İranla BMT rəhbəri kürdlərin referendumuna qarşı çıxır Dünya

İranla BMT rəhbəri kürdlərin referendumuna qarşı çıxır

Kürd liderlərin İraqın şimalında müstəqillik referendumu keçirmək planlarına təzyiq yüksəlir. BMT rəhbəri və İran liderləri də bu addıma qarşı çıxıblar. BMT-nin baş katibi Antonio Guterres sentyabrın 17-də xəbərdarlıq edib ki, sentyabrın 25-nə planlaşdırılan referendum "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasıyla mübarizədən və ekstremistlərdən alınan şəhərlərin bərpasından diqqəti yayındırar.
"Baş katib İraqın suverenliyi, ərazi bütövlüyü və birliyinə sayqıyla yanaşır və hesab edir ki, federal hökumətlə Kürdüstan Regional Hökuməti arasında bütün vacib məsələlər dialoq və konstruktiv kompromis yoluyla həll olunmalıdır", – BMT-nin sözçüsü Stepan Dujaric bəyanatında deyib. "Baş katib İraq liderlərini məsələyə səbir və təmkinlə yanaşmağa çağırır", – o söyləyib.
İraqın muxtar Kürdüstan regionunda və bəzi ətraf ərazilərdə qanunvericilər müstəqillik referendumu planını təsdiqləyiblər. Bağdaddakı mərkəzi hakimiyyət hüquqi qüvvəsi olmayan bu referenduma qarşı çıxır. Böyük kürd azlıqları yaşayan qonşu Türkiyə və İran da referendumun əleyhinədir. Qərb ölkələri isə bu səsvermənin ölkədə yeni gərginlik yaradacağından narahatlıq dilə gətiriblər.
İran sentyabrın 17-də xəbərdarlıq edib ki, İraq Kürdüstanı müstəqillik qazanarsa, bu, Tehranla regional hökumət arasındakı mövcud sərhəd və təhlükəsizlik razılaşmalarının sonu demək olar. "Sərhəd razılaşmaları İraqın mərkəzi hökumətiylə əldə olunub, Kürdüstan regionunun mərkəzi hökumətdən ayrılması bütün birgə sərhəd məntəqələrinin bağlanması demək olar", – İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani IRIB dövlət televiziyasına müsahibəsində deyib. "Kürdüstan regionunun İraq ərazisindən ayrılması İranla bu region arasında təhlükəsizlik və hərbi razılaşmaların sonu demək olar", – o vurğulayıb.
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bu həftə İraqın baş naziri Heydər əl-Abadi ilə BMT-də görüşəcəyini və referendumla bağlı narahatlığı müzakirə edəcəyini deyib. "Məqsədimiz İraqı parçalamaq deyil", – Ərdoğan sentyabrın 17-də Nyu-Yorka yola düşməzdən öncə jurnalistlərə söyləyib.
Abadi isə sentyabrın 16-da vurğulayıb ki, səsvermə planlaşdıran kürd liderləri "odla oynayırlar" və referendum nəticəsində zorakılıq yaranarsa, Bağdad müdaxilə etməyə hazırdır. Sentyabrın 17-də İraqın vitse-prezidenti Nuri əl-Maliki referendumu dəstəkləyənlərə xəbərdarlıq edib ki, "bu addım İraqın suverenliyi və birliyinə təhlükəli fəsadlar törədə bilər".