Rusiya həyəcan içində: hər gün onlarla bina boşaldılır... Dünya

Rusiya həyəcan içində: hər gün onlarla bina boşaldılır...

Rusiyada terror təhlükəsi realdır. Buna görə də Rusiyanın güc strukturları, xüsusi xidmət orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu sözləri politoloq Qabil Hüseynli son günlər Rusiyada anonim zənglərlə bomba xəbərdarlığının çoxalmasına münasibət bildirərkən deyib. O bildirib ki, buna əsas səbəb Rusiyanın Suriyadakı mövqeyidir:"Rusiyanın Suriyada İŞİD-ə, mülki əhaliyə qarşı hərəkətləri ciddi etirazlara səbəb olur. Baş verən hadisələr də bundan qaynaqlanır. Hətta bir müddət əvvəl Rusiyanın Hələb şəhərini bombardman etməsi zamanı xeyli sayda mülki əhali həlak olmuşdu. Bu zaman ABŞ rəsmiləri Rusiyaya "vaxt gələcək burada əzab içində mübarizə aparan insanlar üzlərini siz tərəfə çevirəcəklər, terror sizi də öz ağuşuna alacaq" deyə bildirmişdilər. Həmin vaxt Rusiya bunu İŞİD-in ABŞ tərəfindən idarə edilməsi kimi qiymətləndirdi".
Q.Hüseynli qeyd edib ki, baş verən hadisələr məğlub olan İŞİD-in son çırpıntılarıdır:"İlk olaraq İŞİD-in tör-töküntüləri Avropada müxtəlif terror hərəkətləri törətməyə başladı. Bu terrorçu qruplar paralel olaraq, həm də Rusiyanı hədəf alıblar. Doğrudur, Rusiya hökuməti hər hansı terror hərəkətinə qarşı ayıq-sayıq davranır və bir çox terrorçuları zərərsizləşdirir. Ancaq onların hamısının zərərsizləşdirilməsi üçün müəyyən vaxt lazım olacaq. Çünki bu terrorçuların çoxu Rusiya vətəndaşlarıdır, Çeçenistandan, Şimali Qafqaz bölgələrindən və köhnə sovet məkanına daxil olan ölkələrdən (Özbəkistan, Tacikistan və s.) İŞİD-ə qoşulan və geri qayıdan şəxslərdir. Hazırda həmin şəxslər Rusiya ərazilərinə işçi miqrant kimi daxil olur və daha sonra İŞİD-in hələ də mövcud olan komandanlığından aldıqları tapşırıqları yerinə yetirirlər. Hətta Orta Asiya respublikaları ilə Rusiya sərhədi yaxşı qorunmadığı üçün həmin şəxslər bu ərazilərdən Rusiyaya partlayıcı maddələr də keçirə bilirlər. Son 10 gün ərzində iki dəfə bu partlayıcı maddələrin iştirakı ilə terror hərəkətləri törətmək istəyən Özbəkistan və Tacikistan vətəndaşları ələ keçirələrək həbs edilib".
Politoloq vurğulayıb ki, hazırda dünyanın müxtəlif ərazilərinə məğlub olmuş İŞİD-çilər səpələnib:"Onların əsas hədəf aldıqları ölkələr sırasında Rusiya və Avropanın bəzi ölkələri (İngiltərə və Fransa) yer alır. Rusiyaya qarşı İŞİD tör-töküntülərinin kini daha böyükdür. Çünki Suriyadakı hərbi əməliyyatlarda ən çox fəallıq göstərən Rusiyadır. Rusiyada hər hansı terror aktının törədilməsi üçün dayanmadan hazırlıqlar gedir. Buna görə də ölkə ərazisində gecə-gündüz axtarışlar aparılır. Ölkədə bu vəziyyəti həm profilaktik tədbirlərlə, həm də cavab tədbirləri ilə neytrallaşdırmağa çalışırlar. Bu tip tədbirlərin görülməsinə baxmayaraq, yenə də bomba xəbərdarlığı ilə bağlı zənglərin sayı durmadan artır. Bu tip zənglər əhalinin çox olduğu ərazilərə, ticarət şəbəkələrinə, aeroportlara daha çox edilir. Buna görə də hazırda Rusiya bu məsələ ilə bağlı həyəcan içindədir. Çünki hər hansı terror aktınını törədilməsi zamanı əhalinin təxliyə edilməsi, sığınacaqlara aparılması xeyli məsrəf və vaxt tələb edir".
Qeyd edək ki, son bir neçə gündə Moskvada ardıcıl anonim zənglərlə bomba qoyulduğu xəbəri verilir və insanlar təxliyə edilir. Rusiyada təkcə dünən anonim zənglər nəticəsində 152 obyektdən 100 min adam təxliyə edilib.