Ərəb avtokratları “antimüsəlman Trampı“ niyə tənqid etmirlər? Dünya

Ərəb avtokratları “antimüsəlman Trampı“ niyə tənqid etmirlər?

"The İndependent" qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, ərəb krallarının və diktatorlarının "antimüsəlman Tramp adminsitrasiyasını" tənqiddən çəkinməsinə təəccüblənməyə dəyməz. Əkasinə, Körfəz ölkələri Ağ Evə zəng edib oranın təzə sahibi ilə danışmağa çalışırlar. Birləşmiş Ərəb Əmirlikləri isə hətta Trampın sərəncamlarını təqdir edib.
"Beləliklə, ABŞ-ın Avropa müttəfiqləri Tramp adminsitrasiyasını açıq tənqiddən çəkinmədikləri halda, bu administrasiyanın "antimüsəlman" siyasətinin həqiqi qurbanları səslərini çıxarmırlar" - yazır jurnalist. Məqalədə deyilir ki, İŞİD, onun ardınca da əl-Qaida Trampı pisləyib. Müasir tarixdə ilk dəfədir ki, 11 sentyabr hücumlarını törədənlərlə ABŞ əhalisinin yarısının düşüncələri üst-üstə düşüb.
Misir başçısı general Sisi, əlcəzairlilər Trampı prezident seçilməsi münasibətilə təbrik ediblər. Yeri gəlmişkən, Əlcəzair Bəşər əl-Əsədi də onun "böyük qələbəsi" münasibətilə təbrik edib. Fisk yazır ki, İŞİD-in "antiislam Trampı" tənqid etməsi təbiidir, əslində bu təşkilat ərəb ölkələrinin rejimlərini də beləcə tənqid edir. Lakin ərəb rejimlərinin yeni Amerika rejiminə münasibəti maraq doğurur.
Jurnalistin fikrincə, bu vəziyyət ərəb diktatorların Trampla nə dərəcədə oxşar olduqlarını nümayiş etdirir. Əksər ərəb başçıları sözdə bir şeyi deyib, əməldə başqa şeyi törədirlər. Onların hamısı "sionizm" üzərində qələbə vəd edib, amma əvəzində səudlar İraq və Suriyaya dəfələrlə hücum ediblər, Misir və Birləşmiş Əmirlikləri Liviyanı bombalayıb, Səudiyyə və Birləşmiş Əmirliklər Yəmənə raket zərbələri endiriblər.
Tramp da, ərəb diktatorları da İslam ekstremizminə qarşı mübarizə apardıqlarını bəyan edirlər. Fisk yazır ki, Yaxın Şərqin hökumətləri bu təbliğat "zir-zibili" ilə illərlə öz xalqlarının beynini piyləyiblər. "Biz Sədatları, Mübarəkləri, Sissiləri, Əsədləri, Körfəz krallarını və onların öz xalqlarına sırıdıqları fantaziyaları az görməmişik" - yazır Fisk.
Məqalədə deyilir ki, Trampın ürəyindən Yaxın Şərqdəki sözəbaxan jurnalistika keçir. Tramp ərəb ölkələrində polislərin malik olduqları səlahiyyətlərə qibtə ilə baxır. Fisk yazır ki, Misirin qocaman prezidenti Mübarəkin öz xalqına daim saxta seçkilər bəxş etməsi hamının yadındadır. Jurnalistin qənaətinə görə, ərəb rejimlərinin hamısının "həqiqət məbədi" olan öz Spicer-ləri var.
Məqalədə deyilir ki, bütün yaxınlıqlarına baxmayaraq, ərəb rejimləri ilə Tramp bir məsələdə fərqlənirlər. Ərəbləri çox vaxt antisemitizmdə ittiham edirlər, çünki onlar həm də anti-İsraildirlər. "Lakin axı ərəblərin özləri də semitdirlər. Əgər Trampın Holokostun Yadetmə günündə yəhidilərin adını çəkməməsi, üstəlik də 7 ərəb ölkəsinə pis münasibəti nəzərə alınarsa, bu onu deməyə əsas verir ki, o həm ərəblərə, həm də yəhudilərə münasibətdə antisemitdir" - deyilir yazıda.
Məqalədə deyilir ki, əgər Tramp bu gün müharibədə olmayan ərəb rejimlərinə səfər etmiş olsaydı, özünü evindəki kimi hiss edə bilərdi. Ciddi təhlükəsizlik, "fantastik müti" xalq, son dərəcə saxta seçkilər və ətraf mühitə ziyan verən nəhəng layihələr… Fisk kinayə ilə təklif edir ki, ərəb avtokratları və kralları özlərinin növbəti sammitləri üçün Vashinqtona da yığıla bilərdilər. Elə onlar da özlərini evlərindəki kimi hiss edərdilər…