyə Böyük Millət Məclisinin Ərdoğan hökumətinin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul etməsi ciddi səs-küyə səbəb olub. Yeni qanun Türkiyə Telekommunikasiya Müdirliyinə (TİB) məhkəmənin icazəsi olmadan saytları bağlamağa imkan verəcək.
Belə ki, hakimiyyət bu və ya digər internet resursuna çıxışı orada təhqiredici kontent aşkarladıqda məhdudlaşdıra biləcək. İnternetdə belə kontent "problemli sözlər" əsasında müəyyənləşdirilməklə onların axtarışı ilə hüquq-mühafizə orqanları məşğul olacaq. Hazırda hansı sözlərin "problemli sözlər" kateqoriyasına aid ediləcəyi məlum deyil.
Bundan başqa, parlament üzvləri tərəfindən qəbul edilən qanun provayderləri istifadəçilərin sosial şəbəkələrdə fəallıqları barədə məlumatları saxlamağa məcbur edir. Belə məlumatlar ən azı iki il müddətinə saxlanılmalı və səlahiyyətli orqanların sorğusu əsasında üçüncü tərəfə verilə bilər.
Türkiyədə interneti məhdudlaşdıran ilk qanun 2007-ci ildə qəbul edilib. O zaman ölkə ərazisində "Wordpress" bloqhostiniq və bir neçə videohostinq, o cümlədən "DailyMotion" və "Vimeo" bağlanılıb. Bundan əlavə, 2010-cu ilədək Türkiyə hökuməti "YouTube" videohostinqindən istifadəni məhdudlaşdırıb. 2011-ci ildən Türkiyədə qadağan edilmiş saytlar reyestri fəaliyyət göstərir. Əvvəlcədən reyestr terrorizmlə mübarizə üçün yaradılsa da, sonradan saytların "qara siyahı"ya daxil edilə biləcəyi kontentin siyahısı xeyli genişləndirilib.
Müxalifət bu addımı ifadə azadlığına hücum adlandırıb.
Türkiyədə internetə çıxış hazırda da məhduddur. Xatırladaq ki, Gəzi Parkı olayları zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan interneti açıq tənqid etmişdi. O, Twitter şəbəkəsini "bəla", sosial medianı isə "cəmiyyətin baş bəlası" adlandırmışdı. "Gezi Parkı" nümayişlərində etirazçılar məlumat yaymaq üçün Twitter və Facebook şəbəkələrindən geniş istifadə edib.
Artıq sözügedən qanun layihəsi imzalanmaq üçün prezidentə göndərilib.
Qeyd edək ki, bu sənəd müxalifətin, internet-cəmiyyətlərin, beynəlxalq təşkilat və ictimaiyyətin sərt tənqidinə tuş gəlib. Müxalifətdə olan MHP bildirib ki, əgər bu qanun qüvvəyə minərsə, bu, ölkədə antidemokratik vəziyyətin möhkəmləndirilməsinə gətirib çıxaracaq.
İndiyədək Türkiyədə saytlar yalnız məhkəmənin qərarı ilə bağlanmağa icazə verilirdi. "Wordpress", "Dailymotion" və "Vimeo" kimi saytlar əvvəllər məhkəmə qərarı əsasında bağlanıb. Youtube da 2 il ərzində Türkiyədə bağlanmış saytlar arasında olub.
Onu da bildirək ki, Türkiyədə 5000 vebsayt bağlıdır. Bu internet səhifələri hakim AK partiyanın 3 il əvvəl tətbiq etdiyi qanunla bağlanıb. Bunu ATƏT-in hesabatı deyir.
Türkiyədə 2008-ci ildən YouTube da qadağandır. Bütün bu problemlər isə Google ilə bağlı saytlara məhdudiyyətlərin genişlənməsi ilə gündəliyə gəlib.
Türkiyə Avropa Birliyinə üzv olma danışıqlarına başlayandan 5 il sonra Türkiyəni Avropada internet senzoru kimi qavramağa başlayıblar.
"Türkiyəni artıq Çin və İran kimi ölkələrlə müqayisə edirlər". Bunu isə Avropa parlamentinin britaniyalı deputatı Riçard Houit deyir.
Türkiyə hakimiyyəti isə bildirir ki, bir qrup yunan millətçisi Atatürklə bağlı təhqiredici videonu YouTube-a yerləşdirəndən sonra YouTube qadağan olunub.
İstanbulun Bilgi Universitetinin media araşdırmaları professoru Haluk Şahin hesab edir ki, senzuranın bir əsas səbəbi mentalitetdir: "Ölkədə uzun illər informasiyanın sərbəst axmasından, əks-informasiyaya imkan verilməsindən çox, informasiyanın dayandırılması hakim yer tutub".
O da qeyd olunur ki, Türkiyədə İnternet qadağası 2007-ci ildə qəbul olunan qanundan gəlir.
O zaman qəbul olunan qanun intihar, qumar, pornoqrafiya kimi məsələlərin təbliği ilə mübarizə məqsədli olub. Bu qanun həmçinin anti-terror qanunlarını pozanları və Atatürkü təhqir edənləri cəzalandırır.
Qanun Telekommunikasiya Şurasına imkan verir ki, məhkəməyə getmədən bu növ saytları bağlasın.
Türkiyənin Mülki Məcəlləsinin bir maddəsi də var. O maddə ilə haqlarının pozulduğunu deyən vətəndaşın tələbi ilə sayt bağlana bilər.
2008-ci ildə İstanbul məhkəməsi məhz bu maddəni əsas gətirib, bioloq və ateist Riçard Doukinsin saytını bağladı.
Dünyanın yaradıldığına inanan islam alimi Adnan Oktar məhkəməyə müraciət etmişdi ki, Doukinsin saytı dini təhqir edir.
Avropa Parlamentinin britaniyalı üzvü Riçard Houit Türkiyədə internet senzurası ilə bağlı vəziyyəti təcili düzəltməyə çağırır: "Bütün bu baş verənlərdə ədalət prinsipi pozulur. Türkiyəni sevənlər və onu Avropa Birliyinin üzvü görmək istəyənlər başa düşməlidirlər ki, internetə belə münasibət Türkiyəni gözdən salır. Avropa Birliyinin YouTube qadağanı ilə bağlı səbri tükənməkdədir".
Professor Haluk Şahin isə hesab edir ki, Türkiyənin özündə ictimaiyyət və siyasi müxalifət tələb etməlidir ki, İnternetə azadlıq versinlər.
Onu da qeyd edək ki, məlum Gezi parkındakı hadisələr haqqında təsdiq edilməmiş məlumat yayan 105 internet-sayt da artıq müəyyən edilib.
Amma hökumət yeni qanunun məhdudlaşdırıcı mahiyyətli olduğu barədə fikirlərlə razılaşmır. "Türkiyə sosial medianı qadağan etməyə hazırlaşmır". Bunu Ədalət və İnkişaf Partiyası başçısının müavini Hüseyn Çelik bildirib. Onun sözlərinə görə, hökumətin məqsədi Qərbi Avropa və Avropa Birliyi ölkələrində tətbiq edilən sosial media haqqında qanunvericiliyə düzəlişləri daxil etməkdir. Onun bildirdiyinə görə, bu günə kimi xalqı qarışıdurmaya çağıran 262 saxta tvitter profili aşkar edilib.
Türkiyə Liberal Demokrat Partiyasının sədri Cem Tokerin sözlərinə görə, Ərdoğan iqtidarı bulaşdığı qanunsuzlaqların, sui-istifadələrin ortaya çıxmaması üçün internetə qadağaları tətbiq edib: "Amma hər internet səhifəsini yasaqlaya bilməz. İntenrent vasitəsilə yayımlanan qəzetlər var axı. Biz Türkiyə Telekommunikasiya Müdirliyi binası önünə qara çələng qoyacağıq".
Politoloq Hasan Oktay isə bildirib ki, Türkiyədə iqtidarı meydana gətirən koalisiya gücləri arasında başlayan döyüş istər-istəməz azadlıqların məhdudlaşdırılmasına səbəb olmaqdadır: "AKP mediyaya və internetə senzura tətbiq etmək yolunu seçib. Məqsəd ilk növbədə Gülən camaatına işləyən intenrent resursalarının faliyyətini qadağan etməkdir".