Tramp Qüds qərarını ləğv edə bilərmi? Dünya

Tramp Qüds qərarını ləğv edə bilərmi?

ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Dünyanın böyük dövlətləri, o cümlədən ərəb ölkələri Trampın bu qərarına qarşı çıxıb. Hazırda ABŞ prezidentinin bu qərarını ləğv edib-etməyəcəyi müzakirə olunan məsələlərdəndir.
Trampın Qüds qərarını "Xəbərtürk" qəzetinə şərh edən Yaxın Şərq üzrə siyasi ekspert Karel Valansi və Ərəb ölkələri üzrə ekspert Rəşid Xalidi qərarın qəti və geri dönüşü olmayacağı fikrindədirlər.
Valansi bildirib ki, ABŞ İsrailin bir çox ölkə ilə münasibətlərini yaxşılaşdırdığı bir vaxtda bu qərarı qəbul etməyin asan olacağını düşünürdü, lakin belə olmadı:
"Hazırda ABŞ-ın bu məsələdə tək qaldığını müşahidə edirik. Bir çox ölkə və təşkilat sərt mövqe sərgiləməklə bu qərarın yanlış olduğunu bildirib. Hər nə qədər İsrailə qarşı olsalar da, bir çox ölkənin prioritetləri hələ də fərqlidir.
Fikir verin, Tramp şəhərin və İsrailin suveren ərazisinin sərhədləri məsələsinə toxunmayıb. ABŞ-ın Qüds anlayışı ümumilikdə İsrailin mövqeyi ilə üst-üstə düşsə də, rəsmi Vaşinqton Şərqi Qüdsdə yəhudi suverenliyini qəbul etdiyini bildirməməyə çalışdı".
Ekspert Rəşid Xalidi isə Trampın qərarının İsrailin 1967-ci ildəki işğalının qanuni sayılması demək olduğunu vurğulayıb:
"Tramp acınacaqlı səviyyədə olan sülh planını İsrailin lehinə həll etmək istəyir. O öz qərarları ilə ərəb dünyasını aşağıladı. Ərəb dünyası isə fələstinlilərlə həmfikirdir. Onların bu mövqeyi ABŞ-ın bölgədəki mənafeyinə təsir göstərəcək. Bu vaxta qədər heç bir ölkə Qüdsü paytaxt kimi tanımamışdı. Beynəlxalq hüquq baxımından və Yaxın Şərqdə sülhün təmin olunmasını istəyən hər kəs üçün bu, üzücü bir qərardır".
Karel Valensi sülh danışıqları üçün Fələstin tərəfinə münasib təkliflə getməyin vacib olduğunu söyləyib:
"ABŞ Konqresi 1995-ci ildə ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyi nəzərdə tutan qanun layihəsini qəbul edəndə bütövlükdə Qüdsü İsrailin paytaxtı kimi tanımamışdı".
Xalidi bildirib ki, Trampın qərarı Fələstində sülhün təmin olunmasını mümkünsüz hala gətirdi. Onun sözlərinə görə, ABŞ-ın sərgilədiyi mövqe müttəfiqləri ilə münasibətlərini parçalamağa davam edəcək. Ekspert Qüds məsələsində verilmiş qərarın qalıcı olduğunu və ABŞ-ın bundan imtina etməyəcəyini deyib.