Tramp Lavrova hansı məxfi informasiyanı verdi? Dünya

Tramp Lavrova hansı məxfi informasiyanı verdi?

Vaşinqtonda anonim mənbələrə istinadən mətbuatda növbəti qalmaqal yarandı.
"Vaşinqton Post" qəzetinin yazdığına görə, prezident Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova onunla mayın 10-da keçirdiyi görüşdə tam məxfi informasiyanı verib.
Nəşr iddia edir ki, Tramp Lavrovla Ağ Evdə görüşdə ona İŞİD terror qruplaşması haqqında informasiya verib. Qəzet indiki və keçmiş Amerika məmurları içərisindəki anonim mənbələrə istinad edib. Mənbələr informasiyanın xarakterini tamamilə məxfi qiymətləndirirlər, amma onun məzmununu müzakirə etməkdən imtina ediblər.
"Vaşinqton Post"un yazdığına görə, Tramp bununla da İŞİD üzrə kəşfiyyat mənbəyini böyük risk altında qoyub. Bildirilir ki, bu məlumatlar mübadilə olaraq ABŞ-ın xarici partnyorlarına verilirdi.
Nəşr əlavə edir ki, Lavrovla Trampın görüşündən sonra Ağ Evin rəsmi şəxsləri mümkün zərəri kompensasiya etmək üçün Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinə zəng ediblər.
Sonradan "Röyters" agentliyi təsdiq edib ki, administrasiyadakı anonim mənbələr "Vaşinqton Post"da dərc edilmiş xəbərə uyğun informasiya yayıblar.
Ağ Ev bu təkzib etdi. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster informasiyanın yanlış olduğunu bildirdi.
"Prezident və xarici işlər naziri aviasiyaya təhdidlər də daxil olmaqla terror təşkilatlarından ümumi təhlükələri müzakirə ediblər. Heç bir halda mənbələr və ya kəşfiyyat metodları müzakirə edilməyib", - Makmaster deyib.
Həmçinin, Herbert Makmasterin birinci müavini Dina Pauell də bildirib ki, görüşdə yalnız iki ölkənin qarşılaşdığı ümumi təhlükələr müzakirə edilib.
Dövlət katibi Reks Tillerson da dəqiqləşdirib ki, görüşdə mənbələr, metodlar və hərbi əməliyyatlar deyil, konkret təhlükələr müzakirə olunub.
Mariya Zaxarovun Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu nəşrləri "son dərəcə mənasız biabırçılıq" adlandırdı.
CNN güman edir ki, Tramp təyyarədə terror aktının təşkili ilə hansısa sui-qəsdin detallarını Lavrovla bölüşə bilərdi. ABŞ daha əvvəl bir sıra Yaxın Şərq dövlətlərindən ölkə ərazisinə uçan təyyarələrdə elektronik məhsulların daşınmasına əlavə məhdudiyyətləri tətbiq edib. Bəzi Avropa aeroportlarına da bu məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur, amma qərar hələ qəbul edilməyib.
Trampın informasiya aldığı mənbə isə anlaşılmazdır. Məlumdur ki, ABŞ xüsusi xidmət orqanları Böyük Britaniya, İsrail, Avstraliya və yaxın başqa ölkələrin müvafiq qurumları ilə sıx işləyir. Vaşinqton həmçinin Avropa İttifaqıyla və başqa ölkələrlə bəzi kəşfiyyat məlumatlarını mübadilə edir.
Müxalifətdə olan demokratlar, gözlənildiyi kimi Trampı tənqid atəşinə tutublar. Onlar Rusiyanın seçkilərə müdaxiləsi haqqında araşdırmanın aparıldığını prezidentə xatırladıblar.
Senatın kəşfiyyat üzrə komitəsinin üzvü, demokrat Mark Uorner bildirib ki, bu informasiya kəşfiyyata təhqirdir.
"Əgər informasiya həqiqətdirsə, bu, kəşfiyyat cəmiyyətinə təhqirdir. Bəraət qazandırmaq mümkün deyil. Mənbələr və metodlar, xüsusilə ruslarla təhlükə altına qoyulur", - Uorner Tvitterdəki mikrobloqunda yazıb.