“Anti-terror koalisiyasında müəyyən ziddiyyətlər var” Dünya

“Anti-terror koalisiyasında müəyyən ziddiyyətlər var”

Yaxın gələcəkdə Suriyada Bəşər Əsəd hakimiyyətdə olacaq.
Bu sözləri "Baku Netvörk" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Soçidə qəbul edilən Suriya bəyannaməsi bölgə ətrafında gedən hərbi anti-terror əməliyyatlarının məntiqi nəticəsidir:
"Yəni bu bəyannamə Suriyada sülh prosesinə nail olmaq üçün İran, Türkiyə və Rusiya tərəfindən atılan bir addımdır. Fərqli baxışlarına rəğmən Rusiya, Türkiyə və İranın Suriyadakı anti-terror əməliyyatları ilə bağlı mövqeləri hər zaman üst-üstə düşüb. Bu onu sübut edir ki, Suriyada yaradılan nüfuz bölgələrinə Rusiya, Türkiyə və İran nəzarət edir. Belə vəziyyətdə Soçidə qəbul edilən bəyannamə siyasi xarakter daşıyır. Hazırda ən vacib məsələ Suriyanın ərazi bütövlüyüdür. Çünki Suriyadakı bəzi qüvvələr Əsədə qarşı müharibəyə başlayarkən kürdlər Suriyanın parçalanmasını nəzərdən keçirirdi. Suriyadakı kürdlər mərkəzi hökumətdən azad bir bölgə yaradaraq və İraqdakı kürdlərlə birləşərək müstəqil kürd dövləti yaratmaq istəyirlər. Ancaq bu bəyannamə ilə Suriyanın ərazi bütövlüyü təsdiqləndi".
Ekspert son günlər Rusiya və Türkiyə prezidentləri arasında baş tutan telefon danışıqlarına da toxunub:
"Rusiya və İran Əsədin hakimiyyətdə qalmasının, Türkiyə isə bunun əksinin tərəfdarıdır. Bu da göstərir ki, anti-terror koalisiyasında müəyyən ziddiyyətlər var. Bu günlərdə Ərdoğanla Putin arasında tez-tez telefon danışıqları da məhz bu istiqamətdə gedir. Çünki Əsədin gələcəyi və Suriyada hakimiyyətdə kimin olacağı sülh prosesinin əsasını təşkil edir. Soçi bəyannaməsinin əsas müddəalarından biri Suriya xalqının öz müqəddaratını təyin etməsidir. Bu siyasi prosesin gələcəkdə yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Yəni hansısa şəkildə bölgədə ümummilli seçki keçirilməlidir. Türkiyənin Suriyadakı hərbi əməliyyatları bitdikdən sonra siyasi proses daha geniş vüsət alacaq. Bir sözlə, Suriya bəyannaməsi gələcəkdə bu bölgədə atılacaq addımların deklorasiyasıdır. Bu ondan xəbər verir ki, yaxın gələcəkdə Suriyada Bəşər Əsəd hakimiyyətdə olacaq".
Qeyd edək ki, Rusiyanın Soçi şəhərində Suriya böhranının həlli ilə bağlı qəbul edilən bəyannamədə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün toxunulmaz olduğu vurğulanıb.
"Suriya xalqı öz müqəddəratını seçkilər yolu ilə təyin etməlidir", - bəyanatda bildirilib.