Ukrayna ordusu terrorçuların iki bazasını məhv etdi Dünya

Ukrayna ordusu terrorçuların iki bazasını məhv etdi

Müdafiə naziri oğlunu antiterror əməliyyatının keçirildiyi ön cəbhəyə göndərib

Ukraynada hökumət qüvvələri terrorçuların iki hərbi bazasını məhv ediblər. UNİAN-ın xəbərinə görə, bunu ötən gün Ali Radada çıxışı zamanı prezidentin səlahiyyətlərini icra edən, parlament sədri Aleksandr Turçinov bəyan edib.
O deyib ki, Ukrayna ordusu keçən gecə ölkənin şərqindəki Kramatorsk şəhərində əməliyyat aparıb və orada terrorçuların bir hərbi bazasını məhv edib. O, ikinci bazanın isə Slavyansk şəhərində məhv edildiyini və şəhərin televiziya qülləsinə nəzarətin də ələ keçirildiyini bildirib. Əraziyə iki helikopter xüsusi təyinatlı göndərilib və teleqüllənin ətrafı 5 kilometr radiusda tam nəzarətə alınıb. Ukrayna xüsusi təyinatlılarının bir döyüşçüsü yüngül yaralanıb. Terrorçular müqavimət göstərsələr də davam gətirməyərək pərən-pərən olublar.
Rusiya XİN isə rəsmi Kiyevi rus separatçılara qarşı əməliyyatlarda BMT helikopterlərindən icazəsiz istifadə etməkdə ittiham edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, Kiyevin icazəsiz olaraq üzərində BMT-nin rəmzi olan helikopterlərdən istifadə etməsi yolverilməzdir: "Biz BMT qarşısında məsələni qaldırmışıq. Onlar əmin etdilər ki, BMT Kiyevlə sıx təmasdadır və bizi araşdırmanın nəticələri haqda məlumatlandıracaqlar. BMT texnikasından icazəsiz istifadə ciddi narahatlığa səbəb olur".
Lukaşeviç onu da bildirib ki, Rusiya Kiyevin Krımın su təchizatının dayandırılması qərarını məsuliyyətsiz addım və təhqir kimi qiymətləndirir.
Ukrayna "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk isə özünün "Facebook" səhifəsində yazıb ki, hökumət qüvvələri Kramatorsk yaxınlığında terrorçulara qarşı əməliyyatın yekun mərhələsinə başlayıb. Onun bildirdiyinə görə, hazırda hökumət qüvvələri Kramatorskdan 30 km aralıda yerləşən Starovarvarovka yaşayış məntəqəsində gizlənən terrorçuları mühasirəyə alıb.
Əməliyyata rəhbərlik edən zabitlər terrorçuların zərərsizləşdirilməsi zamanı dinc sakinlər arasında itkilərin olacağından ehtiyat edirlər. Tımçukun yazdığına görə, ukraynalı hərbçilər arasında ölən olmasa da, yaralılar var. Qarşı tərəfdən isə bir neçə nəfərin öldürüldüyü bildirilir.
Xatırladaq ki, ötən gün Slavyansk şəhərinin ətraf rayonlarında da döyüşlər davam edib. Rusiya mətbuatının məlumatına görə, şəhər ətrafındakı yem zavodunun ərazisində də güclü atışma baş verib. Ərazidə artilleriya mərmilərinin partlayış səsləri eşidilib, intensiv atışma gedib.
Bu arada bəlli olub ki, Ukrayna müdafiə nazirinin oğlu antiterror əməliyyatında ön cəbhədə iştirak edir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy öz "Facebook" səhifəsində yazıb ki, müdafiə naziri Mixail Kovalın böyük oğlu Milli Qvardiyanın sıralarında xidmət edir və hazırda antiterror əməliyyatının keçirildiyi Slavyansk şəhəri ətrafındadır. Parubiy bildirib ki, nazirin oğlu Vladimir Koval hazırda Skavyansk ətrafındakı postda dayanıb: "Onun dəstəsi ilk günlərdən antiterror əməliyyatında iştirak edir. Onlar (ata və oğul) burada - ön xətdə görüşdülər. Nazir və əsgər. İkisi də Ukraynanı müdafiə edir".
Maraqlıdır ki, antiterror əməliyyatlarının daha da geniş miqyas alması məhz mayın 14-də Ali Radada birinci Ümumukrayna milli birliyi adlandırılan dəyirmi masanın keçirilməsindən sonraya təsadüf edib. Xatırladaq ki, dəyirmi masada Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov, baş nazir Arseni Yasenyuk, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk və Leonid Kuçma, prezidentliyə namizədlər Sergey Tiqipko, Renat Kuzmin, Yuliya Timoşenko, Ali Radanın deputatları, diplomatlar, din xadimləri və s. iştirak ediblər.
Tədbirə cənubi-şərq təmsilçiləri və Kommunist partiyasının lideri Pyotr Simonenko dəvət edilməyib.
ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Ukraynada ümummilli dialoqun başlanmasını alqışlayıb. ATƏT-in mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Burkhalter milli dialoqun mayın 25-ə nəzərdə tutulmuş prezident seçkiləri ərəfəsində vəziyyətin sabitləşməsinə imkan yaradacağına ümidini ifadə edib. Həmçinin ATƏT Ukrayna hökumətinə öz təcrübə və təşkilati dəstəyi ilə yardım etməyə hazır olduğunu bildirib.
Bu arada məlumat yayılıb ki, naməlum silahlılar Ukrayna DİN polkovniki Yuri Lebedi girov götürüb. Ukrayna Daxili Qoşunlarının mətbuat xidməti bildirib ki, mayın 12-də, axşam saatlarında Şərq operativ-ərazi birliyinin rəisi səlahiyyətlərini icra edən polkovnik Yuri Lebed işdən evə qayıdarkən naməlum silahlılar tərəfindən girov götürülüb.
Hazırda hüquq-mühafizə orqanları əməliyyat-istintaq tədbirləri görür. İnsidentin baş verdiyi yer açıqlanmır.
Belorus isə öz qonşusunun şərq sərhədlərində baş verənlərə biganə qalmayıb. Ukraynanın Minskdəki səfiri Mixail Yejel ilə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynaya maneçilik törədilməsə və kömək edilsə, bu, çox nüfuzlu ölkə olacaq: "Bəlkə də kimsə istəmir ki, Ukrayna güclü olsun. Lakin bu, nə mənim, nə də Belarus xalqının mövqeyidir".
Lukaşenko hazırda Ukraynada baş verən proseslərin tezliklə bitməsini arzuladığını bildirib: "Biz istəyirik ki, Ukrayna vahid dövlət kimi inkişaf etsin, bizim Ukrayna olsun. Heç vaxt təsəvvür belə etmirik ki, Ukrayna Belarus əleyhinə hansısa mövqe tutsun. Ukraynanı hansısa bloklara çəkmək, onun ərazisinə istər bu, istər də o tərəfdən hansısa qoşun yeritmək lazım deyil".