Senatorlar Ağ Evi Rusiyaya qarşı sanksiyaları ləngitməkdə ittiham edirlər Dünya

Senatorlar Ağ Evi Rusiyaya qarşı sanksiyaları ləngitməkdə ittiham edirlər

ABŞ-ın iki aparıcı senatoru prezident Donald Trampın administrasiyasını Rusiya üzərinə yeni sanksiyalar nəzərdə tutan qanunun qüvvəyə mindırilməsini uzatmaqda ittiham edib. Senatorlar bildiriblər ki, Ağ Ev özünün müdafiə və kəşfiyyat sektorlarına dair informasiyanı hələ də təqdim etməyib. Oktyabrın 11-də dərc edilmiş məktubda demokrat Ben Kardin və respublikaçı Con Makkayn Ağ Evi Trampın avqustun 2-də könülsüz şəkildə imzaladığı qanunu tətbiq etmədiyinə görə tənqid edirlər.
"Amerikanın Rəqiblərinin Sanksiyalarla Dəf Edilməsinə dair" qanun (The Countering America`s Adversaries Through Sanctions Act) Konqresdə böyük səs çoxluğu ilə qəbul edilib. Bu qanun Rusiya üzərindəki mövcud sanksiyaları möhkəmlətməklə yanaşı, Tramp administrasiyasının bu sanksiyaların qaldırılması üçün Konqresdən icazə almasını tələb edir. Qanun habelə oktyabrın 1-dək administrasiyanı potensial sanksiyalara düşəcək Rusiya kəşfiyyat və müdafiə sektoru fərd və vahidlərinin "müəyyənləşdirilməsinə dair qaydaları" açıqlamağa təhkim edir.
Buna baxmayaraq oktyabrın 11-ə olan məlumata görə Ağ Ev və ya icra agentlikləri bu məsələyə dair heç bir sənəd açıqlamayıblar. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Makkayn və Xarici Əlaqələr Komitəsinin vəzifəli demokrat üzvü Kardin Ağ Evin bu "astagəlliyini" tənqid edirlər. Məktubda deyilir: "Bu ləngitmə iki ay bundan əvvəl imzalanmış sanksiyalar qanununa Tramp administrasiyasının sadiqliyi məsələsində sual yaradır…Onların bunu etmək üçün kifayət qədər vaxtları vardı".
Məktubda bu da qeyd olunur ki, qanunun ləngidilməsi bir yana, administrasiyanın, Moskva üzərinə təzyiqlərin artırılması üçün Avropa müttəfiqləri ilə əhəmiyyətli diplomatik danıqşlar apardığı görünmür. Halbuki Konqresin bu qanuna münasibəti onun hər iki partiyadan olan səslərin çoxluğu ilə qəbul edilməsindən bəllidir. "AzadlıqRadiosu" bildirir ki, bu məktuba Ağ Evdən hələki reaksiya verilməyib.
ABŞ prezidenti Rusiyaya münasibətdə daha barışdırıcı mövqe tutmaq istəsə də, Moskvanın ötənilki ABŞ-da seçkilərə müdaxilə etdiyinə dair iddialar belə bir mövqenin tutulmasına maneçilik törədib. Hazırda Konqresin azı üç komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsi məsələsini araşdırır. Bundan başqa məsələnin cinayət təhqiqatı üçün Ədliyyə Nazirliyi tərəfindən xüsusi prokuror postu təsis edilib.