Putin yeni imperiyanı sabah elan edəcək Dünya

Putin yeni imperiyanı sabah elan edəcək

Astananın Müstəqillik Sarayında Avrasiya müstəmləkəçiliyinin təməli qoyulacaq

Cavid

Mayın 29-da Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılması haqqında saziş imzalanacaq. Sazişi Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko imzalayacaqlar.
Qazaxıstanın Müstəqillik Sarayında keçiriləcək tədbirdə Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edəcəklər. Öncə prezidentlər məhdud çərçivədə, daha sonra isə geniş tərkibdə görüş keçirəcəklər. AİB-in yaradılması haqqında saziş imzalandıqdan sonra mətbuat üçün brifinq olacaq.
Rusiyanın nəzarətində olan Gömrük İttifaqı əsasında yaradılacaq AİB Rusiya prezidenti Putinin Avrasiya Birliyi ideyasının iqtisadi bazasını təşkil edir. Ekspertlər Putinin bu ideyasına Rusiyanın keçmiş nüfuz dairəsini bərpa etmək, postsovet məkanında yeni "SSRİ" yaratmaq - keçmiş Sovet İttifaqını, heç olmasa, məhdud dairədə "xortlatmaq" cəhdi kimi dəyərləndirirlər.
Keçmiş Sovet İttifaqı ərazisində geniş inteqrasiyanı nəzərdə tutan razılaşma xidmət, ticarət və pul dövriyyəsini təmin edəcək. Üç ölkənin meydana gətirdiyi "Gömrük İttifaqı"na daxil olmaq istəyən Ermənistan prezidenti Serj Sarkisyan və Qırğızıstan prezidenti Almazbek Atambayev də Astanada olacaq.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin yaradılması ilə əlaqədar razılaşmanın imzalanacağını təsdiq edən Rusiya baş naziri Dmitri Medvedev bunun Rusiya, Belarus və Qazaxıstanın makroekonomik tarazlığına əpəmiyyətli dərəcədə təsir edəcəyini bildirib.
Birliyə daxil olan üç ölkə üçün iqtisadi baxımdan yeni fürsətlərin ortaya çıxacağına toxunan Medvedev bildirib ki, qarşılıqlı ticarətdə bütün maneələr aradan qalxaraq bərabər rəqabət yaranacaq: "Makroekonomik sabitlik artacaq. Bu da inteqrasiya potensialının daha yaxşı şəkildə iqtisadiyyat üçün istifadə ediləcəyinə şərait yaradacaq".
Düzdür, ötən həftə Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvanın SSRİ-ni bərpa edəcəyi ilə bağlı səslənən məlumatlara reaksiyasında demişdi ki, bu iddialar əsassızdır və informasiya müharibəsinin tərkib hissəsidir. Onun sözlərinə görə, Rusiya heç də postsovet məkanını öz təsiri altına almaq niyyətində deyil. Putin qeyd edib ki, bəzi dairələr bilərəkdən Rusiyanın guya SSRİ-ni bərpa edəcəyi ilə bağlı məlumatlar yayır. Putin Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı imzalanacaq sənəddə heç bir imperiya ambisiyalarının olmadığını vurğulayıb. Ancaq görünən budur ki, Putin Kremlin layihəsi olan Avrasiya İttifaqının yaradılmasını, faktiki olaraq SSRİ-nin bərpasını 2015-ci ilin ilk aylarınadək başa çatdırmağa tələsir.
Bu arada Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın hansı qərar verəcəyi məlum deyil. Bir müddət öncə Nazarbayev Dağlıq Qarabağın ittifaqa qoşulmasını mümkünsüz saymışdı. Kremlin millətçi ideoloqlarından biri hesab olunan, Beynəlxalq Avrasiya Hərəkatının lideri, imperiyapərəst politoloq Aleksandr Duqin isə Ermənistanın 1in.am saytına müsahibəsində Azərbaycanla yanaşı İrəvanı da hədələyib. O, Ermənistanın Gömrük İttifaqına üzvlüyü perspektivindən söz açarkən, Dağlıq Qarabağı bu ölkənin ərazisi kimi xarakterizə edib. Duqinin sözlərinə görə, Qarabağla Ermənistan arasında sərhəd məntəqəsinin qoyulmasının tərəfdarı olanlar və bu fikri səsləndirənlər Ermənistanın Gömrük İttifaqına üzvlüyünə mane olmaq istəyənlərdir.
Qeyd edək ki, Ermənistan rəhbərliyində Qarabağla sərhəddə gömrük məntəqələrinin quraşdırılması barədə müzakirələr getdiyi bildirilir.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Putinin imperiyapərəst ambisiyalarında bütün indlarına baxmayaraq, qurumun perspektivinə inanmır: "Bu yaxınlarda Lukaşenko demişdi ki, Avrasiya İttifaqının yaradılmasına 10 il sonra başlamaq lazımdır, indi olduqca tezdir. Putin sözsüz ki, Avrasiya İttifaqının yaranmasından yalnız və yalnız təbliğat, piar baxımından bəhrələnəcək. Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində liderliyini qabartmaq üçün Putin bunlardan yararlanacaq və göstərəcək ki, Rusiya Qazaxıstana, Belorusa bərabər ölkə deyil, liderdir və Moskva artıq bu prosesi başlayır. Amma əslində hələlik Rusiyanın yaratdığı heç bir ittifaq işləmir. Mən 1999-cu ilədək MDB-nin 5-6 sammitində, Minskdəki qərargahındakı toplantısında iştirak etmişəm. Daim təəccüb edirdim ki, bu, nə saxta bir şeydir, ortalıqda heç bir şey yoxdur. Ölkə prezidentləri çıxış edəndən sonra çay, qəhvə, nahar olurdu və hərə ürəyi istədiyini deyirdi və heç bir ümumi müqavilə imzalanmırdı".
V.Quluzadə Astanada müqavilənin imzalanacağı barədə məlumata da reaksiya verdi: "Müqavilə məsələsi çox müəmmalıdır. Bir çox müqavilələr deklarasiya xarakteri daşıyır, amma dünyaya və xalqlara real müqavilə kimi təqdim olunur. Məsələn, guya Çinlə qaz haqqında müqavilə imzalanıb. Amma əslində bu, müqavilə yox, niyyətlər protokoludur".
Keçmiş müşavir SSRİ-nin yaradılması zamanı imzalanan müqavilələrlə və o zamankı situasiya ilə indikini eyniləşdirməyin əleyhinədir: "SSRİ dövründə vəziyyət tamam başqa idi. O vaxt regionda bircə oyunçu var idi - SSRİ, başqası yox idi. İndi baxın, görün regionda Rusiyadan başqa nə qədər oyunçu var? Xüsusilə də Türkiyə və İran faktoru var. Region ölkələrinin hamısı bu iki ölkə ilə güclü surətdə əməkdaşlıq edir. Üstəlik, regionda ABŞ, Avropa, eyni zamanda Çin amili var. Vaxtilə SSRİ hegemon idi, nə istəyirdi, edirdi. Amma indi vəziyyət başqa olduğuna görə Rusiyanın heç bir ittifaqı baş tutmur. MDB baş tutmadı, KTMT layihəsi də alınmadı".
Bununla belə siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, Avrasiya İttifaqının yaradılması Rusiya imperiyasının bərpasına zəmin yaradılmasına xidmət edir. Belə ki, iqtisadi sahədə dövlətüstü qurumların yaradılması avtomatik olaraq siyasi sahədə də analoji addımların atılmasına və bu quruma üzv olacaq ölkələrin yenidən Rusiyanın əsarəti altına düşməsinə yol açacaq. Məsələyə münasibət bildirən məşhur politoloq Zbiqnev Bjezinski də öz növbəsində Avrasiya İttifaqına üzv olmağa hazırlaşan dövlətlərə xəbərdarlıq edərək bildirib ki, yaradılacaq yeni qurum Rusiya imperiyasının bərpası üçün zəmin hazırlayacaq: "Kreml bu məqsədlə quruma üzv olacaq ölkələrə qarşı müxtəlif təzyiq vasitələrini işə salmaqdan, hətta hərbi güc tətbiq etməkdən belə çəkinməyəcək".
Xatırladaq ki, bir vaxtlar SSRİ yaradılarkən də öncə iqtisadi birlik ideyası ortaya atılmış, onun ardınca da SSRİ yaradılmışdı. Yəni bu sahədə Rusiya artıq kifayət qədər təcrübəyə malikdir. Siyasi müşahidəçilər bununla bağlı Rusiyanın Krımı "referendum" adı altında ilhaq etdiyinə diqqəti cəlb edərək, Kremlin lazım gələcəyi halda Avrasiya İttifaqına üzv olacaq ölkələrə münasibətdə da analoji kartı işə salacağını istisna etmirlər. Bu baxımdan Nazarabyevin yeni yaradılacaq quruma olan ümidlərinin boşa çıxa biləcəyi istisna edilmir.
Ekspert Gülnarə İnancın fikrincə, Putin yeni prezidentlik dövründəki siyasətini Rusiyanın Avrasiya məkanında təsirinin güclənməsinə yönəldib. Rusiya prezidentinin mətbuat katibi Peskovun Putinin yeni prezidentlik dövründə prioritetlərindən birinin də Avrasiya İqtisadi Birliyi olması barədə açıqlaması bunun təsdiqidir.
Qeyd edək ki, Rusiya prezidenti qısa zamanda Avrasiya İqtisadi məkanı layihəsini Avrasiya İqtisadi Birliyinə (AİB) çevirdi: "Bu coğrafiyada Rusiyanın təsirini azaltmaq üçün Türkiyəyə dəstək verən Vaşinqton bu prosesdə Moskvanın imperiya maraqlarına qarşı təhlükə yaradır. Rusiyanın təsiri altında olan Belorus və Qazaxstanın AİB-ə qoşulmasının bir çox səbəbləri var. Məsələn, böyük əraziyə və iqtsadi potensiala malik olan Qazaxstanın insan potensialı azdır. İkinci, qonşuluqda yerləşən Çin kimi güclü və böyük işçi qüvvəsinə malik bir dövlətin iqtisadi və siyasi təsir altına düşmək təhlükəsi mövcuddur. Digər tərəfdən isə bu quruma qoşulmaqla Qazaxstan Qərbin hazırladığı hər cür siyasi dəyişikliklərdən özünü qorumağa çalışır. Bundan əlavə, Qazaxstan dövlətçiliyini və güvənliyini Əfqanıstandan gələn talibançıların və Qərbin təsiri altında olan radikal İslam qruplaşmalarının ölkəyə təhlükə yaratmaq cəhdlərindən qorumağa çalışır.
Türkiyənin Qazaxstanda möhkəmlənmək istəyinin qarşısını almaq istəyən Rusiya Astana ilə əməkdaşlıq formatında öz maraqlarını təmin etməyə çalışır. AB-dən kənarda qalan Belarusun Rusiya ilə vahid siyasi və iqtisadi məkanda birləşməsi isə bu ölkənin özünü Qərbdən sığortalaması üçün bir vasitədir. Belarus əslində Kremlə üçün AB və NATO-nu Rusiya sərhədlərinə yaxınlaşmaqdan qoruyan bir platformadır".
Ekspertin fikrincə, Moskvanı AİB-i yaratmaq niyyətinə sövq edən başqa bir səbəb isə Xəzər qazının Qərbə daşınması üçün təklif olunan layihələrin AB tərəfindən dəstəklənməsidir. Uzun müzakirələr nəticəsində TAP layihəsinin təsdiq olunması Avropanın Rusiya qazından asılılığını azaltmaqla yanaşı, Qərbdə Kremlin təsirini və təzyiq vasitələrini də zəiflədəcək. Bu isə Moskvanı müəyyən addımlar ataraq təsir dairəsinin azalmasının qarşısını almağa sövq edir: "AB-nin yaranmasında nəzərə alınmayan detallar son iqtisadi böhranda özünü göstərdi. Böhran dövründə AB çatısından kənarda olan Türkiyə və Azərbaycan iqtisadi potensialını artırdığı halda, bu quruma daxil olan ölkələrdə bunun əksi göz önündədir. Bir dam altında birləşən zaman əhalisi, ərazisi, iqtisadiyyatı və enerji potensialı müxtəlif olan dövlətlər eyni yükü çəkməlidi olurlar və nəticədə daha zəif dövlətlər Yunanıstan kimi, İtaliya kimi ağır böhran şərtləri ilə qarşılaşırlar.