Donald Tramp: “Mənə qarşı istintaq başladılmayıb” Dünya

Donald Tramp: “Mənə qarşı istintaq başladılmayıb”

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun istintaqına cəlb olunmayıb. Donald Tramp təkid edib ki, Federal Təhqiqatlar Bürosu (FTB) onun barəsində araşdırma aparmır. O, həmçinin işdən azad etdiyi FTB direktoru Ceyms Komeyi "özünü reklam edən" və "ədabaz" adlandırıb.
Tramp NBC News-a müsahibəsində onu da deyib ki, Comeyi işdən çıxarmaq yalnız onun qərarı olub. Komey Tramp kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələri və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları araşdırırdı. Donald Tramp FTB direktorunu vəzifəsindən azad etdikdən sonra verdiyi ilk müsahibəsində deyib ki, o, Komeydən istintaq nəzarəti altında olub-olmadığını soruşub.
"Dedim ki, mümkündürsə deyin, "mənim barəmdə araşdırma aparılırmı?" O dedi ki, "Yox, sizin barənizdə araşdırma aparılmır", -Tramp deyib. Prezident, həmçinin Komeyi ədliyyə rəsmilərinin tövsiyəsi ilə işdən çıxarması barədə Ağ Evin ilkin izahatından fərqli çıxış edib və deyib ki, FTB direktorunu işdən özü azad edib. NBC News-a müsahibəsində Tramp, "mənim seçki kampaniyam və ruslar arasında heç bir sözləşmə yoxdur"- deyib.
Tramp bu yaxınlarda Tvitterdə Rusiya-Tramp sövdələşməsi barədə ittihamları "ümumi oyun" adlandırıb. Lakin cümə axşamı o, bu barədə FTB araşdırmasının yekunlaşmasını istəməsini təkzib edib. Əvvəllər bir çox liberal ötən il prezidentliyə namizəd Hillari Klintonun e-mailləri barədə FTB araşdırmasının Donald Trampın seçkilərdə qələbə qazanmasına səbəb olduğunu deyərək, bunda Komeyi günahlandırırdılar və onun işdən azad edilməsinə çağırırdılar. Ağ Ev Rusiya ilə əlaqələr barədə araşdırmanı FTB-nin apardığı "ən kiçik" araşdırmalardan biri adlandırıb.
FTB Direktoru vəzifəsini icra edən Andrev McCabe isə bunun "çox əhəmiyyətli istintaq" olduğunu deyib. Bu arada Nüvə Tədqiqatları İnstitutunun direktoru, Vaşinqtondakı Amerika Universitetinin professor Piter Kuznik bildirib ki, ABŞ prezidenti Donald Trampa Rusiya ilə dialoq qurmaq kifayət qədər çətindir. Onun sözlərinə görə, nüfuzlu Amerika siyasətçiləri və aparıcı KİV-lərin əksəriyyəti Rusiya ilə dialoqun qurulmasına qarşı çıxır.
"Rusiya ilə münasibətlərin normallaşması üçün Trampın geniş manevr sahəsi yoxdur. Siyasətçilərin əksəriyyəti və media dialoqa qarşıdır. Tramp prezident postuna namizəd olanda Rusiya və onun prezidenti haqqında müsbət şeylər danışırdı. O, prezident seçildikdən sonra seçkiqabağı kampaniyasında danışdıqlarını həyata keçirmədi. Məhz Rusiyadakı dostlarıma xəbərdarlıq edirdim ki, Trampın sözlərinə inanmayın", - Kuznik deyib.
Professorun sözlərinə görə, bütün çətinliklərinə baxmayaraq, ABŞ və Rusiya mövcud gərginliyi azaltmağa məcburdur. "Bir vaxtlar elə görünürdü ki, Ukrayna və Suriyada hərbi münaqişələr fonunda ölkələrimiz arasında müharibə riski var", - ekspert yekunlaşdırıb.