Birləşmiş Ştatlar Suriya kürdlərini silahlandırmağa başladı Dünya

Birləşmiş Ştatlar Suriya kürdlərini silahlandırmağa başladı

"The Telegraph" yazır ki, Birləşmiş Ştatlar İslam Dövləti adlandırılan təşkilatdan Raqqa şəhərinin alınmasında iştirakı gözlənilən Suriya kürdləri arasında silah və hərbi avadanlığın paylanmasına başlayıb. Məqalədə deyilir ki, Türkiyənin narahatlığına baxmayaraq prezident Tramp Suriya Demokratik Qüvvələrinin tərkibindəki "kürd elementlərin" silahla təchiz edilməsi planına xeyir-dua verib.
Pentaqonun sözçüsü mayor Adrian Rankine-Gallovay deyib ki, kürd döyüşçülər artıq ilk silahları mayın 30-da ala biliblər. Kürdlər arasında silahların paylanması qərarı Tramp tərəfindən bir neçə həftə əvvəl rəsmiləşdirilib. "The Telegraph" yazır ki, silahların paylanmasına başlananda Türkiyə tərəfindən bu hadisəyə reaksiya verilməmişdi, lakin Ankara Suriya kürdlərinin YPG özünümüdafiə qüvvələrini qadağan edilmiş Kürdüstan İşçi Partiyası - PKK-nın bir qanadı hesab edir.
PKK 1984-cü ildən bəri Türkiyə hökumətinə qarşı üsyan qaldırıb. Bu təşkilat Türkiyədən başqa, həm də Avropada və Amerikada terrorçu təşkilatların siyahısına salınıb. Bu ayın əvvəllərində verdiyi bəyanatda Pentaqonun sözçüsü Dana Vite demişdi: "Prezident Raqqada İŞİD üzərində tam qələbənin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinə Suriya Demokratik Qüvvələrinin sıralarındakı kürd elementlərin təchiz olunmasına icazə verib".
"Suriya Demoktaik Qüvvələri ABŞ və onun koalisyasının əməli dəstəyi ilə yaxın gələcəkdə Raqqanın uğurla ələ keçirilməsi üçün yerdəki yeganə qüvvədir" - demişdi sözçü. Bu ayın əvvəllərində cənab Tramp və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Vashinqtonda görüşmüşdülər. ABŞ rəsmiləri habelə işarə etmişdilər ki, onlar Türkiyənin PKK-ya qarşı mübarizəsinə kəşfiyyat əməkdaşlığı ilə dəstək verəcəklər. Lakin Türkiyə belə bir narahatlıq ifadə etmişdi ki, YPG-yə veriləcək silahlar sonunda PKK-nın əlinə düşə bilər.
Kürdlərə verilən hərbi avadanlığa kiçik kalibrli silahlar, pulemyotlar, tikinti avadanlığı və zirehli maşınlar daxildir. Pentaqon bildirib ki, bu avadanlıq məxsusi olaraq Raqqanın zəbt edilməsi məqsədilə verilir. Pentaqonun sözçüsü daha sonra deyib: "Biz partnyorumuz Türkiyənin təhlükəsizlik narahatlığından xəbərdarıq. Biz Türkiyə hökumətinə və xalqına təminat veririk ki, ABŞ, əlavə təhlükəsizlik risklərinin önlənməsinə və NATO müttəfiqimizin müdafiəsinə sadiqdir".
ABŞ-ın kürdləri silahlandırmaq barədə planı uzun müddət müzakirə olunub və Raqqa əməliyyatının sürətləndirilməsi məqsədini güdür. ABŞ rəsmiləri bundan əvvəl demişdilər ki, kürdlərə 120 mm-lik minaatanlar, pulemyorlar, sursat və yüngül zirehli maşınlar verilə bilər. Onlar demişdilər ki, ABŞ kürdlərə yer-göy raketləri verməyəcək. Bundan əvvəl kürdlərə artilleriya silahlarının və yer-göy tipli raketlərin verilməməsini Ankara ABŞ-dan rica etmişdi.
Birləşmiş qərargahlar rəisi Cosef Dunford da daxil, ABŞ-ın vəzifəli rəsmiləri Türkiyə tərəfi ilə görüşlər keçirərək Raqqa hücumunun Ankaraya münasib şəkildə aparılması üçün məsləhətləşmələr aparmışdılar. Türkiyə rəsmiləri Raqqanın alınması əməliyyatında kürdlərin iştirak etməsini istəmədiklərini bildirsələr də, ABŞ Suriya kürdlərinə alternativin olmadığını bildirmşdi.