“Putin Ərdoğandan S-400 anlaşmasına dair təminat almağa çalışacaq” Dünya

“Putin Ərdoğandan S-400 anlaşmasına dair təminat almağa çalışacaq”

Putinin Türkiyəyə səfərində Ərdoğanla bir çox önəmli məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, səfər əsnasında əsas gündəm Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı olacaq:
"Akkuyu Atom Elektrik Stansiyası böyük bir layihədir və bu layihəyə 20 milyard dollar investisya qoyub. Üstəlik, həmin nüvə mərkəzinin idarə edilməsində "Rosatom" şirkəti də iştirak edib. Rusiya Türkiyənin qaz asılığını azaltmaq və ölkəni yüksək kefiyyətli elektriklə təmin etmək istəyir. Bu, iki ölkə arasındakı əməkdaşlıqda çox vacib bir amildir".
Politoloq Putinlə Ərdoğanın bir sıra iqtisadi məsələlərlə yanaşı, siyasi məsələləri də müzakirə edəcəyini bildirib:
"Əsas diqqət Suriyaya olacaq. Çünki hər iki ölkə Suriyada əməkdaşlıq edir və bu əməkdaşlıq çox uğurludur. Çox güman ki, Suriyanın indiki və gələcək vəziyyəti ilə bağlı mühüm müzakirələr aparılacaq".
E.Şahinoğlu qeyd edib ki, Putin Türkiyədə Ərdoğandan S-400 anlaşmasına dair təminat almağa çalışacaq:
"Ən məsələlərdən biri isə təbii ki, S-400-lərlə bağlıdır. Türkiyə Rusiyadan həmin raketləri almalıdır, artıq müqavilə də imzalanıb. Ancaq ABŞ-dan Türkiyəyə müəyyən təzyiqlər var. Ankara bu təzyiqlərə tab gətirsə də, Rusiya prezidenti Ərdoğandan bu kontraktların gələcək taleyi və Ankaranın mövqeyini öyrənməyə çalışacaq. Amerikanın təzyiqlərinə baxmayaraq, Türkiyə rəsmiləri açıq şəkildə Rusiya ilə S-400 anlaşmasından imtina ertməyəcəklərini bildiriblər".
Qeyd edək ki, növbəti həftə Mersində Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutacaq. Mərasimə Rusiya lideri Vladimir Putin də qatılacaq.