İranda seçki saxtakarlığı davası: Rəisi müraciət etdi Dünya

İranda seçki saxtakarlığı davası: Rəisi müraciət etdi

İranın keçmiş baş prokuroru, prezidentliyə namizəd İbrahim Rəisi Konstitusiya Keşikçiləri Şurasına seçkilərdə baş verən qanun pozuntularının araşdırılması üçün müraciət edib. "Fars" agentliyinin verdiyi məlumata görə, Rəisi Şuradan seçki saxtakarlığının araşdırılması və hüquqi qiymət verilməsini istəyib. Budəfəki seçkilər İranda xüsusi aktivliklə müşahidə olunub. Seçici kütləviliyi səbəbindən 18:00-da bitməli olan səsvermə 24:00-a qədər uzadılıb.
Seçki günü Rəisinin qərargahı isə əksər seçki məntəqələrində bülletenlərin qurtardığı və seçki komissiyasının əlavə bülletenlər vermədiyi ilə bağlı məlumat yaymışdı. Bundan başqa, Rəisinin qərargahının rəhbəri Əli Nikzad seçkiləri müşahidə edən komissiyaya pozuntuların olması ilə bağlı sənəd göndərmişdi.
Qeyd edək ki, İranda 19 mayda keçirilən seçkilərdə rəsmi məlumata görə Ruhani 22,796 milyon, İbrahim Rəisi 15,452 milyon, Mustafa Mirsəlim 455 min, Mustafa Haşimi Taba 210 min səs toplayıb. Beləliklə, Həsən Ruhani səslərin ümumilikdə 57 faizini toplayaraq ikinci dəfə prezident seçilib.