Le Pen parlament seçkilərinə hazırlaşır Dünya

Le Pen parlament seçkilərinə hazırlaşır

Fransadakı prezident seçkilərində "İrəli" hərəkatının təsisçisi Emmanuel Makrona məğlub olan ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen gözünü iyunun ortalarında keçiriləcək parlament seçkilərinə dikib.
Le Pen başda partiyanın adı olmaqla əhəmiyyətli dəyişikliklər edəcəyini bildirib.
"Dəyişikliklər Fransa siyasətində qırx ildən çoxdur eyni adla iştirak edən partiyanın adından başlayacaq. Bütün vətənpərvərləri bizə qoşulmağa dəvət edirik. Çünki gələcəkdə Fransanın sizə indikindən daha çox ehtiyacı olacaq", - deyə o bildirib.
Qeyd edək ki, dünən Fransada keçirilmiş prezident seçkilərinin ikinci turunda "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06% səslə Marin Le Peni məğlub edib.
Bunun ardınca parlament seçkiləri ilə bağlı proqnozlar verilib. İlkin ehtimala görə, "İrəli" parlament seçkilərində 26%, Milli Cəbhə isə 22% səs toplaya bilər.