Tramp Rusiya ilə ondan qorxduğu üçün yaxınlaşmaq istəyir? Dünya

Tramp Rusiya ilə ondan qorxduğu üçün yaxınlaşmaq istəyir?

"The Telegraph" yazır ki, Donald Tramp ötən cümə axşamı keçiridyi mətbuat konfransında öz ölkəsinin Rusiya ilə münasibətləri barədə suallarla üzləşməli olub.
Tramp jurnalistləri inandırmağa çalışıb ki, iki ölkə, yəni ABŞ və Rusiya arasında münasibətlər yaxşılaşmasa, əsl "nüvə holokostu" törəyə bilər.
"Rusiyanın son zamanlar atdığı addımları Putinin onu sınağa çəkməsi kimi qəbul edirmi" sualına cavab verərkən Tramp deyib ki, onun üçün Rusiyaya sərt münasibət sərgiləmək daha "asan" olardı.
Lakin o deyib ki, "Amerika və dünya üçün onun Rusiya ilə isti münasibətlərə can atması daha yaxşı olar".
"Biz çox qüdrətli nüvə ölkəsiyik və onlar da, - deyib Tramp, - Mənə məlumat veriblər. Mən həmin brifinqdən sizə deməyə ixtiyarım olan bir şeyi deyə bilərəm. Çünki ən sadə kitabı oxuyan da bunu deyə bilər. Nüvə holokostunun misli-bərabəri olmayacaq".
"Əgər bizim Rusiya ilə yaxşı münasibətlərimiz olsa, inanın mənə yaxşı olar. Pis olmaz" - deyib Tramp.
"The Telegraph" yazır ki, Trampın nüvə müharibəsi barədə dedikləri sosial mediada nifrət doğurub.
Qəzetdə dərc edilmiş tvitlərdən birində belə deyilir:
"Donald acıqlı mətbuat konfransında deyir ki, ruslarla dost olmaq yaxşı şeydir, yoxsa "nüvə holokostu" baş verər. Qorxaq axmaq".
"The Telegraph" yazır ki, son günlərdə Rusiaynın hərbi təyyarəsi Qara dənizdə ABŞ gəmisinin başı üstündə qıy vurub, Rusiyanın casus gəmisi ABŞ-ın şərq sahilinə gəlib çıxıb. Rusiya qadağan olunmuş nüvə raketlərini yerləşdirib.
Amma mətbuat konfransında Trampın sözündən belə çıxıb ki, Putinin davranışını bağışlamaq olar, çünki ola bilsin, Rusiya prezidenti mümkün müttəfiqlikdən əlini üzüb.
"Siz də Putinin yerinə olsaydınız, deyərdiniz: OK, deməli köhnə vaxtlara qayıdırıq. Nə olar? Belə getsə, Putin bizimlə heç cür razılığa gəlməz" - deyib Tramp.
Məqalədə deyilir ki, Tramp əvvəllər də Rusiya və ABŞ-ın nüvə qüdrəti barədə danışıb. Amma o dekabrda demişdi ki, Rusiya ilə nüvə silahlanması yarışına hazırdır.
Prezident bu mətbuat konfransında xəbər mediası üzərinə yenidən fövqəladə hücuma keçib və deyib ki, mətbuatın Ağ Evdəki "xaosdan" yazmasına baxmayaraq, onun ofisi "yaxşı sazlanmış maşın kimi işləyir".
Bir sıra vəzifəli respublikaçılar Tramp administrasiyasının Rusiya ilə əlaqələrinin dərindən öyrənilməsinə çağırıblar, demokratlar isə müstəqil araşdırma tələb edirlər.